"Türkiyə təmsilçisi mənimlə müqaviləni uzatmaq istəyir"
Azərbaycan millisinin və Türkiyənin “Karşıyaka” klubunun müdafiəçisi Mahir Şükürov apasport.az saytına müsahibəsi verib.
Sportal.az həmin müsahibəni təqdim edir:
- “Karşıyaka”da işləriniz necə gedir?
- Çempionatda işlərimiz qaydasında getməsə də, hazırda VII pillədəyik (müsahibə “Karşıyaka”nın “Adana Dəmirspor”la oyunundan öncə götürülüb – S.T.). I pillədə olan komanda ilə aramızda xal fərqi isə o qədər də çox deyil. Biz ev oyunlarımızı öz stadionumuzda keçirmirik. Çünki Türkiyə Futbol Federasiyasından gəlib baxıblar və deyiblər ki, bu arena zəlzələyə dözümlü deyil. Ona görə də demək olar ki, bütün oyunlarımızı səfərdə oynayırıq. Bu da bizə bir az çətinlik törədir, azarkeşlərimiz oyuna gələ bilmir.
- Amma hər halda İzmirdə oynayırsınız...
- Düzdü, İzmirdə oynayırıq. Amma ora 40 dəqiqəlik yoldu. Öz stadionumuzda oynayanda 20-25 min azarkeş stadiona gəlirdi. İndi isə “Bucaspor”un stadionunda oynayırıq. Bura da azarkeşimiz az gəlir. Amma hər şey yaxşı gedir. Mən də çalışıram ki, öz oyunumla komandama kömək edim. Orda mənə “azəri futbolçu Mahir Şükürov” deyirlər. Öz vətənimin adını həmişə istəmişəm ki, hardasa layiqincə ucaldım. Məncə, ölkəmi layiqincə təmsil edirəm. Ancaq bununla kifayətlənmək istəmirəm. 2-3 dənə təklifim var. Ola bilsin ki, qışda hər şey lap yaxşı olsun.
- Superliqa klublarıdı?
- Bəli.
- “Karşıyaka” sizi buraxacaq?
- Klub da mənimlə müqaviləni uzatmaq istəyir. İzmir yaxşı şəhər olduğu üçün bütün menecerlər bizim oyuna baxmağa gəlir. Belədə Superliqaya tez çıxmaq imkanın olur. Ona görə də menecerlə danışmışam. Hələ tələsmirəm. Başımı aşağı salıb öz oyunumu göstərirəm. Qışda hər şey yaxşı olmalıdı.
- Baş məşqçiniz Yusuf Şimşək “apasport”a verdiyi müsahibəsində sizi mərkəz müdafiəçisi kimi də sınayacağını bildirmişdi...
- Bir matçda elə oynadım. Çünki həmin vaxt mərkəz müdafiəçimiz yox idi deyə, onu əvəzləyirdim. Amma sonradan öz mövqeyimə - müdafiənin sağında çıxış etməyə başladım.
- Millimizin Norveçlə oyun öncəsi keçirdiyi hazırlıqlar barədə nə deyə bilərsiniz?
- Hazırda baş məşqçimiz yoxdu. Amma Mahmud Qurbanov onu müvəqqəti əvəz edir. Mən, Rəşad Sadıqov, Kamran Ağayev kimi təcrübəli futbolçular əlimizdən nə gəlirsə, ona kömək etməyə hazırıq. Hazırda milli pis dönəmini yaşayır. Heç bir xalımız yoxdu və baş məşqçisiz qalmışıq. Elə bil ki, kapitan gəmisini atıb qaçıb. Ona görə də çalışacağıq ki, bu heyətlə Norveçə qarşı yaxşı oyun göstərək.
- Bu heyət bunu bacara biləcək?
- Bəli. Bilirsiniz necədi, biz komanda şəklində istəsək, nəticə qazana bilərik. Neçə dəfə bunun şahidi olmuşuq. Ona görə də Norveçlə oyunda həm də sübut etməyə çalışacağıq ki, azərbaycanlı uşaqlar yaxşı oyun göstərə bilir.
