"Biz "Qarabağ"a nəyə qadir olduğumuzu göstərməyə çalışacağıq" MÜSAHİBƏ

14:00 - 5 May 2014

İaşvili: "Etiraf edim ki, bu məsələ barədə tam qərar verməmişəm"
 
"İnter"in gürcüstanlı hücumçusu Aleksandr İaşvili klub saytına müsahibəsində “Sumqayıt”la (2:0) oyun barədə danışıb, “Qarabağ”la qarşıdakı matç haqqında düşüncələrini bölüşüb və digər suallara cavab verib.
 
Sportal.az həmin müsahibəni təqdim edir:
 
- Baxmayaraq ki, “Sumqayıt” turnir cədvəlində aşağı yerlərdən birini tutur, bu komandayla oyun asan olmadı...
- Bəli, “Sumqayıt” turnir cədvəlində aşağı yerlərdən birini tutur, lakin bu vəziyyət onları liqada qalmaq üçün daha səylə mübarizə aparmağa vadar edir. Bu komanda çox yaxşı hücum futbolu oynayır. Belə komandalar adətən müdafiədən oynayırlar, lakin “Sumqayıt” yaxşı mənada istisna təşkil edir. “Sumqayıt” özlərini yaxşı tərəfdən nümayiş etdirməyə çalışan gənc futbolçulardan ibarətdir. Bu matçda bizə çətin oldu, ancaq əsas qələbədi və biz başlıca vəzifəmizi yetirə yetirməyi bacardıq.
 
- Xüsusilə də birinci hissənin əvvəlində çətin oldu, amma sonra “İnter” öz futbolunu göstərməyə başladı...
- Oyunun lap əvvəlində biz topu saxlamağa çalışırdıq, ancaq bunu etmək alınmırdı. Bilirdik ki, qonaqların heyətində əks-hücumlarda çox güclü olan sürətli futbolçular var. Komanda onlara əks-hücumlar üçün imkan yaratmamağa çalışırdı, yəqin buna görə belə təəssürat yaranmışdı.
 
- Bu, sayca ardıcıl 7-ci qələbə oldu. “İnter” mart ayının ortalarından xal itirmir...
- Ən əsası odu ki, biz qələbə qazanmaqda davam edirik və turnir cədvəlində vəziyyətimizi yaxşılaşdırırıq. Axı mövsümün ilk hissəsində turnir cədvəlinin sonuncu yerlərində gedirdik, lakin komanda özündə güc tapdı və xoşagəlməz vəziyyətdən çıxmağı bacardı. Bu, bütün komandanın xidmətidi. Ən başlıcası belə qrafiki saxlamaq və mövsümü yaxşı notlarla başa vurmaqdı.
 
- Qarşıda komandanı səfərdə “Qarabağ”la çətin oyun gözləyir. Bu qarşılaşma barədə nə düşünürsüz?
- Biz bu komandaya son 3 matçda məğlub olmuşuq. Əlbəttə, 4-cü matçda qalib gəlmək istəyirik. Məsələ futbol meydançasında həll olunacaq, biz nəyə qadir olduğumuzu göstərməyə çalışacağıq.
 
- Bu yaxınlarda mətbuatda belə bir məlumat yayıldı ki, mövsüm başa çatdıqdan sonra karyeranızı bitirəcəksiz...
- Etiraf edim ki, bu məsələ barədə tam qərar verməmişəm. Bəli, karyeramı başa vurmaq barədə düşünmüşəm, ancaq bununla bağlı hələ yekun qərar qəbul etməmişəm. Qarşıda bizi daha 3 oyun gözləyir və növbəti oyunlarda komandaya kömək etmək istəyirəm. Hələlik, yalnız bu haqda düşünürəm.
 
- Almaniyada keçirdiyiniz uzun illərdən sonra bu ölkəni tərk etmək çətin deyildi?
- Almaniyada 17 il yaşamışam və çempionatı dəyişmək çətin idi. Bu ölkə dünya futbolunda aparıcı mövqelərdədi. Orada dolu tribunlar qarşısında oynayırsan, matçlara 45 min, Dortmundasa 80 min tamaşaçı gəlir. Lakin Azərbaycana gələndə nə etdiyimi bilirdim və seçim barədə təəssüflənmədim. Etiraf edim ki, Azərbaycanda belə güclü çempionat olduğunu bilmirdim. Burada yaxşı futbolçular oynayırlar və asan oyunlar yoxdu.

Xəbər xətti