Məmmədov: "Kubokda çıxışı dayandırdıqdan sonra komanda tamamilə çempionata köklənib"
Məlum olduğu kimi, Premyer Liqanın 27-ci turu çərçivəsində keçirilən “Qəbələ” - “İnter” matçında "bankirlər" səfərdə yerli komandanı 4:1 hesabıyla məğlub etdi.
Sportal.az xəbər verir ki, tribunadan matçı seyr edənlərdən biri də “İnter”in direktoru Natiq Məmmədov idi. Matçdan sonra o, oyunla bağlı fikirlərini bölüşüb:
"Öncə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etmək istəyirəm. Oyunla əlaqədar isə onu demək istəyirəm ki, bu qarşılaşmada biz əsl “İnter”i gördük. Komanda bu görüşü əla keçirdi və layiqli qələbə qazandı. Kubokda çıxışı dayandırdıqdan sonra komanda tamamilə çempionata köklənib. Bizi mükafatlar uğrunda çətin mübarizə gözləyir və göstərməliyik ki, məhz “İnter” ölkəmizi avrokuboklarda təmsil edəcək komandalardan biri olmağa layiqdi. Komandanın qarşısında qitə miqyaslı yarışda çıxış etmək hüququ verəcək yer tutmaq vəzifəsi dayanır və biz bu məqsədə doğru addımlayacağıq.
Qarşıda bizi 9 tur gözləyir və bu mərhələ, sözsüz ki, ən məsuliyyətli olacaq. Həmin mərhələni daha yaxşı keçməyə və mövsümü yüksək mövqedə yekunlaşdırmağa çalışacağıq".
saytlarin hazirlanmasi