Bir neçə ildən bir dəyişikliklərə əl atmaq labüddür
İllərdir qara gündə olan futbolumuzun üzünü ağardan “Qarabağ”la yeni avrokubok həyəcanı yaşamaq istəyənlər “Rudar”la oyunu maraqla gözləyirdilər. Qurban Qurbanov auditoriya qarşısına yeni əl işi ilə çıxmalı idi, azarkeşlər bir qədər yenilənmiş “Qarabağ”ı görməli idilər. Əslində, Qurban Qurbanov hələ “Rudar”la oyundan əvvəl keçirilən mətbuat konfransında hər şeyi dəqiqliklə demişdi: “İndi elə vaxtdı ki, heç bir komanda ideal oyun göstərə bilməz. İlk vaxtlar oyun keyfiyyəti nisbətən aşağı ola bilər”. “Rudar”la oyun tanınmış mütəxəssisin komandanın indiki durumunu nə qədər dəqiq analiz etdiyini göstərmiş oldu.
Qurban Qurbanovun iş metodikasında ən önəmli bənd daim təkmilləşməyin vacib şərt kimi göstərilməsidir. Yəni, üslub eyni qalsa da, oyun keyfiyyəti hər zaman artan xətlə yüksəlməlidir. Bunun üçünsə, bir neçə ildən bir dəyişikliklərə əl atmaq labüddür. Kimsə formadan düşür, kimsə uğura doyur, elə də olur ki, komandaya yeni nəfəs gətirmək lazım olur. Yeni səviyyəyə qalxmaq üçün isə məşqçiyə onun tapşırıqlarını ən yaxşı şəkildə yerinə yetirən futbolçulara sahib olmaq gərəkir. Bu baxımdan Qurban Qurbanovun demək olar ki, hər zaman axtarışda olması anlaşılandır.
“Qarabağ” ÇL-in ikinci təsnifat mərhələsində “Rudar”la oyuna Dani Kintana, Al Harbi kimi yeni futbolçularla çıxmışdı. Görüşün elə ilk dəqiqələri göstərdi ki, rəqib “Qarabağ”ı yaxşı analiz eləyib. İrəlidə pressinq, arxada sıx oyun oynayan “Rudar”ın müdafiəçiləri Reynaldonu bir an belə diqqətdən buraxmırdılar. Topa nəzarət artıq adət etdiyimiz kimi, böyük üstünlüklə “Qarabağ”ın tərəfində olsa da, ilk yarıda hücumlar kəsərli alınmırdı. İkinci hissə isə fərqli alındı. Fasiləyə qədər sanki öz qabında olmayan Kintana ikinci yarıda texnikası ilə göz oxşadı. Al Harbi də sanki yuxudan ayıldı. Futbolçular arasında anlaşma yüksək səviyyədə olmasa da, bir 45 dəqiqə bəs elədi ki, “Qarabağ” öz oyununu tapsın. Artıq qol epizodları da yaxalayan “Qarabağ”a sadəcə qol çatmadı...
90 dəqiqə ərzində çarəsi tapılmayan daha bir problem standart vəziyyətlər oldu. Düzdü, “Qarabağ” heç zaman standart vəziyyətlərin komandası hesab olunmayıb. Lakin bu qədər effektsizlik hələ heç vaxt görünməmişdi. Digər tərəfdən baxanda da, kornerdən və ya cərimə zərbəsindən topu qapı önünə göndərməklə, meydanın kiçik hissəsində kombinasiya qurmaq arasında fərq o qədər böyükdür ki, “Qarabağ”ın belə məqamlarda səhvlərə yol verməsinə izah tapmaq çətin deyil...
“Qarabağ”ı Çernoqoriyada səfər oyunu gözləyir. Evdə qolsuz bərabərlik elə də pis nəticə deyil. Amma futbolda heç də həmişə güclü qalib gəlmir. 90 dəqiqənin tamamında sevinən, gülən, bir-birini təbrik eləyən “Rudar”lı futbolçular da bunu yaxşı bilir. Lakin necə deyərlər, sonda gülən gülər!
Emin ABBASOV
P.S. “Rudar” Bakıda heç-heçəsi ilə bizləri nə qədər təəccübləndirsə, gecənin digər oyunlarında Lüksemburq “Fola”sının Zaqrebdə “Dinamo” ilə qollu bərabərliyi, “Jalgiris”in İsveçdə “Malmö” ilə heç-heçə etməsi də gözlənilməz nəticələr oldu.
saytlarin hazirlanmasi