- Berti Foqtsun sevdiyi “personalnı” oyun sistemi olmasa, yaxşı nəticə qazana bilərsiniz...
- Həqiqətən də biz nə vaxt ki “personalnı” oynamışıq, böyük hesabla uduzmuşuq. Bu gün futbolda bu cür sistemə yer yoxdu. Ola bilər ki, 1 futbolçuya qarşı mərkəz müdafiəçisi belə oynasın. Amma belə oynayanda, o biri komandaya qarşı asan olur. Bir futbolçunun arxasınca düşürsən, öz zonan açıqda qalır...
- Mahmud Qurbanov da Foqtsun köməkçisi olub. O da Foqtsun oynatdığı sistemə üstünlük verməyəcək ki?
- Hər məşqçinin öz sistemi var. Bu gün gedənin dalınca danışmaq düzgün deyil.
- Ümumiyyətlə, Foqtsun getməsi düzgün addım idi?
- Mən 6 il Foqtsun dönəmində millidə oynamışam. Ona görə də ona “pis” deyə bilmərəm. Amma tədricən görünürdü ki, Foqtsun getməyinin vaxtı çatıb. Berti köməkçilərinin heç birini eşitmirdi, öz bildiyini edirdi.
- Vaqif Cavadovla siz İtaliya və Xorvatiya ilə seçmə oyunlara çağırılsaydınız, 0:6 qeydə alınacaqdı?
- Demirəm ki, biz olsaydıq, bu hesabla uduzmayacaqdıq. Mən niyə görə çağırılmamağımızın səbəbini demək istəyirəm. Sağolsunlar ki, mətbuat işçiləri, futbol mütəxəssisləri bizim çağırılmamağımıza görə Foqtsu çox tənqid etdilər. Mən həqiqətən də həmin oyunlarda milliyə kömək etmək istəyirdim. Amma Özbəkistanla Bakıda 0:0 oynadıqdan sonra mətbuata açıqlamamızda demişdik ki, bu 15 legionerdənsə, öz futbolçularımız meydanda olmalıdı. Biz Rusiya ilə matça gedəndə Foqts bizim üçün iclas keçirdi. Mənimlə Vaqifə dedi ki, siz niyə belə müsahibə verirsiniz. Ondan sonra bizimlə başladı prinsip aparmağa. Açığı, həmin iclasdan sonra millidən təklif gözləmirdim.
- Onda Foqts qalsaydı, Norveçlə oyuna da sizi çağırmayacaqdı...
- Əlbəttə. Bizimlə prinsip aparırdı ki, niyə belə demişik. Deyirdi ki, siz gəlib bu barədə mənimlə danışardınız. Sən köməkçilərinin məsləhətlərinə qulaq asmırsan, qaldı ki, futbolçularının sözlərinə. Bilirsiniz, necədi, mən özüm də pis oldum. Azərbaycandan kənarda oynayıram. İstəmərəm ki, millim bu hesabla yenilsin. Türkiyədə komanda yoldaşlarım deyəndə ki, milliniz 0:6 uduzdu, mənə çox pis təsir etdi. Amma məncə, həmin oyunda Vaqiflə milliyə köməyimiz dəyə bilərdi. Heç olmasa, orda olsaydım, 2-3 dənə rəqibin cərimə meydançasına tərəf asma edərdim. Amma bu 2 oyunda mən asma görmədim. Guya deyirlər ki, Bolqarıstanla matçda zəif çıxış etməyimə görə çağırılmamışdım. Ancaq hamısı yalan söhbətdi. Həmin matçda 3 dəfə Rauf Əliyevə asma ilə ötürmə vermişəm, amma bunların heç birindən istifadə edə bilməyib. Uşaqların çoxu görüb. Bolqarıstan millisinin fiziki hazırlıq üzrə italyan məşqçisi gəlib əlimi sıxıb ki, sən bugünkü oyunda yaxşı oynamısan. Əvvəl elə bilmişdim ki, oyunçudu, sonradan bilmişəm ki, Bolqarıstanın məşqçisidi.