Sxadadze: "İnsanın əlindən çörəyini almaq olmaz"

18:00 - 30 Noyabr 2013

"Hücumda oyunumuzun niyə alınmadığını müəyyənləşdirməliyik"
 
"Hücumda oyunumuz alınmadı, ancaq müdafiənin yaxşı intizamlı oyunu sayəsində və əlimizə düşən epizodu qola çevirməklə bu oyunda qalib gəldik. Düzdür, səhvlərimiz çox oldu, lakin futbolçularım var gücləri ilə çıxış etdilər". 
 
Sportal.az xəbər verir ki, bu sözləri "İnter" klubunun baş məşqçisi Kaxaber Sxadadze "Bakı" ilə oyundan sonra keçirilən mətbuat konfransında deyib. 
 
Gürcüstanlı mütəxəssis komandasının xarakter nümayiş etdirdiyini bildirib:
 
"Xarakter göstərdik və 3 xal qazandıq. Komandamı təbrik edirəm, irəliyə baxmalıyıq. “Neftçi” ilə yaxşı hücum futbolu oynadıq, bu gün isə hücumda oyunumuzun niyə alınmadığını müəyyənləşdirməliyik". 
 
Oğlu Baçana Sxadadzenin zədələnməsinə də münasibət bildirən K.Sxadadze futbolçunun beyninin silkələndiyini deyib:
 
"Xahiş edirəm ki, bizim futbolçunu dirsəklə vurduqları epizodu aydınlaşdırsınlar. O, beyin silkələnməsi aldı. Heç vaxt futbolçumdan başqa futbolçunu sındırmasını istəməmişəm, bunu etmək olmaz. İnsanın əlindən çörəyini almaq olmaz. O, bunu öz sağlamlığı ilə qazanır. Ümid edirəm ki, İntizam Komitəsi bunu aydınlaşdıracaq. Bu hadisə mənim futbolçumun, oğlumun başına gəldiyi üçün demirəm. Bu, futboldur, boks deyil".
 

Xəbər xətti