Böyükağa Hacıyev: "Qarabağ" mən yazdığım tarixə bir əlavə etdi" MÜSAHİBƏ

17:15 - 4 Noyabr 2014

"Mənim onun işinə müdaxilə etmək fikrim yoxdur"

 

"Neftçi" klubunun sabiq baş məşqçisi Böyükağa Hacıyev  Qol.Az saytına müsahibəsində Premyer Liqamızın gedişatından, milli komandamızdan, "Qarabağ"ın Avropa Liqasındakı çıxışından və digər məsələlərdən danışıb.

 

- Böyükağa müəllim, hazırda nə işlə məşğulsunuz?

- Hazırda kursdayam. UEFA-nın Pro kateqoriyalı məşqçi kursunun ikinci mərhələsinin dərslərində iştirak edirəm. Anar Şıxəliyevin rəhbərliyi altında yeni biliklərə yiyələnirik. Çalışacam  ki, 56 yaşımda savadımı artırım (gülür).

 

- Premyer Liqamızın oyunlarını izləyirsiniz?

- Bəli, mümkün qədər hər bir oyuna baxıram.

 

- Geridə qalan turlar haqda nə deyə bilərsiniz?

- Çempionatımız 1-2 il bundan əvvəlki ilə müqayisədə xeyli zəifləyib.

 

-Bunun səbəbini nədə görürsünüz?

- Komandaların oyun tərzində. Qalan hər şey öz yerindədir. Komandalar hamısı yaxşı mübarizə aparır. Çalışırlar ki, oyunlar maraqlı olsun. Komandaların oyun səviyyəsi aşağı düşməsə, daha baxımlı, gərgin matçların şahidi olardıq.  Həmişəki kimi yenə eyni komandalar liderlər qrupundadır. Yaxın keçmişə nəzər salsaq, görərik ki, hər zaman "Qarabağ", "Neftçi" və "İnter"  ilk "üçlük"də qərarlaşıb. Buna görə də gözlənilməz heç nə yoxdur. Hansısa bir autsayder komanda  liderliyə yüksəlsəydi, nədənsə danışardıq.

 

- Sabiq komandanız "Neftçi" necə təsir bağışlayır?

- "Neftçi" köhnə "Neftçi"dir. Bizim yığdığımız heyətlə mübarizə aparır. Komandanın bütün futbolçuları oynamağı bacarır. Bu gün "Neftçi" çempionatın potensial lideridir. Yəni lider "Qarabağ"dan bir xal geri qalır.

 

- Arif Əsədov "Neftçi"də hücum futboluna üstünlük vermədiyi üçün bir müddət tənqid olundu.

- Hər bir məşqçinin öz oyun fəlsəfəsi var. Arif Əsədovun da oyun taktikası yəqin belədir. Mənim onun işinə müdaxilə etmək fikrim yoxdur. O öz işini hamıdan yaxşı bilir. Gəlin, Arif Əsədova uğurlar arzu edək. Məşqçi heç vaxt həmkarının işinə qarışmamalıdır.

 

- Bu yaxınlarda "Neftçi"nin futbolçusu Araz Abdullayev intizamsız hərəkəti ilə yadda qaldı. Baş məşqçi Arif Əsədova hörmətsizlik edən futbolçu bir neçə günlük əvəzedici heyətə göndərildi. Siz "Neftçi"də çalışan dövrdə belə hallar baş verirdi?

- Hər bir evdə söz-söhbət ola bilər. Görürsən ki, dörd nəfərlik ailədə kiminsə sözü digəri ilə üst-üstə düşmür. Ata ilə övlad arasında da belə hallar baş verir. Nə qədər ki, insanlar var, orda səhvlər, qalmaqallar olacaq. Buna təbii hal kimi baxın.

 

- Futbolçunun baş məşqçiyə hötmətsizlik etməsinə təbii hal kimi baxmaq olar?

- Bəli, ola bilər ki, futbolçu əsəbi vəziyyətdə olsun.  Baş məşqçilər də hərdən əsəblərinə hakim ola bilmir. Ancaq futbolçu ilə məşqçinin arasında kin olmur. Onlar öz aralarında küsüb-barışırlar.

 

- Bir qədər də millimiz haqda danışaq. AFFA bir neçə legioner məşqçi ilə danışıqlar aparır. Sizcə, yenidən millimizi əcnəbi mütəxəssisə həvalə etmək nə dərəcədə düzgündür?

- Həyatda hamı səhv edə bilər. Ancaq günahkar o insanlardır ki, bir səhvi ikinci dəfə təkrar edirlər. Əlbəttə ki, yenidən milliyə əcnəbi məşqçi gətirmək  düzgün deyil. Bizə yalnız seyr etmək qalır. Deyə bilmərik ki, filan işi belə edin. Görünür, AFFA Foqtsun işindən razıdır ki, yenə legioner məşçi axtarışına çıxıb.

 

- Milli komandamızın müvəqqəti olaraq Mahmud Qurbanova tapşırılmasına münasibətiniz necədir?

- Bildiyiniz kimi, Mahmud Qurbanov Azərbaycanın ən yaxşı futbolçularından olub. Qismət elə oldu ki, əsas milli komandamız ona tapşırıldı. Məncə, o, bu işinin öhdəsindən layiqincə gələcək.  Görəcəksiniz, nə olur olsun, Mahmudun oynatdığı futbol Foqtsun futbolundan qat-qat yaxşı olacaq.

 

- Milli komandamızda baş məşqçi vəzifəsinə namizədlər arasında  Qurban Qurbanovla yanaşı sizin də adınız çəkilirdi. Qurban müəllim ona AFFA-dan təklif gəlmədiyini açıqlayıb. Sizinlə necə, maraqlanan olub?

- Heç mənə də millidə çalışmağı təklif edən olmayıb. Əgər təklif gələrsə, fikirləşərəm.

 

- "Qarabağ"ın Avroliqadakı uğuru haqda da fikirləriniz öyrənək...

- Bu gün "Qarabağ"ın yükü çox ağırdır. Mən də bu həyatı yaşamışam. Qurban Qurbanovun komandası bir neçə cəbhədə mübarizə aparır. "Qarabağ" mən yazdığım tarixə bir əlavə etdi. Yəni Azərbaycanda Avropa Liqasının qrup mərhələsində qələbə qazanan ilk komanda oldu. Bunu alqışlamaq lazımdır. Bu, Azərbaycan futbolunun təntənəsidir, inkişafıdır.  "Qarabağ"a növbəti oyunlarda uğurlar arzu edirəm.

 

- "Neftçi"dən sonra hansısa bir komandamızın tarixi uğur qazanacağına inanırdınız?

- Niyə də inanmamalıyam?  Qurban Qurbanov altı ildir ki, "Qarabağ"a rəhbərik edir. O, artıq istədiyi komandanı formalaşdırıb. Bu, qanunauyğunluqdur, təsadüf deyil. Futbolda bir dəfə təsadüf ola bilər.

 

- "Qarabağ" noyabrın 6-da Bakıda "Dnepr"i qəbul edəcək. Bu oyundan nə gözləyirsiniz?

- "Qarabağ"dan yenə qələbə gözləyirəm. İnanıram ki, komandamız doğma azarkeşlər önündə bir daha sübut edəcək ki, qrup mərhələsinə təsadüfi düşməyib.

Xəbər xətti