İsgəndər Cavadovu Kazbek Tuayevin əli ilə vururlar? YAZI

00:15 - 17 Oktyabr 2014

Cavadov da AFFA-dan getsə, futbolumuzda ümumiyyətlə futbol adamı qalmayacaq

 

Millimizin AÇ-2016-nın seçmə mərhələsindəki biabırçı məğlubiyyətləri futbol ictimaiyyətini dilə gətirib. Futbol adamları arasında ən sərt fikirləri İcraiyyə Komiətsinin üzvü, veteran futbolçu İsgəndər Cavadov səsləndirib.

 

Rövnəq Abdullayevə səslənən İsgəndər bəy bəzi şəxslərin AFFA-dan uzaqlaşdırlımasını istəyib. Cavadov Azərbaycan futbolunda yalnız kommersiya maraqlarının güdüldüyünü də dilə gətirib. Kifayət qədər sərt ittihamlardır və İsgəndər Cavadov özü də anlayırdı ki, bu fikirləri dilə gətirməklə AFFA-dakı çox önəmli şəxsləri qarşısına almış olacaq.

 

Məsələ burasındadır ki, Cavadovun hədəfə aldığı şəxslər ona açıq cavab verə bilmirlər. Çünki heç kimə sirr deyil ki, İcraiyyə Komitəsində yer alanların əksəriyyəti futboldan uzaq adamlardır və onların ölkənin ən tanınmış futbol veteranına cavabı da cəmiyyətdə birmənalı qarşılanmazdı. Ona görə də, ortaya alternativ qüvvə çıxarılıb. Bu, Kazbek Tuayevdir.

 

İsgəndər Cavadovun kifayət qədər cəsarətli çıxışından sonra ona ən böyük dəstək İcraiyyə Komitəsində yer alan digər veteran Kazbek Tuayevdən gəlməli idi. Lakin Tuayev Cavadova dəstək verməkdə həvəsli görünmür. Əvəzində isə Foqtsu millidə saxlamaq niyyətində olan futboldan uzaq adamlara dəstək nümayiş etdirir. Və ən pisi odur ki, bunu ən absurd şəkildə əsaslandırmağa çalışır:

 

“Foqts bizə nəticə qazanacağına dair söz verib. Qoy sözünün üstündə dursun. Niyə ona boş yerə o qədər pul verməliyik ki? Veririksə, qoy qarşılığında da işini görsün. İndi qovulsa, heç nədən əlavə pul ödəməliyik. Nəyə görə? Bəlkə noyabrdakı Norveçlə oyundan sonra nəticə verməyə başlayacaq. Bax buna görə mən İK-nın iclasında onun qalmasına səs verəcəm".

 

Bir ölkənin futbol veteranı belə utopik fikirlər səsləndirirsə, bu futbol necə inkişaf etsin? Kazbek Tuayev deyir ki, Foqts bizə söz verib. Mən də sizdən soruşuram ki, sözünün üstündə durmasa, nə olacaqki? Öldürəcəksiz onu? Yenə pulunu alıb gedəcək də. İkincisi, dünyanın bir çox yığmalarında və böyük klublarında məşqçilərə kifayət qədər böyük təzminat ödəyib, onu tutduğu postdan azad edirlər. Dünyada bir ağıllı sizsiz, qalanları dəlidir? Foqtsa yenə şans vermək futbolumuzu daha 1 il geriyə salmaq deməkdir. Onsuz da 20 il dal düşmüşük, 21-cisinə nə ehtiyac var? Bir də ki, özünüzü gülünc vəziyyətə qoymayın. Foqts üçüncü yeri tutmayacaq, bu balaca uşağa da aydındır.

 

Şəxsən mən düşünürdüm ki, futbol adamları İsgəndər Cavadova dəstək olacaqlar. Indiki durumda İK-da təmsil olunan adamın belə danışması böyük cəsarət tələb eləyir. Bu gün ona dəstək olmaq lazımdır ki. AFFA artıq adamlardan təmizlənsin. Bu gün AFFA-nın vitse-prezidenti vəzifəsində məhz Cavadov kimi futbol adamları əyləşməlidir. Amma bu illər ərzində hər dəfə futbolumuzda gedən proseslərə sərt mövqe göstərən İsgəndər bəy yenə meydanda təkdir. İndiki halda veteranlar da öz sözünü deməlidirlər. Bu söz-söhbətlərdən sonra Cavadov da AFFA-dan getsə, futbolumuzda ümumiyyətlə futbol adamı qalmayacaq.

 

Emin ABBASOV  

Xəbər xətti