"Qarşıdan gələn oyunlarda uğur qazanacağımıza inanıram"
“Xəzər Lənkaran” klubunun braziliyalı yarımmüdafiəçisi Fernando Qabriel Qol.Az saytının suallarını cavablandırıb.
- Premyer Liqanın oyunlarına hazırlıq prosesi necə gedir?
- Düşünürəm ki, milli yığma komandanın oyunları ilə əlaqədar çempionatda yaranmış bu fasilə bizim xeyrimizədir. Komandanın fiziki gücünün artırılması istiqamətində hazırlıqlar gedir. Məşqlərdən sonra yaxşı mənada dəyişikliklər var. Komandada hər bir hazırlıq yüksək səviyyədə aparılır. Məşqçimiz də bizim oyunlara tam hazır olmağımız üçün əlindən gələnləri əsirgəmirlər. Həm fiziki, həm də psixoloji cəhətdən özümüzü gələcək oyunlara hazır hiss edirik. Qarşıdan gələn oyunlarda uğur qazanacağımıza inanıram.
- Komandada əhval-ruhiyyə necədir?
- Çempionatda son iki turda ardıcıl iki qələbə qazandıq. Bu qələbələrdən sonra komandada özünəinam hissləri artıb. Düşünürəm ki, bu da bizə çempionluq uğrunda mübarizədə əlavə güc verəcək. Növbəti turda “İnter”lə səfərdə keçirəcəyimiz oyunda da uğurumuzun davamını gətirəcəyimizə inanıram. Əsas məqsədimiz çempionatın birinci dövrəsində ilk üçlüyə girməkdir.
- “İnter” çempionatda artıq beş turdur ki, qələbəyə həsrətdir. Səncə bu amil sizə çətinlik yaratmayacaq?
- “İnter” çempionatın güclü komandalarından biridir. Bir neçə turdur ardıcıl heç-heçə etmələrinə baxmayaraq, biz onlara hörmətlə yanaşırıq. ”İnter” evdə yaxşı mübarizə aparan komandadır və öz azarkeşləri önündə oynayacaq. Bu amil də, onlara əlavə üstünlük verəcək. Bilirik ki, bizi çətin oyun gözləyir. Amma bütün bunlara baxmayaraq “İnter”lə Bakıda keçiriləcək oyundan yaxşı nəticə əldə edəcəyimizə inanıram. Çünki qarşımızda duran əsas məqsəd çempion olmaq üçün mübarizə aparmaqdır. Bunun üçün də qarşıdakı oyunda komanda şəklində əlimizdən gələni əsirgəməyəcəyik.
- Braziliyada bir çox klublarda oynamısan. Azərbaycan futbolu ilə Braziliya futbolu arasında hansı fərqləri görürsən?
- Fərq böyükdür. Braziliyada istər “Seria A”, istərsə də “Seria B” də komandalar rəqabətə davamlıdırlar. Çempionluq uğrunda mübarizə aparan komandaların sayı çoxdur. Kimin çempion olacağını əvvəlcədən düşünmək mümkün deyil. Mübarizə bir çox komandalar arasında gedir. Amma Azərbaycan çempionatında cəmi 4-5 klub - ”Xəzər Lənkaran”, ”Qrababağ”, ”Neftçi” və ”İnter” klubları ilk pillələr uğrunda mübarizə aparır. Braziliyadan sonra Azərbaycan futboluna uyğunlaşmaq çətindir. Həm də başqa dili, mədəniyyəti olan bir ölkədə yaşamaq əlavə çətinliklər yaradır.
saytlarin hazirlanmasi