Jaba: "Neftçi"nin futbolçuları 700 min, bizimkilər isə 300 manat alır" MÜSAHİBƏ

17:20 - 30 Oktyabr 2014

"Hər şey düzələcək"

 

“Bakı”nın braziliyalı hücumçusu Jaba apasport.az saytına müsahibə verib.

 

Həmin müsahibəni diqqətinizə çatdırırıq:

 

- Topaz Premyer Liqasının X turunda doğma meydanda “Neftçi”yə 1:3 hesabı ilə yenildiniz. Bu haqda fikirlərinizi bilmək istərdik...

- Komandamız çox yaxşı oynayırdı. Sadəcə, ilk hissədə qapımızda top gördük. Düzdü, toparlanıb rəqib komandanın qapısına qol vurduq. Amma “Neftçi” hesabda önə keçdikdən sonra bizdə ruh düşkünlüyü yarandı. Bəxtsizlik amili də məğlubiyyətimizdə əsas rol oynadı. Çünki “Neftçi” “çərçivə”yə cəmi 3 top vurdu ki, bunlar da qolla nəticələndi. Yan xətt hakimi də 10 dəfə oyundankənar vəziyyəti göstərən bayrağını qaldırdı. Bunlardan 2-də haqlı idisə, 8-də haqsız idi.

 

- “Neftçi”ni məğlub etmək olardı?

- “Neftçi”nin heyəti  bizdən güclüdü. Əlimizdən gələni etdik, amma alınmadı.

 

- 2 ildən sonra ölkəmizə qayıtdınız. Çıxış etdiyiniz 2009-2012-ci illərlə müqayisədə çempionatımızda dəyişikliklər var?

- Hər şey dəyişib.  

 

- Dəyişikliklər yaxşıya doğrudu, yoxsa...?

- Pisliyə doğru.

 

- Niyə görə belə düşünürsünüz ki?

- Əvvəl azdan-çoxdan azarkeşlər oyunlara gəlirdi. Lənkərana gedəndə stadion azarkeş əlindən “partlayırdı”. Adam orda oynayanda həzz alırdı. Amma indi stadiona gedirsən, heç kim yoxdu. Əvvəl 6 komanda vardı ki, titul uğrunda mübarizə aparırdı. İndi isə belə şey yoxdu. Yalnız indi “İnter” və “Qarabağ” çempionluğa əsas namizədlərdi.

 

- Amma nəzərə almalısınız ki, sizin vaxtınızda “Neftçi” və “Qarabağ” Avroliqanın qrup mərhələsinə çıxa bilmirdi. İndi isə təmsilçilərimiz qrupda mübarizə aparır...

- Bu 2 komandada struktur yaxşı qurulub. Ona görə də bu 2 komanda belə nəticə qazana bilir.

 

- Deyilənə görə, siz “Bakı”da pulsuz oynayırsınız. Bu necə olan bir işdi?

- Mənə Hafiz müəllimin (“Bakı”nın prezidenti Hafiz Məmmədovu nəzərdə tutur – S.T.) bir kəlməsi bura gəlmək üçün bəs edir. Bura onun komandasına kömək etmək üçün gəlmişəm. Mən heç kimlə pul söhbətini danışmamışam. “Antalyaspor”dan ayrıldıqdan sonra son 2 ili Braziliyada “Araponqas” və “Juventus” klublarında keçirmişəm. Yəni klubsuz qalmamışdım. Sadəcə, klubun prezidenti və vitse-prezidentinə böyük hörmətim var. Komandanın özünə də böyük sevgim var. Ona görə də “Bakı”ya qayıtdım.

 

- “Bakı”nın əvvəlki illərlə müqayisədə uğursuz çıxışı sizi nə vaxtsa bezdirməyəcək?

- Burda 2 oyunda meydanda olmuşam. AZAL-la görüşdə qalib gəldik, yalnız “Neftçi” ilə matçda uduzduq. Belə baxanda, adi bir komandaya yenilməmişik ki? Normal nəticədi. Biz uşaqlarla oynayırıq. Halbuki, bu uşaqlar ayına 300 manat qazanır. Necə “Neftçi”yə qalib gələ bilərik ki, hansı ki bu komandanın oyunçuları ilinə 700-800 min pul alır. Futboldan başa düşən bunu anlayar. Bizdə hamısı gənclərdi.

 

- Gələcəkdə maddi vəziyyətin düzələcəyinə inamınız var?

- Bəli. Mən inanıram ki, hər şey düzələcək. Çünki bu vəziyyət düzəlməsə, klubun axırı yaxşı görünmür. Hər şeyin yaxşısına ümid edirəm.

 

Xəbər xətti