7-ci yerin sahibi Avropa Liqasında necə çıxış edə bilər?
Bu gün və sabah keçiriləcək 4 oyunla Premyer Liqada 26-cı tura yekun vurulacaq. Çempionatın başa çatmasına hələ 10 tur var. Amma indidən hansı komandanın çempion olacağını, hansıların isə elitanı tərk edəcəyini böyük ehtimalla söyləmək olar. Avropa Liqasında ölkəmizi təmsil edəcək komandalara gəlincə, hələlik, qeyri-müəyyənlik qalmaqdadır. Burada 3 vəsiqə uğrunda 6 komanda mübarizə aparır. Əlbəttə, bu, yaxşı haldır. Deməli, çempionatda mübarizə var və mübarizə olan yerdə inkişaf mütləqdir. Lakin gərgin mübarizənin fonunda həm də gülməli vəziyyət yaranıb. Belə ki, 10 komandalı Premyer Liqada 7-ci yeri tutan komandanın Avropa Liqasına getmək imkanı var. Necə?
Hələ mövsüm başlamamışdan “Qarabağ"ın növbəti dəfə Azərbaycan çempionu olacağını söyləyənlər deyəsən, proqnozlarında yanılmayacaqlar. Bunu deməyə əsas var idi. Ağdam klubu çempionat start götürməmişdən Çempionlar Liqasında sərgilədiyi futbolla daha bir dəfə ölkə çempionu olacağına zəmin yaratmışdı. Üstəlik, Qurban Qurbanovun qurduğu optimal heyət və komandanın stabil çıxışı təmsilçimizin Avropa Liqasının qrup mərhləsinə düşməsinə səbəb oldu. Mütəxəssislər bu mövsüm “Qəbələ"nin “Qarabağ"la çempionluq yarışına çıxacağını da proqnozlaşdırırdılar. Axı, Qəbələ təmsilçisi də eynən “Qarabağ" kimi ölkəmizi qitə miqyaslı turnirdə təmsil edirdi. Lakin zaman keçdikcə “Qəbələ"nin “Qarabağ" gücdə və səviyyədə olmadığı üzə çıxdı. Həm də “Qəbələ"nin Avropa Liqasının qrup mərhələsinə düşməsinin təsadüf olduğu da məlum oldu. Bunu komandanın çempionatda sərgilədiyi baxımsız futbol və qrup mərhələsində göstərdiyi nəticələrə əsasən deyirik.
Bu il böyük ehtimalla “Qarabağ" yenə də çempion olacaq. Ağdamlılar 25-ci turdan sonra 54 xalla turnir cədvəlinə başçılıq edirlər və 2-ci yerdə qərarlaşan “Zirə"ni 7 xal qabaqlayırlar. Çətin ki, bu gedişlə hansısa komanda liderliyi “Qarabağ"dan ala bilsin. Belə də “Qarabağ" bu il ölkəmizi Çempionlar Liqasında təmsil edəcək. Hansı səviyyədə? Bir qədər bu haqda. Son illər qazandığı reytinq xallarının sayəsində yarışa 2-ci mərhələdən başlayacaq komandamızın ilk rəqibi nisbətən zəif olacaq ki, bu da böyük ölçüdə mərhələni adlamaq deməkdir. Əgər hansısa qeyri-adi hadisə baş verməsə, “Qarabağ" 3-cü mərhələyə asanlıqla vəsiqə qazanacaq. Bu mərhələdə rəqibin kimliyində çox şey asılı olacaq. Münasib rəqib düşəcəyi halda “Qarabağ" “pley-off"a keçmək gücündədir. Əks halda, yenidən “salam Avroliqa"!
“Qarabağ"ın ötən illə bu ilki heyətini müqayisə etsək, ciddi fərqin olmadığı görərik. Üstəlik, komandanın aparıcı futbolçuları ilə müqaviləsi yayda başa çatmır. Bu isə o deməkdir ki, “Qarabağ" heyət baxımından axsamayacaq.
