"Neftçi"nin işi sıfıra bərabərdir
Futbolumuzda milyonların cövlan elədiyi vaxtlarda federasiya və klublarda idarəetmə mexanizminin düzgün qurulmaması böyük məbləğdə vəsaitin havaya sovrulması ilə nəticələndi. Halbuki həmin vaxt düzgün marketinq siyasəti aparmaqla əlavə gəlir mənbələri tapıla, bu gün də onun hesabına çətin vəziyətdən çıxmaq olardı. Avropada klublar reklamdan, teleyayımdan, bilet və forma satışından gəlir götürürlər. Avropa insanı hər şeydən pul qazanmağı bacarır. Məsələn, siz qitənin qrand klublarının saytına daxil olub eksklüziv fotolara, videolara rahatlıqla baxa bilməzsiniz. Bunun üçün həmin klubların saytına abunə olmalı, illik abunə haqqı ödəməlisiniz. Təbii ki, bizim klublar Avropa qrandı olmadığı üçün hələlik bu sistemə keçməsi tez olardı. Bilet satıına gəlincə, bəzi klublarımız, əsas da “Kəpəz" və “Sumqayıt" bilet satışından müəyyən qazanc əldə edə bilərlər. O ki qaldı forma satışına, bunun üçün fan-şoplar olmalıdır.
Hazırda Azərbaycanda yalnız “Qəbələ"nin rəsmi fan-şopu var. O da Qəbələdə yerləşdiyi üçün gəlir götürmək demək olar ki, mümkünsüzdür. Çünki paytaxtdan fərqli olaraq, Qəbələdə yaşayan insanlarda 25-30 manat verib adi forma almaq üçün maddi imkan yüksək deyil. Hələ biz 60-70 manatlıq geyim dəstlərindən danışmırıq. Bu mənada “Qəbələ" analoji fan-şopu Bakıda açsa, müəyyən gəlir götürə bilər.
Digər klublara gəlincə, bu gün “Qarabağ" kimi klubun rəsmi fan-şopunun olmaması klub üçün böyük minusdu. Halbuki, ölkədə Ağdam klubunun kifayət qədər azarkeşi var və onlar forma satışından yaxşı gəlir götürə bilər. Elə “Azərsun"a aid olan “Bazar Store" marketlərində ayrıca guşə açıb klubun atributlarını satmaq da mümkündür.
“Kəpəz" də həm Gəncədə, həm də Bakıda rəsmi fan-şop açsa, normal pul qazana bilər. Məsələn, gəncəlilər ölkə üzrə hər mövsümə 5-6 min forma sifariş versə və onları mövsüm boyu 15-20 manatdan satışa çıxarsa, 100 min manata yaxın vəsait əldə edə bilər ki, bu pul da “Kəpəz" kimi klub üçün o qədər də az məbləğ sayılmamalıdır. Eyni sözü “Xəzər Lənkəran" haqda da demək lazımdır. Çünki bu klubun da Lənkəranda və Bakıda xeyli tərəfdarı var.
Ölkənin ikinci sənaye şəhəri olan Sumqayıtı təmsil edən “Sumqayıt"ın da rəsmi fan-şopu yoxdur. Ona görə də siz hər oyunda tribunaları dolduran azareşlərin heç birinin əynində klubun formasını görə bilmərsiniz.
Ölkə üzrə ən çox azarkeşi olan komandalardan biri olan “Neftçi"də də bu sahədə iş sıfıra bərabərdi. Hələ 5-6 ay bundan əvvəl rəhbərlik Bakıda iki yerdə klubun rəsmi fan-şopunu açmağı planlaşdırsa da, sonradan bu plan “suya düşdü". Hazırda klubun azarkeşləri formaları daha çox öz kanalları vasitəsilə əldə edirlər.
“Het-trik news”qəzeti
saytlarin hazirlanmasi