"O biabırçılıqdan sonra adam içinə çıxmaq istəmirdik" MÜSAHİBƏ

17:25 - 5 Noyabr 2014

"Hazırkı məşqçilər korpusuna hörmətlə yanaşırıq"

 

2016-cı il Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində, noyabrın 16-da Bakıda Norveçlə qarşılaşacaq Azərbaycan yığması 2 gündü hazırlıqlarını davam etdirir. Bu gün baş tutan məşqdən sonra millimizin hücumçusu Rauf Əliyev apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

 

- Təlim-məşq toplantısı necə keçir?

- Komanda dünəndən bir araya gəlib. “Qarabağ”ın və ölkə xaricində çıxış edən futbolçular hələlik milliyə qoşulmayıblar. Bu toplanış bizim üçün yenilik oldu.

 

- Yenilik deyəndə, nəyi nəzərdə tutursunuz?

- 6 il idi Berti Foqtsun rəhbərliyi altında toplaşırdıq. İndi isə komandaya öz məşqçilərimiz başçılıq edirlər. Bunu nəzərdə tuturam.  

 

- Hazırkı məşqçilər millimizi cəmisi bir oyuna çıxaracaq. Sonra isə yığmaya yeni baş məşqçi təyin ediləcək. Belə olan halda, futbolçular bəzən hazırlığa və ya verilən tapşırıqlara dırnaqarası yanaşırlar...

- Belə şey ola bilməz. Hazırkı məşqçilər korpusuna hörmətlə yanaşırıq. Başqa klublarda da işləyiblər. Bizim üçün vacib olan baş məşqçinin tapşırığını yerinə yetirməkdi. Nizam-intizam əvvəl necə idisə, indi də elədi. Komanda şəklində yaxşı oyun göstərəcəyimizə inanırıq.

 

- Norveç millisi haqda nə bilirsiniz, hansısa oyununu izləmisiniz?

- İtaliya ilə qarşılaşmaya hazırlaşan zaman oyunlarına baxmışdıq. Onlar əsasən fiziki oyuna üstünlük verirlər. Standart vəziyyətlərdən daha çox yararlanmağa çalışırlar. Bundan artığını bilmirəm.  

 

- Standart vəziyyətlər isə yığmamız üçün hər zaman başağrısı olub...

- Yenə də çətinlik olacaq. Ancaq qarşısını almaq üçün müəyyən tədbir görəcəyik.

 

- Komandaya yeni cəlb edilən fiziki-hazırlıq üzrə məşqçi Andrey Kolesnikov  yükləmələrə üstünlük vermir?

- Hələlik ağır yükləmələr olmur. Qarşıda xeyli vaxtımız var. Fiziki-hazırlıq üzrə məşqçinin cəlb edilməsi normaldı. Klublardan yeni gəlmişik, fikrimcə, fiziki-hazırlıq baxımından elə də ciddi problem olmamalıdı.

 

- Son məğlubiyyətlər unudulubmu?

- Çalışırıq ki, bu mövzuya qayıtmayaq. 0:6 hesablı məğlubiyyətdən sonra nələr çəkdiyimizi özümüz bilirik. Elə vəziyyət yaranmışdı ki, həmin biabırçılıqdan sonra adam içinə çıxıb, heç kimlə danışmaq istəmirdik. Hətta adam futboldan küsür. Norveçlə görüşdə bunu unutdurmağa çalışacağıq.

 

- Yığmanın oyunları ilə əlaqədar Premyer Liqada fasilə yaranıb. Formasını geyindiyiniz “Xəzər Lənkəran” klubunun arxada qalan 11 turda çıxışı haqda nə deyə bilərsiniz?

- Son turlarda alınan nəticələr komandanın tədricən öz oyununu tapdığını göstərir. “Xəzər Lənkəran” mövsümə çox pis başladı. Bunun da əziyyətini çəkdik. Yersiz xallar itirdik. Ancaq indi liderə yaxınlaşmışıq. İlk pillədən bizi 4 xal ayırır. Komanda özünəinamı qaytarıb.

 

- Bəs inamsızlıq nədən yaranmışdı?

- Məğlubiyyətlə başlamağımız, turnir cədvəlinin aşağı pillələrində yer almağımız inamsızlığa səbəb olmuşdu. Üzərimizdə böyük təzyiq var idi. Çünki kənardan hamı gileylənir, bizi qınayır. Son oyunlardakı nəticələrdən sonra bir qədər rahatlaşmışıq. Bu da əldə edilən nəticələrdə özünü göstərir.

 

- Baş məşqçi Oğuz Çətin nəyi dəyişdi ki, komanda xallar topladı?

- Bizə 2 oyunda ardıcıl qələbə qazanmaq lazım idi. Hər qələbə futbolçuda özünəinamı artırır. İndi əsas istəyimiz ilk “üçlük”də qərarlaşmaqdı. Buna nail olandan sonra hər şey yaxşılaşacaq.

 

- Ancaq gözlənilən qolları vura bilmirsən...

- Onların məndən qol gözləməsi normaldı. Çünki hücumçunun işi budu. Ümidlərini doğrultmağa çalışacam.

 

- “Bakı”da daha çox gözə çarpırdınız. Amma “Xəzər Lənkəran”da sanki seçilmirsiniz?

- Çempionatda cəmi 1 dövrə arxada qalıb. Əsas oyunlar qarşıdadı. İndiyə qədər 3 qol vurmuşam. Bombardir isə 6 qol vurub. Aramızdakı fərq elə də böyük deyil. Qollarımın ardının gələcəyinə inanıram. Kluba yeni gəldiyimi də yaddan çıxarmaq olmaz. 

 

Xəbər xətti