"Neftçi" yenidən böyük komanda kimi çıxış etməldir"
“Neftçi”nin hücumçusu Nikolas Kanalesin müsahibəsini təqdim edirik
- “Qaradağ-Lökbatan”a qarşı baş tutan yoxlama oyununda dubl etdin. Bu qollardan sonra “qara zolaq”dan çıxacağına ümid etmək olar?
- Özünəinam baxımından bu qollar mənə çox lazım idi. İnanıram ki, bundan sonra hər şey qaydasına düşəcək.
- 2 qol vursan da, penaltini qaçırdın...
- Düzdür, şansımı boşa verdim. Amma penaltini yaxşı yerinə yetirdiyimi düşünürəm. Sadəcə olaraq, rəqib qapıçı yaxşı oynadı.
- Ümumiyyətlə, çempionat oyunlarında qol vurmağın üçün nə çatışmır?
- Komanda çox dəyişib. İndiki “Neftçi” bir az sadə formada oynayır.
- Komandanın dəyişdiyini qeyd etdin. Dəyişiklik nə baxımındandı: heyət, yoxsa taktiki?
- Taktiki baxımdan dəyişib komanda. Əvvəl hər oyunda 10 qol epizodu yaradırdıq. Amma indi vəziyyət fərqlidir. Yenidən böyük komanda kimi çıxış etməliyik.
- Azarkeşlər əvvəlki Kanalesi nə zaman görə biləcəklər?
- Mən münəccim deyiləm (gülür). Ona görə də bu suala dəqiq cavab verə bilməyəcəyəm.
- Hər halda, öz durumuna bələdsən. Nə qədər zamana ehtiyac duyduğunu bilirsən.
- Mən məşqlərdə dayanmadan işləyirəm. İnanıram ki, tezliklə hər şey qaydasına düşəcək. “Neftçi” böyük komandadı.
- Bəzən “Neftçi” meydana 1, bəzən də 2 hücumçuyla çıxır. Sənin üçün hücumda tək qararlaşmaq daha rahatdı, yoxsa yanında bir hücumçu olarkən?
- Bunun elə də fərqi yoxdur. Meydana 1, ya da 2 hücumçuyla çıxmağımız mənim üçün əhəmiyyət kəsb etmir. Əsas odur ki, hücumda istədiyim dəstəyi görüm və lazım olan qolları vurum.
- Yenidən Azərbaycana qayıtdın. Əvvəlki ilə müqayisədə futbolumuzda nə dəyişikliklər var?
- Azərbaycan çempionatı daha da güclənib. Səviyyə artıb. Komandaların avrokuboklardakı çıxışları da bunu göstərir. 2 il əvvəl biz Avroliqada tarix yazmışdıq. Bu il isə həmin uğuru “Qarabağ” təkrarladı. Bütün bunlar isə ölkə futbolunun inkişafəının göstəricisidir.
Mənbə: Futbolxeber.az
saytlarin hazirlanmasi