Namiq Yusifov: "Qrupdan çıxmaq haqda düşünmürük" MÜSAHİBƏ

14:05 - 6 Noyabr 2014

Yarımmüdafiəçi ilə müsahibə

 

"Qarabağ"ın yarımmüdafiəçisi Namiq Yusifov azerisport.az saytına müsahibə verib.

Sportal.az sizə həmin müsahibəni təqdim edir:

 

- Yəqin ki, "Araz Naxçıvan" üzərindəki qələbədən sonra komandada əla atmosfer var...

- "Dnepr"lə oyunun əhəmiyyətini hamımız başa düşürük. Əlbəttə, belə qələbədən sonra vacib oyuna hazırlaşmaq daha asan olur. Ukraynalılarla oyunu səbrsizliklə gözləyirik.

- "Dnepr"in futbolçuları Kiyevdəki oyundan öncəki kimi səs-küylü açıqlamalar vermirlər. Görünür, artıq çəkinirlər...

- Şübhəsiz. Ona görə cavab oyunu çox çətin olacaq. Onlar bura qələbə üçün gəliblər və yəqin ki, heç-heçəyə də razılaşmayacaqlar. Xal itkisi bizim də planlarımıza daxil deyil.

- Niyə cavab matçının çətin keçəcəyini düşünürsüz?

- Onlar qələbə üçün bütün güclərini sərf edəcəklər, va-banka gedəcəklər. Kiyevdəki oyunda bizə yuxarıdan aşağı baxırdılarsa, indi tam ciddi qəbul edəcəklər. Ona görə də çətin oyun gözləyirəm.

- "Dnepr"in futbolçularının aqressiv oynaması istisna deyil. Bu, komandanızın işinə yaraya bilər?

- Hər şey oyun zamanı bəlli olacaq. Öz oyunumuzu oynamağımız lazımdı.

- Həyəcan var?
- Öz azarkeşlərimiz qarşısında oynayacağımıza görə həyəcan yoxdu. Amma məsuliyyət hissi böyükdü.

- Reynaldo qrup mərhələsində qol vura bilmir...

- Biz cəmi bir qol vurmuşuq. Reynaldo qol vurmaq üçün çox çalışsa da, alınmır. Bizim üçün kimin qol vurmasının fərqi yoxdu. Əsas komandamızın qələbə qazanmasıdı.

- "Qarabağ" qrupdan öz gücü ilə çıxa biləcək, ya bəxt də lazımdı?
- Bəxt hərdən futbolda vacib rol oynayır. Amma biz hələ qrupdan çıxmaq haqda düşünmürük. İndi əsas diqqətimiz "Dnepr"lə oyunda uğur qazanmağa yönəlib.

- "Dnepr" son turda "Dinamo"ya 3 cavabsız qolla uduzub...

- Onlar son zamanlar tez-tez uduzur, xal itirirlər. Ona görə də Bakıda uğursuz gedişata son qormağa çalışacaqlar. "Dnepr"dən aqressiv oyun gözləyirəm.

- Yığmanın sabiq baş məşqçisi Berti Foqts sizi milliyə çağırmırdı. Amma Mahmud Qurbanov da indiki toplanışda sizə ehtiyac duymadı. Niyə?

- Bilmirəm. Bunu Qurbanovdan soruşmaq lazımdı. Klubumda əlimdən gələni edirəm. İstənilən halda Qurbanova yığmada uğurlar arzulayıram.

Xəbər xətti