AFFA-nın yeni eksperimentləri
Elə vəziyyət yaranıb ki, Elxan Məmmədov Ramin Musayevin, Ramin Musayev də Exan Məmmədovun oyunundan baş aça bilmir artıq. Rövnəq Abdullayev isə ümumiyyətlə “ofsayddadır”. AFFA prezidenti hər ikisini dinləyir, amma söhbətlərindən heç nə baş açmır deyə, nə tərif deyir, nə də tənqid, buraxıb hər şeyi zamanın ixtiyarına.
Futbolu birtəhər oynayırıq, di gəl ki, zaman futbolumuzun xeyirinə oynamır. “Bozun əlli çaları”na oxşayan futbolumuzda o qədər eksperimentlər eləyirlər ki, artıq kənardan oyuna yox, oyuncağa bənzəyir Azərbaycan futbolu!
Təxəyyülündə canlandırdıqlarını futbolumuzda həyata keçirməkdən doymayan Elxan Məmmədov indi də Müşahidə Şurası eşqinə düşüb, iki ayağını yerə vurub ki, bütün klublarda şüra höküməti yaradılmalıdır. Mininə dözən, min birinə də dözər. Bunu da yaradaq. Ancaq faydası nə olacaq?
Müşahidə Şurası adı altında “Neftçi”də elə bir oyun oynanılıb ki, əvvəllər "döyüş klubu"nu xatırladan “flaqman” indi də “comedy club”-a bənzəyir. İnsanlara kitab oxumağı tövsiyyə edən Çingiz Abdullayev iş başına keçdiyi futbol barədə sən demə, heç nə oxumayıbmış. “İnter”i, AZAL-ı tanımayan, ölüm ayağında olan “Bakı”yla oyunda məğlubiyyətdən çəkinərək qonaqlarını dəvət eləməyən Çingiz bəy hər həftə gülüş üçün mövzular təqdim eləyir futbol ictimaiyyətinə. Demişdim axı, Çingiz Abdullayev kimi dəyərli bir şəxsiyyət futbola baş qoşmalı deyildi.
Birincisi, “Neftçi” kimi klubda Müşahidə Şurası yox, İdarə Heyəti yaratmaq lazımıydı. Bizdə müşahidəçilərə yox, idarəçilərə ehtiyac var. İkincisi, yığılan heyət futbol adamlarından təşkil olunmalıydı. Deyə bilərlər ki, iki nəfər futbol veteranı var həmin adamların arasında. Bizdə hələ də anlamırlar ki, əvvəllər futbol oynamış adamlar yalnız futbol veteranları sayılırlar və onların hamısına futbol adamı demək olmaz. Futbol adamı bu oyunu yaxşı anlayan, intellektual səviyyəsi yüksək olan, idarəçilik qabiliyyətinə malik, futbolda yaşanan prosesləri izləyən və zaman-zaman bu proseslər barədə öz fikirlərini ortaya qoymaqla futbolun inkişafında rol oynayan şəxslərə deyilir. “Neftçi”nin Müşahidə Şurasının üzvlərini ayrı-ayrılıqda araşdırsaq, Bəhram Bağırzadəni çıxmaq şərtilə, qalanları çox uğursuz seçimdir. Bu adamlarla futbol idarə eləmək olmaz...
Elxan Məmmədovun digər klublarda analoji şura yaratmaq istəyi yəqin ki, Almaniya sistemi ilə bağlıdır. Belə ki, Almaniyada klubların idarəçilik paketi 51-49 faiz nisbətilə tənzimlənir. Hər hansı sahibkar klubda səhmlərin maksimum 49 faizinə sahib çıxa bilər. Qalan 51 faiz isə klubun camiəsinə məxsusdur. Bununla da, klubda söz sahibi investorlar yox, futbol adamlarından formalaşmış İdarə heyəti olur. Yaxşı sistemdir. Ancaq Azərbaycanda bunu yaratmaq olarmı?
Belə sistemi formalaşdırmaq üçün “Neftçi”dən yox, misal üçün, “Şəmkir”dən başlamaq lazımıydı. Yeni icra başçısının gəlişindən sonra Şəmkir futbolunda bir canlanma var. Bildiyimizə görə, bu klub “Synergy Group” tərəfindən maliyyələşir. İlk olaraq, bu klubda futbol adamlarından ibarət İdarə Heyəti yaratmaq və iş mexanizmini tənzimləmək olardı. Bu məsələdə lazım gəlsə, Tale Heydərovun köməyindən də yararlanmağa çalışmalıdırlar. Heç kimə sirr deyil ki, bu klubun və bölgənin başında dayanan adamlar Heydərovların tövsiyyələrini mütləq dinləyəcəklər. Və “Şəmkir”dən başlayaraq, heç olmasa Premyer Liqada çıxış edən klubların yarısında İdarə Heyəti üzərindən qurulan idarəetmı sistemi yaratmaq mümkün görünür.
Təəssüf ki, AFFA rəhbərliyi artıq neçənci dəfədir ki, verdiyi qərarlar üzərində dərin düşünmək qabiliyyətində olmadığını göstərir. Onlar əvvəlcə qərar verir, sonradan isə bu qərarı necə icra etməyin mümkün olduğunu düşünürlər. Əvvəlcə danışıb, sonra isə düşünən insanlarla isə uzağa getmək heç mümkün deyil...
Emin ABBASOV
saytlarin hazirlanmasi