"Tiraspol"un baş məşqçisi: "İnter"in mərhələ keçmək şansı daha böyükdür"

05:35 - 4 İyul 2014

Vlad Qoyan: "Onlar daha yaxşı oynadılar və 3 qol vurdular"
 
"Ümumi oyuna nəzər salsaq, matçın bərabər səviyyədə keçdiyini düşünürəm. Rəqib səhvlərimizdən yararlandı. Hesab 0:3 olana qədər yaratdığımız təhlükəli vəziyyətləri qola çevirə bilmirdik. "İnter"i qələbə münasibətilə təbrik edirəm. Onlar daha yaxşı oynadılar və 3 qol vurdular. Hansı komanda yaratdığı imkanları qola çevirirsə, o da qələbəyə layiqdir".
 
Sportal.az xəbər verir ki, bu sözləri "Tiraspol" un baş məşqçisi Vlad Qoyan "İnter"lə oyundan sonra bildirib. O, "İnter"in növbəti mərhələyə daha yaxın olduğunu da dilə gətirib:
 
Deməzdim ki, oyun yaxşı getmirdi. Bizim 2-3 yaxşı qol epizodumuz oldu. Buraxılan birinci qola qədər Ademarın yaxşı imkanı olsa da, bundan yararlana bilmədi. Ardından qapımıza penalti təyin olundu. İkinci qol künc zərbəsindən vuruldu. Müdafiədə iki səhv etdik. Əgər buna qədər hesabı açsaydıq, o zaman nəticə başqa cür olardı. Bununla belə, komandamın pis oynadığını deyə bilmərəm. Bir qol səfərdə oynayan komandaya üstünlük verir. 10-cu dəqiqədə 2 top fərqi ilə irəlidə olmaq mütləq üstünlükdür.

Aydın məsələdir ki, "İnter"in mərhələ keçmək şansı daha böyükdür. Ancaq biz hələ heç nə itirməmişik. Səfər matçında oyunumuzu oynamalıyıq və qol vurmalıyıq".

Xəbər xətti