"İnter"in futbolçusu üçün əlamətdar oyun

14:17 - 24 Fevral 2014

Arif Daşdəmirov 100-cü oyununa çıxıb
 
Premyer Liqanın 23-cü turu “İnter”in müdafiəçisi Arif Daşdəmirov üçün əlamətdar olub.
 
Sportal.az xəbər verir ki, “İnter” - “Bakı” qarşılaşması Arif üçün “İnter”in heyətində çempionat oyunlarında keçirdiyi 100-cü oldu.
 
Qeyd edək ki, futbolçu 2010-cu ilin yayından etibarən “İnter” komandasındadır, onun çempionatda komandanın formasında debüt oyunu Tovuz şəhər stadionunda baş tutmuşdu. O zaman Kaxaber Sxadadzenin komandası “Turan”ı 3:0 hesabı ilə məğlub etmiş, Arif də 90 dəqiqə meydanda olmuşdu. Həmin mövsümdə Arif 30 matçda meydançaya çıxmış, növbəti mövsümdəsə 27 oyun keçirmiş, 2012-2013-cü il mövsümündə 25 qarşılaşmada mübarizə aparmış, cari çempionatdasa 18 matçda “İnter”in uğuru üçün mübarizə aparmışdı.
 
Çempionatda keçirdiyi 100 qarşılaşmada müdafiəçi meydançada ümumilikdə 7794 dəqiqə keçirib, 84 dəfə start heyətdə yer alıb, 16 dəfə oyunun gedişində meydana çıxıb. Arif bu oyunlarda 20 sarı kart almış və bir dəfə meydançadan uzaqlaşdırılıb. Bu hadisə 2011-2013-ci il mövsümündə “Sumqayıt”a qarşı keçirilmiş ev oyununda (2:0) baş verib.
Bu matçlarda futbolçu vurduğu iki qolla fərqlənib. Arif ilk qolunu 2011-ci ildə “Sumqayıt-Şəhər”(0:2) komandası ilə keçirilən səfər qarşılaşmasında vurub. İkinci qolu da növbəti mövsümdə “Qəbələ” (2:1) komandasına qarşı keçirilmiş ilk ev qarşılaşmasında qeydə alınıb.
 
Əlavə edək ki, Arif Daşdəmirov Azərbaycan milli komandasına da dəvət edilib və yığmanın heyətində bir oyun keçirib.

Xəbər xətti