IX "Sabahın ulduzları" paytaxt çempionatı başladı

14:33 - 26 Sentyabr 2013

Oyunlar "Şəfa" stadionunda keçirilir
 
Bakı Futbol Federasiyasının iki yaş qrupu üzrə təşkil etdiyi IХ “Sabahın ulduzları” paytaxt çempionatı 24 komandanın iştirakı ilə start götürüb.
 
Sportal.az "İnter"in rəsmi saytına istinadən xəbər verir ki, turnirdə “İnter” PİK-in 2001-2002-ci il və 2003-2004-cü il təvəllüdlü futbolçulardan ibarət 3 komandası mübarizə aparır. 2003-2004-cü il təvəllüdlü futbolçulardan ibarət komandalar A və B qrupunda yarışacaqlar.
 
BFF-nin Mətbuat Xidmətindən verilən məlumata görə, 2001-2002-ci il təvəllüdlü futbolçulardan ibarət komanda ilk turda “Sumqayıt”la qarşılaşıb və oyun 5:0 hesabıyla “İnter”in xeyrinə başa çatıb. Komandanın heyətində  Ceyhun Nuriyev, Əli Nəzərov, Qafar Novruzov(2) və Miqdar Məmmədov fərqləniblər.
 
2003-2004-cü il təvəllüdlü futbolçuların mübarizə apardığı A qrupunda “İnter” ilk tura qələbəylə başlayıb. Belə ki, komanda  “Qarabağ” FM ilə qarşılaşıb və “İnter” rəqibini 3 cavabsız qolla məğlub edib. Komandanın qələbə qollarını Nihat Fərəcli(2) və Vüsal Qəmbərov vurub. Eyni sözləri B qrupunda mübarizə aparan “İnter ulduzları” haqqında da demək olar. Belə ki, “Buzovna” ilə qarşılaşan komanda rəqibin qapısını 4 dəfə titrətməyə müvəffəq olub. “İnter ulduzları”nın heyətində Əli Tağıyev (2), Əzim Quliyev və Anar Qəniyev fərqləniblər.
 
Xatırladaq ki, oyunlar "Şəfa" stadionunda keçirilir.

Xəbər xətti