Bəs, Avropa Liqasında ölkəmizi hansı komandalar təmsil edəcəklər? Qaydaya görə çempionatda 2-3-cü yerləri tutan və kuboku qazanan komandalar bu turnirə vəsiqə qazanacaqlar. Turnir cədvəlindəki vəziyyətə nəzər salsaq, debütant “Zirə"nin medal qazanmaq üçün şansı daha yüksəkdir. Lakin UEFA qaydalarına əsasən şəffaflığı təmin etmək məqsədilə avrokuboklarda iştirak edən komandaların minimum 3 yaşı olmalıdır. Başqa sözlə, komanda 3 il fəaliyyət göstərməli və öz ölkəsinin peşəkar liqalarında çıxış etməlidir. “Zirə" heç 2 il yoxdur ki, təsis edilib. Bu üzdən eyniadlı qəsəbənin təmsilçisi medalçılar sırasına düşəcəyi halda belə, qitə miqyaslı yarışlara buraxılmayacaq. İctimaiyyət arasında belə bir fikir formalaşmışdı ki, AFFA istəsə və zamin dursa, kluba güzəşt edilə bilər. Lakin AFFA-nın son Hesabat-Seçki Konfransından sonra mətbuata açıqlama verən Rövnəq Abdullayev bunun baş verməyəcəyini bildirdi.
Oxşar halla medallara digər iddialı “İnter" də qarşılaşa bilər. Bakı klubu həm də Azərbaycan Kubokunda çıxışını davam etdirir. Yəni, hər iki “cəbhə"də vəsiqə uğrunda mübarizə aparır. Lakin “İnter"in də “Zirə" kimi avrokuboklara buraxılmayacağı ehtimalı qalmaqdadır. Məsələ burasındadır ki, klubun keçmiş futbolçularına xeyli borcu var. “İnter” həmin futbolçularla borcları mərhələli şəkildə ödəməklə bağlı razılıq əldə edib və bu barədə UEFA-nı məlumatlandırıb. Lakin bunu borcların verilməsi ilə bağlı UEFA-nın son tarix kimi göstərdiyi 31 yanvara kimi etməyib. Buna görə də komandanın avrokuboklardan uzaqlaşdırılacağı ilə bağlı təhlükə qalmaqdadır. “İnter”in cəza almayacağı qalıb UEFA-nın insafına.
Belə də, bu komandaları 4 və 5-ci yerlərin sahibləri əvəz edəcəklər. Həmin komandalardan birinin “Qəbələ" olacağı heç kimdə şübhə doğurmur. “Qəbələ"nin medalçılar sırasına düşməyəcəyini əsla iddia etmirik. Komanda həm də kubokda çıxışını davam etdirir. Bu üzdən əminliklə Qəbələ təmsilçisinin bu il Avropaya çıxacağını söyləyə bilərik. Sözümüzün canı başqadır.
Tutaq ki, çempionat başa çatanda “Zirə" və “İnter" 2-3-cü yerəri tutdular və “İnter" Azərbaycan Kuboka sahib çıxdı. Ötən ildən qüvvəyə minən qaydaya görə kubokun finalçısı Avropa Liqasında iştirak edə bilməz. Bu halda həmin turnirdə daxili birincilikdə 4-6-cı yerdəri tutan komandalar çıxış edəcəklər. “Qəbələ"nin məsələsinə toxunduq. Bəs, qalan 2 komanda hansılar olacaq? Onlardan birinin “Kəpəz" olması ehtmalı böyükdür. Digəri isə... Adam “Neftçi" demək istəyir. Amma bu gedişlə “Neftçi" heç 6-cı yeri də tuta bilməyəcək. Kubokdakı çıxışına gəlincə, 6-cı yerə sahib çıxmaq gücündə olmayan bir komandanın kuboku götürəcəyi heç inandırıcı deyil. AZAL? Tutaq ki, AZAL 6-cı yerə sahib çıxdı. Komanda hansı heyətlə, hansı büdcə ilə Avropada özünü göstərəcək. Oxşar hal “Kəpəzə"ə də aiddir, “Neftçi"yə də. Bir məqama da diqqət yetirək, AZAL-ın beynəlxalq yarışlarda oynamaq üçün lisenziya verilməyə bilər. Əgər 6-cı yeri tutmaqla avroliqaya vəsiqə qazansalar belə, lisenziya olmayacağı halda Biləcəridən o yana kedə bilməyəcək və iştirak hüququ avtomatik olaraq 7-ci yerin sahibinə keçəcək.
