Emin Ağayev Tərlan Əhmədovu necə "zibilə saldı"
İtaliya ilə oyunu hamı böyük həvəslə gözləyirdi. Azərbaycan publikasının qarşısına dünya nəhəngi olan İtaliya yığması çıxacaqdı.
Səhv etmirəmsə, oyunun başlama saatı da Bakı vaxtı ilə 23:00-a təyin olunmuşdu və azarkeşlər gecə saat 1-də evə getməli idilər. Pul-para cəhətdən korluq çəkən o vaxtki AFFA rəhbərliyi bu addımı atmaqla yayımdan əməlli-başlı gəlir götürmüşdü.
Bütün bu hadisələrin fonunda ən çətin durumda olan millinin futbolçuları idi. Azarkeşlər əyləncə axtarırdılar, azərbaycanlı futbolçular isə ulduzlara qarşı oynamalı idilər. O heyətdə daha kimlər yox idi? Del Pyero, İnzagi, Vyeri, Nesta, Kannavaro, Buffon...
Oyunun başlama vaxtında mərkəzi arenada qələbəlik hökm sürürdü, “iynə atsan, yerə düşməzdi”. Matçı izləyənlər arasında o vaxt hələ Milli Olimpiya Komitəsinin prezidenti olan İlham Əliyev də var idi.
İndi həmin kadrları izləyəndə adam inana bilmir ki, bizim elə futbol nümayiş etdirən millimiz var idi. Və nə üçün belə oyunla çox vaxt uduzurdular?
Bizimkilər İtaliya ilə oyuna o qədər istəkli başlamışdılar ki, ard-arda təhlükəli hücumlar təşkil edirdik. Samir Əliyev texnikası, Qurban Qurbanov isə fiziki gücü hesabına adlı-sanlı rəqibin müdafiəsini yarmağa çalışırdı. Emin Quliyev və Rəşad Sadıqov uzaq məsafədən zərbələrə üstünlük verirdi. Azarkeşlər susmaq bilmirdi, fəxri lojada əyləşən İlham Əliyev də yaranan mənzərədən, millimizin nümayiş etdirdiyi oyundan məmnun görünürdü.
Oyunun istədiyimiz kimi getdiyi bir məqamda Emin Ağayevin səhvi hər şeyi alt-üst etdi. Ağayev sol cinahda topu itirdi, mərkəzə göndərilən ötürmənin qarşısını almaq istəyən Tərlan Əhmədov isə avtoqol müəllifi oldu. Növbəti oyunların birində də, kimsə topu onun üstünə vurmuşdu və avtoqol olmuşdu. Bununla da, ona “Avtoqol Tərlan” deməyə başlamışdılar. Amma həmin illəri xatırlasaq, millinin ən yaxşı oyunçularından biri elə Tərlan Əhmədov idi. Çoxları müxtəlif səbəblərdən milliyə gəlməkdən boyun qaçıranda, Tərlan Əhmədov sonuna qədər milli üçün döyüşürdü. Bəlkə də, gənc nəsilə onun avtoqol müəllifi kimi təqdim edilməsinin kökü o vaxtki hadisələrə gedib çıxır.
İtaliya ilə tarixi oyuna gəlincə, ikinci hissədə daha bir qol buraxdıq. Del Pyeronun cərimə zərbəsi qarşısı alınmaz oldu. Məğlub olduq, ancaq heç kim məyus olmadı. Çünki futbolçularımız bacardıqlarını etmişdilər.
Bu gün bizi yenə İtaliya ilə oyun gözləyir. Bu dəfə də nəticə yox, heç olmasa oyun haqqında nəsə danışmağa sözümüz olacaqmı?
Emin ABBASOV
saytlarin hazirlanmasi