"İnter"in futbolçusu Asif Məmmədov klub saytına müsahibəsində istirahəti barədə danışıb, toplanışın gedişi haqqında söhbət açıb və komandanın Avropa Liqasındakı şanslarını dəyərləndirib.
- Mövsümə yaxşı başlamadıq, ancaq yekunu yaxşı dəyərləndirmək olar. Startda bir neçə uğursuz oyunlarımız oldu. Heç kim inanmırdı ki, birinciliyə bu qədər yaxın olacağıq. Bizə göstərilən dəstəyə görə, "İnter"in rəhbərliyinə və azarkeşlərə böyük minnətdarlığımı bildirirəm. Birliyimiz sayəsində 2-ci yeri tutduq.
- Bəs mövsüm ərzində çıxışınızdan razı qaldınız?
- Bu mövsüm keçən illə müqayisədə o qədər də çıxış etmədim. Amma ümumilikdə pis deyildi.
- İki həftəlik istirahətdən sonra komanda yenidən bir araya gəldi və ilk toplanış əsasən fiziki hazırlıqdan ibarətdi. Türkiyə toplanışı barədə nə deyə bilərsiz?
- Hazırlıq plana uyğun gedir, gündə üç dəfə məşq edirik. Bu toplanışda da əsas fiziki hazırlığa güc verilir. Hər şey öz yolundadı.
- Bizim əsas məqsədlərimizdən biri Avropa Liqasının oyunlarına vəsiqə qazanmaqdan ibarətdi. Biz də bunun öhdəsindən gəldik. Bundan sonrakı məqsədimiz öz üzərimizdə işləməklə avrokubok turnirində heç olmasa 3 mərhələdən keçməkdi. Düşünürəm ki, komandamız ölkəmizi layiqincə təmsil edəcək. Hər şey özümüzdən asılıdı.
- Artıq “İnter”in ilk mərhələdəki bütün potensial rəqibləri bilinir. Maraqlıdı, komandanıza hansı ölkədən olan rəqibin düşməsini istərdiz?
- Rəqibin kimliyindən asılı olmayaraq, biz hazır olmalıyıq. Avropa Liqasında asan rəqib yoxdu. Düzdü, komandamızda yeni oyunçular az deyil, amma birliyimiz və əhval-ruhiyyəmiz bizi qələbəyə doğru aparacaq. Buna inanıram.