Arif Əsədov: "Gənclər püxtələşmək üçün daha çox oyun keçirməlidirlər"

11:55 - 11 Oktyabr 2014

Baş məşqçidən açıqlama

 

“Neftçi”nin baş məşqçisi Arif Əsədov "Bakı" ilə keçirdikləri yoxlama görüşü haqda danışıb.

 

Sportal.az xəbər verir ki, klubun rəsmi saytına danışan Arif Əsədov yoldaşlıq görüşündə əsasən gənc futbolçulara şans verdiyini bildirib:

 

"Hazırlıq çərçivəsində ikinci oyunumuzu “Bakı” klubuna qarşı keçirdik. Milli komandalara çağırılmış futbolçuların yoxluğunda daha çox gənc oyunçuların xidmətindən yararlandıq. “Qaradağ Lökbatan”la oyunda olduğu kimi bu dəfə də daha çox gənclərə üstünlük verdik. Start heyətində əvəzedici komandadan iki futbolçunu meydana buraxdıq. 

 

Sonradan daha 4 gənc oyunçuya şans verdik. Bu futbolçular “Neftçi”nin gələcəyidir və çalışırıq ki, onları əsas komandaya mümkün qədər tez cəlb edək. Gənclər püxtələşmək üçün daha çox oyun keçirməlidirlər. Zamanla onlar da əsas komandanın futbolçuları ilə ayaqlaşacaqlar. İnanıram ki, bu futbolçular yaxın gələcəkdə əsas heyətdə yerlərini möhkəmlədə biləcəklər. Onların simasında ümumilikdə ölkə futbolu da yeni adlar qazana bilər".

Xəbər xətti