"Çox çətin mərhələ olduğunu anlayırıq"
"Qarabağ"la oyuna adi qaydada hazırlaşırıq. Rəqibin çox yaxşı komanda olduğunu bilirik".
Sportal.az xəbər verir ki, bu sözləri "İnter"in baş məşqçisi Zaur Svanadze deyib.
Azərbaycan Premyer Liqasının XXXI turunda "Qarabağ"la keçiriləcək oyun haqda danışan gürcüstanlı mütəxəssis bunları bildirib:
"Yaxın 3 oyunu məhz "Qarabağ" komandasına qarşı keçirəcəyik. Ona görə də, çox çətin mərhələ olduğunu anlayırıq. Buna baxmayaraq, yaxşı oynamağa çalışacağıq. Çətinliklər var, amma biz ilk üçlüyə düşmək üçün var gücümüzlə çalışacağıq. Bunu çox istəyirik və ciddi hazırlaşırıq".
Z.Svanadze komandanın zədəli futbolçularının vəziyyətinə aydınlıq gətirib:
"Rauf Əliyevi nöbvəti oyunda görməyə ümid edirəm. O, 30-45 dəqiqə oynamağa hazırdır. Nizami Hacıyev fərdi qaydada məşq edir. Təqribən iki həftəyə meydana dönəcək. İlkin Qırtımov da zədəlidir. Qızdırmadan əziyyət çəkən Abbas Hüseynov da oyunu buraxmalı olacaq. Sezar Meza Kolli artıq komanda ilə məşq edir. Amma paraqvaylı oyunçunun "Qarabağ"la oyuna çıxacağı hələlik sual altındadır. Kamran Ağayev də komandayla birlikdə məşq edir. Ümid edirik ki, yaxın gələcəkdə onu meydanda görəcəyik".
saytlarin hazirlanmasi