Millimizin baş məşqçisi: "Komandaya yeni futbolçular cəlb olunub" MÜSAHİBƏ

15:10 - 3 Noyabr 2014

Baş məşqçi ilə müsahibə

 

Çimərlik futbolu üzrə Azərbaycan komandasının baş məşqçisi Jose Miguel Mateus affa.az saytına müsahibə verib.

 

Sportal.az sizə həmin müsahibəni təqdim edir:

 

 

- Artıq bir neçə gündür Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışındasınız. Hazırlıq prosesi necə gedir?

- Dubaya yeni mövsümün hazırlığı üçün gəlmişik. İnterkontinental kubokundan əvvəl bir çox milli komanda ilə yoxlama oyunları keçirdik. Yüksək reytinqə malik Rusiya, Birləşmiş Ərəb Əmirlikləri yığmaları və BƏƏ-nin “Əl-Əhli” klubu ilə qarşılaşdıq. “Əl-Əhli” dünyada ən güclü klublardan biri hesab olunur. Dünyanın 3 ən yaxşı futbolçusu – portuqaliyalılar Macer, Benşot və Cordon məhz bu klubda çıxış edirlər. Təlim-məşq toplanışının əsas məqsədi də məhz daha çox oyun keçirmək istəyimizdir. Komandaya yeni futbolçular cəlb olunub. Yoldaşlıq oyunlarında onların nəyə qadir olduqlarını nəzərdən keçirdim.

 

- Futbolçuların hazırlıq səviyyəsi size qane edirmi?

- Son 9 ayda bu futbolçularla birlikdə hazırlıq keçirik. Dünya və Avropa reytinqində yaxşı yerdə qərarlaşmışıq. Moskvada Avropa Liqasında uğurlu çıxış edib Superfinala vəsiqə qazandıq. Superfinalda B divizionda yer alan komandalarla mübarizədə ilk 3 pillədə yer aldıq. Həmçinin Çimərlik Futbolu üzrə Avropa Kuboku – Bakı 2014 ( Europen Beach Soccer Cup - Baku 2014) turnirində iştirak etdik. Nəticə əldə edə bilməsək də, komandam baxımlı oyun nümayiş etdirdi. Avropa Kuboku – Bakı 2014-də A divizionda yer alan komandalarla mübarizə aparırdıq. Seçmə mərhələdə isə 28 komanda arasında 13-cü yeri tutduq. Komandamızın üzvü Sabir Allahquliyev 5 ən məhsuldar futbolçudan biri oldu. Komandanın orta səviyyəyə çatması üçün 1 pillə qalıb. Daha çox inkişaf etmək, reytinqi yüksəltmək üçün geniş seçim imkanı olmalıdır.

 

- Gələn il ilk dəfə təşkil olunacaq Avropa Oyunları ölkəmizdə keçiriləcək. 19 idman növü üzrə təşkil olunacaq Avropa Oyunlarına çimərlik futbolu da daxildir. Komanda həmin məsul yarışa nə dərəcədə hazırdır?

- Bizim üçün çox böyük bir məsuliyyətdir. Həmin yarışda A divizionunda yer alan 7 ən güclü komanda ilə mübarizəı aparacağıq. Bilirik ki, çox çətindir. Hazırda B divizionunda yer alan Azərbaycan yığma komandası öz inkişaf mərhələsini keçir. Söz veririk ki, yaxşı mübarizə aparacağıq. Məqsədimiz azarkeşlərə yaxşı, keyfiyyətli oyun göstərməkdir. Bütün oyunlara qələbə əzmi ilə çıxacağıq.

 

- Hazırda ölkəmizdə çimərik futbolu üzrə çempionat keçirilmir. Bunun üçün nə kimi təklifləriniz var?

- Milli çempionatı səmərəli, effektiv keçirmək üçün layihələrimiz var. Regionlarda və ali təhsil müəssisələri arasında çempionat təşkil etməyi düşünürük. Həmçinin planda U-19 və U-21 liqaları keçirmək də var. Məqsəd odur ki, çimərlik futbolunun daha çox təbliğatını aparaq, yeni futbolçular cəlb edək. Çimərlik futbolunun inkişafını davam etdirmək üçün yeni nəsil yetişməlidir. Avropa oyunlarından sonra çimərlik futboluna olan marağın daha da artacağını düşünürəm. Bunun kütləviliyi üçün məktəblərdə də müvafiq işlər aparmaq lazımdır. Ümid edirəm ki, gələn il baxımlı bir milli çempionat keçiriləcək.

 

- Milli komandanın gələcək planları nədən ibarətdir?

- Yeni mövsümün hazırlıq planı üzərində işləyirik. Fikrimiz var ki, beynəlxalq yarışlarda iştirak edək, yüksək səviyyəli komandalarla yoxlama oyunları keçirək. Bu cür oyunlar futbolçuların inkişafı üçün lazımdır.

 

- AFFA baş məşqçinin planlarına müvafiq qaydada kömək edə bilirmi?

- Bəli, AFFA və Çimərlik Futbolu Federasiyası milli komandanın inkişafı üçün daim bizə dəstək olub. Ötən mövsüm 14 təlim-məşq toplanışı keçmişik. Nə vaxt təlim-məşq toplanışı təşkil etmək istəsək, müsbət yanaşıblar, bizə hər cür şərait yaradıblar. Təbii ki, əsas məsələ ölkə çempionatının təşkili üçün addımların atılmasıdır. Hazırda çimərlik futbolu üzrə 8 komanda var. Həmin komandaların hər birində 10-12 futbolçu olsa, bizim də daha çox seçim imkanımız olar. Təəssüf ki, həmin komandalar müntəzəm məşq etmirlər. Bu sayı daha da artırmaq lazımdır. Artıq hər bir milli komanda bizimlə hesablaşır, hörmətlə yanaşır. Biz öz oyunumuzla bunu bacarmışıq. Bunun məntiqi nətəcisə kimi, bir çox ölkə bizi yoldaşlıq görüşü keçirmək üçün dəvət edir. Hazırda millinin heyətində 18 futbolçu var. İndi daha çox qələbə arzusuyla alışıb-yanmalıyıq, qalib gəlməyi daha çox istəməliyik.

 

- Azərbaycan futbolunun ən yaralı yerlərindən biri son dəqiqələrdə qol burxmaqdır. Bunu çimərlik futboluna da aid etmək olar. Bu çatışmazlığı aradan qaldırmaq istiqamətində hansı işlər görülür?

- Bu daha çox əvəllər belə idi. Oyuna daha yaxşı başlayırdıq, ancaq sonradan sanki “oyundan qopurduq”. Bunun da əsas səbəbi arxayınlıq idi. Komandanı start fitindən sonuncu dəqiqəyədək hazır vəziyyətə gətirmək lazımdır. Həm fiziki, həm də psixoloji cəhətdən. Bu istiqamətdə məşqlərdə uşaqlarla daim söhbət edirəm. Məşqlərdə olan nizam-intizam oyunlarda da öz əksini tapmalıdır. Biz doğru yoldayıq. Gələn il keçiriləcək Avropa oyunlarında, qeyd etdiyim kimi, dünyanın 7 ən güclü komandası iştirak edəcək. Heç bir rəqibdən çəkinmədən layiqli mübarizə aparacağıq. Güman edirəm ki, Avropa oyunlarından sonra Azərbaycan xalqı çimərlik futbolunu daha çox sevəcək. Bu, Azərbaycan çimərlik futbolu üçün böyük bir təbliğat olacaq.

Xəbər xətti