AFFA-nın bölgə klubları ilə bağlı planı futbolumuza nə verə bilər?

10:56 - 4 Noyabr 2015

16 komandalı çempionat yaxşıdı, amma…

 

Bir neçə gün əvvəl Report.az saytı məlumat yayıb ki, növbəti mövsümdən Premyer Lİqada 16 komanda çıxış edəcək. Xəbərdə bildirilib ki, yarışa daha çox bölgə klublarını cəlb etmək, Premyer Liqa coğrafiyasını genişləndirmək istəyirlər. Yaxşı fikirdi. Ölkə futbolu yalnız Bakını yox, bütün respublikanı əhatə etməlidir. Ancaq…

 

İdeya yaxşıdı, ancaq AFFA-nın bu layihəni nə dərəcədə effektli həyata keçirəcəyi böyük sual doğurur. Təəssüf ki, AFFA rəhbərliyi son illər bir çox perspektivli layihələri iflasa uğradıb, xeyli vəsaiti havaya sovurub. Elə əcnəbi idman direktorları ilə bağlı layihəni xatırlasaq, kifayətdi. Hələ layihə yeni başlayanda yazmışdıq ki, iş mexanizmi dəqiq hazırlanmasa, bu layihə heç bir ciddi effekt verməyəcək. Zaman keçdi, layihə elə başladığı kimi də bitdi…

 

Lakin biz tənqid etməklə yanaşı, həm də təkliflərimizi ortaya qoymağı lazım bilirik. Bu gün söhbət Premyer Liqada bölgə klublarının sayını artırmaqdan gedirsə, çox yaxşı ideyadı. Axı, hələ 1992-ci ildə keçirilən ilk çempionat 26 komanda ilə keçirilmişdi ki (“Gənclik” (Nəvahi) və “Şirvan” (Kürdəmir) mübarizəni vaxtından əvvəl dayandırmışdı), onların arasında Tovuz, Ağdam, Gəncə, Mingəçevir, Sabirabad, Qax, Cəlilabad, Qusar, Ağstafa, Masallı, Lənkəran, Zaqatala, Bərdə, Salyan, Şamaxı, Yevlax, Siyəzən, Qazax, Əli-Bayramlı kimi bölgələrin komandaları da var idi. Ölkənin ən ağır günlərində çempionatda 20-dən çox komanda var idisə, indi 10 komandanı güc-bəla ilə saxlayırlar. Həm gülməli, həm də ağlamalı vəziyyətdi.

 

Bölgə klublarını əsas liqaya gətirmək üçün maliyyə tələb olunur və bizdə olan məlumata görə, AFFA bu vəsaiti Maliyyə Nazirliyindən alacaq. Daha doğrusu, həmin klubların maliyyələşməsi daha AFFA tərəfindən yox, Maliyyə Nazirliyi tərəfindən həyata keçiriləcək. Deyilənlərə inansaq, yeni mövsümdən Tovuz, Neftçala, Qusar, Şəmkir, Zaqatala, Ağsu rayonlarının komandaları Premyer Liqaya yüksələcək. Biz təklif edərdik ki, “Rəvan” və AZAL kimi məqsədsiz, paytaxtda azarkeş dəstəyi 3-5 nəfər olan klubların yerinə də Mingəçevir, İmişli, Qazax kimi bölgələrin komandalarını çempionata cəlb etsinlər.

 

Nəzərə alsaq ki, futbol kimi çətin bir işdə xırdalıqlar olmur, AFFA indidən bu layihəni çox dəqiqliklə işləməlidi. Söhbət ondan gedir ki, inkişaf istəyiriksə, bölgələrdə ciddi işlər görmək gərəkir. Yeni klublar üçün infrastruktur və akademiyalar yaratmaq lazımdır. Bu gün hamı futbolun inkişafını uşaqlarda görsə də, bir-iki klubu çıxmaq şərtilə, demək olar bütün klublarda uşaq futbolu, uşaqlara yaradılan şərait bərbaddır. Bunun əsas səbəbi də odur ki, klubların başında duran idarəçilərin əksəriyyəti bu sahədən uzaq adamlardı və onların əsas məqsədi köklü klub saxlamaq yox, nəticə göstərib yuxarıların diqqətini öz üzərinə çəkməkdir. Ona görə, ilk növbədə klublara elə icraçılar təyin etmək lazımdır ki, dövlətin pulunu öz ağıl(sızlıq)larına görə dağıtmasınlar, ortaya ciddi iş qoysunlar. Bu gün lap əlli regionda klub yarada bilərik, ancaq həmin yerlərdə futbolun inkişafı üçün heç bir nəticə əldə olunmasa... AFFA artıq indidən Premyer Liqaya çıxarılması planlaşdırılan klublarla bağlı işə başlamalıdı. Klubların təmsil olunduğu regionlarda infrastruktur barədə dəqiq məlumatlar əldə olunmalı, uşaq futbolunun inkişaf proqramı hazırlanmalı, gələn mövsümün bütün planları artıq indidən cızılmalıdır.

 

Yeri gəlmişkən, əgər həmin klublar İctimai Birlik olacaqsa, Müşahidə Şurasının tərkibini yazıçı, rəssam, aktyorlardan qurmağa ehtiyac yoxdur. Həmin şurada futbol adamı və klubu idarə eləyən şəxslərlə yanaşı, bölgənin icra hakimiyyətindən, təhsil idarəsindən, yerli polis orqanlarından nümayəndələr yerləşdirmək daha yaxşı olar. Futbolu kollektiv idarə etmək yox, futbol idarə etmək üçün kollektiv dəstək lazımdı. Yəni, MŞ-da oturan icra, təhsil, polis işçisi futbolun incəliklərinə qarışmalı deyil, onlar bölgədə futbolun inkişafı üçün öz qurumları tərəfindən dəstək olmalı, təşkilatı məsələlərdə yardım göstərməlidirlər.

 

Bir sözlə, iş çox, vaxt isə azdır. Bu vaxtı da hədər itirsək... 

 

Emin ABBASOV         

Xəbər xətti