Eyni vəziyyət “Qəbələ"nin Azərbaycan Kubkunu götürəcəyi halda da təkrarlana bilər. “Zirə" yaşına, “İnter" “başına" görə Avropaya gedə bilməyəcək. “Qəbələ" kubokun qalibi kimi sözügedən turnirə vəsiqə qazanacaq. Qalan 2 komanda 5-6 yerlərin sahibləri olacaq. AZAL “6-lığ"a düşsə, lisenziya məsələsində “ilişəcəyi" halda 7-ci yeri tutan komanda Avropadakı təmsilçimiz olacaq. Doğrudan da, gülməli vəziyyətdir. Əlbəttə, bunlar hamısı ehtimaldır. Amma gerçəyə çevrilmə faizi böyük olan ehtimal. O ki, qaldı “Sumqayıt", “Xəzər Lənkəran" və “Rəvan"a, sonuncu 2 komandanın havası çoxdan çalınıb. “Sumqayıt"da vəziyyət digərlərinə nisbətən yaxşı olsa da, bu komandanın avrokuboklarda iştirakı hələ çox tezdir. Kim bilir, bəlkə də çox gecdir.
Bir məqamı da qeyd etmək vacibdir. AFFA hər il klublara Premyer Liqada və UEFA bayrağı altında keçirilən yarışlarda iştirak etmək üçün lisenziya verir. Bu il lisenziyalar mayda “paylanacaq" və həmişə olduğu kimi klublarda idman, infrastruktur, kadr, hüquq və maliyyə meyarları əsas götürüləcək. Bu meyarlardan birinə cavab verməyən klubun Avropaya yolu bağlanacaq. Deməli, hansı klubun Avropaya gedə biləcəyi həm də AFFA-dan asılıdır.
Görünən budur ki, bu il təmsilçilərimiz Avropa səhnəsində ancaq iştirakla kifayətlənəcəklər. “Qəbələ" nəsə gözləməyə dəyər. Dəyərmi? Hazırki heyət və göstərilən futbolla çətin ki, bəxt ikinci dəfə “Qəbələ"nin üzünə gülsün. Komandanın əksər legionerləri ilə müqavilə müddəti yayda başa çatacaq. Onlarla müqavilə müddəti yenilənəcəkmi? Manatın devalvasiyasından sonra “Qəbələ"də maliyyə vəziyyətinin əvvəlki kimi olmadığı hamıya məlumdur. Bu üzdən klub rəhbərliyinin bir çox lazımsız gəlmələrlə yollarını ayıracağı gözlənilir. Onların yerinə isə səviyyəli futbolçuların gətirilməsi üçün daha çox pul lazımdır. Digər təmsilçilərimizdə də maliyyə vəziyyəti acınacaqlıdır. “İnter"in borcu başından aşır. UEFA cəzalandırmayacağı halda “bankirlər" Avropa səhnəsində uğur qazana bilər (Əgər 2 mərhələ keçməyə uğur demək mümkündürsə - red). Çünki, “İnter"in özünə görə Avroliqa təcrübəsi və babat heyəti var. “Kəpəz" və “Neftçi"dən danışmağa dəyməz. SOCAR-dan maliyyələşən hər iki klub elə daxili birincilikdə oynasa yaxşıdır. O ki qaldı “Qarabağ"a, ümidimiz yenə də Ağdam təmsilçisinədi. Atalar “şər deməsən, xeyir gəlməz", deyiblər. Birdən, “Qarabağ" büdrəsə...
NEMƏT
“Het-trik news” qəzeti
saytlarin hazirlanmasi