"Dnepr" sıradan biri yox, təcrübəli komandadı"
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avroliqanın qrup mərhələsinin “Dnepr”lə oyunu öncəsi keçirilən mətbuat konfransında fikirlərini bildirib.
Sportal.az xəbər verir ki, Qurbanov öncə qarşılaşma haqqında ümumi fikirlərini çatdırıb.
- Hər oyun bizim üçün necə vacibdisə, bu matç da elə önəmlidi. Baxmayaraq ki, Kiyevdə qalib gəlmişik, amma bu matç orda dediyim kimi çox çətin keçəcək. Bir-birimizi ilk görüşdə tanıdıq. Bu dəfə daha düzgün oynamağa çalışacağıq. Əlimizdən gələni edəcəyik ki, uğura nail olaq.
- Rəqib baş məşqçi bildirib ki, itiriləsi heç nələri yoxdu…
- Həqiqətən bilirik ki, rəqib üçün itiriləsi heç nə yoxdu. Amma onlar bərabərlik etsə belə, son 2 matçda şanslarını düzəldə bilərlər. "Dnepr"in xala ehtiyacı var. Həqiqətən bizim üçün ağır olacaq. Futbolçular daha çox çalışmalıdır ki, bütün fikirləri oyunda olsun. “Dnepr”in heyətində hər bir futbolçu istənilən an oyunu dəyişə bilər.
- Qalib gəlsəniz, qrupda ikinci yeri təmin edəcəksiniz. Bununla razısınız?
- Bu gün futbolçulara desəm ki, qalib gəlsək, minimum ikinci yeri təmin edəcəyik, bu, səhv olar. Fikrimiz düzgün oyun qurmaqdı. 1 xalın da bizə köməyi dəyəcək. Düşünürəm ki, nəticə bizim üçün vacib olsa da, indidən o haqda danışmamalıyıq.
- Dnepropetrovsk təmsilçisi “Şaxtyor”la oyuna daha çox ciddi yanaşdığını bildirib. Bu, sizi arxayınlaşdırmır ki?
- Düzünü desəm, həmkarımın fikirləri ilə tanış olmaq imkanım olmayıb. Biz oyundan oyuna təcrübəli oluruq. Bu haqda düşünmürəm. “Dnepr” sıradan biri yox, təcrübəli komandadı. Çox aqressiv olmamalıyıq. Hər şey normasında olsa, bizim oyunumuz pozulmaz.
- Çempionat ilə avrokubokda oynamaq arasında hansı fərqlər var?
- Oyunumuzda çox dəyişiklik yoxdu. Rəqiblərdə bəzən dəyişiklik olur. Avroliqada arxayın olduğumuz şey limit məsələsinin olmamasıdı. Əlimizdə olan bütün futbolçulardan yararlanmaq üçün burda maneə yoxdu.
- “Qarabağ” tarixində ilk dəfə Avroliqanın qrupunda qələbə qazandı. Düşünmürsünüz ki, bu amil futbolçularınızın bu düşüncə ilə müdafiəni qoyub ancaq irəliyə doğru getməsinə səbəb olacaq?
- Yaxşı sualdı. Məni də bu məqam düşündürür. Azarkeşlərimiz avrokuboklarda bizə möhtəşəm dəstək verir. Bəzən səhv etdiyimiz anlar olur. Amma əsas odu ki, bu səhvləri təkrarlamayaq. İnanıram ki, futbolçular verdiyim tapşırıqları meydançada son dəqiqələrə kimi icra edəcək.
Mənbə: apasport.az