"Neftçi"ni neftçilərin əli ilə vururlar

13:40 - 8 Noyabr 2014

Bir savaşın görünməyən tərəfləri

 

Artıq xeyli müddətdir ki, “Neftçi”də üzlər gülmür. Hələ ötən mövsümdən “Neftçi”dəki maliyyə problemləri həllini tapmır. Vəziyyət o həddə çatıb ki, uzun müddətdən sonra klubun prezidenti Sadıq Sadıqov da dilə gəlib. Çünki Sadıq bəy də anlayır ki, belə vəziyyətdə komandanı toparlamaq olmur.

 

Artıq hamı bilir ki, Elxan Məmmədov və onun havadarları “Neftçi”ni ələ keçirmək üçün dəridən-qabıqdan çıxırlar. Elə maliyyə probleminin də süni şəkildə yaradıldığı hamıya məlumdur. Necə ola bilər ki, AFFA SOCAR-ın pulunu sağa-sola xərcləyir, Avroliqada qrup mərhələsinin bir addımlığında olan “Neftçi”də maliyyə böhranı yaşanır?

 

Sadəcə, proses Məmmədovun planlaşdırdığı kimi getmədi. Hər hansı klubu yıxmaq üçün ən ideal variant maliyyəni kəsməkdir. Ki, “Neftçi”ni devirmək üçün də ənənəvi metoddan istifadə olundu, lakin bu dəfə effekt vermədi. Sadıq Sadıqov çətin vəziyyətdə komandanı toparlaya bildi və “Neftçi” ölkə kubokunu qazandı.   

 

Məğlub olduğunu görən qüvvələr bu dəfə bütün ümidləri Avroliqaya bağladılar. Onlar əmin idilər ki, maliyyə problemləri içində batan “Neftçi” turnirdə fiaskoya uğrayacaq. Ancaq çoxlarının gözləmədiyi halda, flaqman “pley-off” mərhələsinə qədər irəlilədi və “sapı özümüzdən olan baltalar” maliyyə problemlərinin aradan qalxmasına imkan versəydilər, bu gün “Neftçi” də Avroliqanın qrupunda yer alacaqdı.

 

Lakin rəqib cəbhə yenə geri çəkilmədi. Elnur Məmmədovun “Neftçi”yə vitse-prezident gətirilməsindən sonra atəşkəs elan olunacağı və maliyyə vəziyyətinin qaydaya düşəcəyi ehtimal olunurdu. Lakin Sadıq Sadıqovun son açıqlamasından sonra aydınlaşdı ki, vəziyyət düzəlmir ki, düzəlmir. Maraqlı odur ki, pis vəziyyətdə olmasına rəğmən “Neftçi” çempionatda inamla çıxış edir (“Araz Naxçıvan”ın gedişi rəsmən təsdiqlənsə, “Neftçi” birinci pilləyə yüksələcək).  

 

Bu vəziyyətin hələ nə qədər davam edəcəyi və nə ilə sona çatacağı məlum deyil. Amma fakt faktlığında qalır ki, “Neftçi”ni neftçilərin ilə ilə vururlar. Çünki “Neftçi”nin pulu neftçilərdən çıxır.

 

Sportal.az

Xəbər xətti