"Baş hakimin fikrincə, qaydanı məhz mən pozmuşdum" MÜSAHİBƏ

12:13 - 23 Sentyabr 2013

Laşa Salukvadze: "Ağrılar hiss edirdim, ona görə də matçın sonunda səhvə yol verdim" 
 
"İnter”in gürcüstanlı müdafiəçisi Laşa Salukvadze klubun rəsmi saytına müsahibə verib.
 
Sportal.az xəbər verir ki, futbolçu müsahibəsində “Bakı” ilə matç (2:2) barədə təəssüratlarını açıqladı, görüşün bəzi mübahisəli epizodları barədə danışdı və digər suallara cavab verdi. Həmin müsahibəni təqdim edirik: 
 
- Laşa, “Bakı” ilə matç kifayət qədər mürəkkəb alındı. Oyun haqqında fikirlərinizi bilmək istərdik.
- Anlayırdıq ki, bizə məğlub olmaq olmaz. Komanda turnir cədvəlində son yerdədir və bu vəziyyət xal toplamağa zərurət yaradırdı. Hakimlik barədə danışmaq istəmirəm, lakin qapımıza 11 metrlik cərimə zərbəsinin və ikinci qolun vurulmasına gətirib çıxaran mübahisəli anlara toxunmaya bilmərəm. Buna baxmayaraq, oyun çox əzmkar alındı. Biz uzun müddət hesabda geridə qaldıq, lakin hesabı bərabərləşdirə bildik. Oyunun sonunda isə önə keçmək üçün şansımız da oldu.
 
- İkinci buraxılmış qolla bağlı epizod, həqiqətən də birmənalı deyildi. Yan xətt hakimi rəqibin qaydanı pozduğunu göstərdi, lakin matçın baş hakimi topu “Bakı”ya verdi və qaydanın siz tərəfdən pozulduğunu göstərdi...
- Bəli, məhz belə oldu. Yan xətt hakimi mənə qarşı qaydanın pozulduğunu görərək bayrağı qaldırmışdı, amma həmin epizoda yan xətt hakimindən daha uzaq olan baş hakim bunun əksini göstərdi. Onun fikrincə, qaydanı məhz mən pozmuşdum. Yan xətt hakimi həmin epizodu daha yaxşı görmüşdü və baş hakimin nəyə görə başqa qərar qəbul etməsi mənə aydın deyil. Mən sonadək anlamadım, niyə referi məhz belə addım atdı.
 
- Yeri gəlmişkən, bu, sizin ilk turda aldığınız zədədən sonra ilk oyununuz idi. Meydana qayıtmaq çətin olmadı?
- Etiraf edim ki, çətin idi. Mən hələ sonadək formamı  yığmamışam. Oyunun gedişində müəyyən ağrılar hiss edirdim və məhz buna görə də matçın sonunda səhvə yol verdim. Ancaq inanıram ki, növbəti oyunlarda özümü daha yaxşı hiss edəcəyəm və komandaya kömək edə biləcəyəm.
 
- “Bakı” ilə matçda “İnter”in baş məşqçisi Kaxaber Sxadadze özündə üç mərkəz müdafiəçisini ehtiva edən taktiki düzülüşü seçmişdi. Bu sxemə uyğun davranmaq necə idi?
- Bir qədər qeyri-adi idi, axı biz bir-birimizi yüz faiz tanımırıq, ancaq hesab edirəm ki, növbəti oyunlarda qarşılıqlı anlaşma daha yaxşı olacaq. Baş məşqçi necə oynamağı daha yaxşı bilir. O, belə oynamağın zəruri olduğunu hesab edirsə, deməli, belə taktiki sxem bizə daha çox fayda verəcək.
 
- Mövsümün startı “İnter” üçün çox uğursuz alındı. Komanda çətin vəziyyətdən çıxmağı və turnir cədvəlinin yuxarısında öz yerini tapmağı bacaracaqmı?
- Biz bu vəziyyətdən mütləq çıxacağıq. “İnter” həmişə yüksək yerlər uğrunda mübarizə aparır və irəlidə belə də olacaq. Sadəcə futbol elədir ki, belə uğursuzluq seriyaları olur və heç kim bundan sığortalanmamışdır. Komandamız mütləq özünü tapacaq və azarkeşlərini sevindirəcək.  

Xəbər xətti