Paytaxt təmsilçisində ciddi itkilər
Azərbaycan Premyer Liqasının 8-ci turunda sabah "Sumqayıt"la qarşılaşacaq "Neftçi"nin heyətində bir sıra itkilər var.
Sportal.az xəbər verir ki, Qol.Az saytına açıqlamasında bu barədə komandanın baş məşqçisi Arif Əsədov məlumat verib.
Milli komandamızın heyətindən zədəli dönən Elnur Allahverdiyevin sabahkı oyunda iştirakı sual altındadır. Kapitan Flavinyo isə zədəsini tam sağaltmayıb. Aparıcı futbolçulardan olan Erik Ramos da sabahkı oyunu buraxmalı olacaq. Məşq zamanı zədələnən paraqvaylı yarımmüdafiəçi komandanın dünənki hazırlığında iştirak etməyib.
Bundan əlavə digər yarımmüdafiəçi Julios Vobay da "Sumqayıt"la oyunu buraxacaq. Siera-Lioni millisinə dəvət alan futbolçu sabah Bakıya qayıdacaq.
Qeyd edək ki, "Sumqayıt" - "Neftçi" matçı sabah saat 16:00-da başlayacaq.