Svanadze: "Bu cür təcrübəli futbolçu belə səhvlər etməməlidi"

21:18 - 22 Aprel 2016

"Qarşılaşma "Qarabağ"ın tam üstünlüyü ilə keçdi"
 
Azərbaycan Premyer Liqasının 31-ci turunda səfərdə "Qarabağ"a 0:2 hesabıyla məğlub olan "İnter"in baş məşqçisi Zaur Svanadze oyunla bağlı fikirlərini bildirib.
 
Sportal.az xəbər verir ki, gürcü mütəxəssis oyun barədə bunları deyib:
 
- Oyun haqqında nə deyə bilərəm? Qarşılaşma "Qarabağ"ın tam üstünlüyü ilə keçdi. Bizdən fərqli olaraq onlar çoxlu qol fürsətləri yarada bildilər. Əsas heyətin futbolçularından 6 nəfəri yox idi. Abbas Hüseynov, İlkin Qırtımov, Nizami Hacıyev, Kamran Ağayev kimi futbolçularımız zədəlidi. Bu da, oyun keyfiyyətimizə təsir göstərdi. Qarşıdakı oyunda daha yaxşı oyun sərgiləməyə çalışacağıq.
 
- Zəif nəticəyə səbəb kimi çox yüklənməni göstərmək olar?
- Yüklənmə yoxdu. Sadəcə, Elnur Abdullayev uzun müddət xəstə idi. Topa zərbə vuranda əzələsini dartdı. Seçim imkanımız çox azdı. Məsələn, İlkin Qırtımov bütün mövsüm oynayıb.
 
- Sərtan Taşkının oyununu necə dəyərləndirərdiz?
- Yaxşı oynadı. "Kəpəz"lə oyunda da yaxşı oynamışdı. Ona hansısa etirazım yoxdu.
 
- Demək olar ki, "İnter" çempionatı kuboka qurban verdi?
- Zədələri əsas səbəb kimi göstərmədim. Bu, sadəcə, səbəblərdən biridi. Bizim üçün hər iki turnir əsasdı.
 
- Komanda bu il avrokuboklara buraxılmayacaq. Futbolçuları oyunlara motivasiya etmək çətin deyil ki?
- Bildiyimə görə, şansımız hələ tükənməyib. Hələ avrokuboklara qatılmaq şansımız var. Komandanı gücləndirməliyik. Gördüyünüz kimi ehtiyat oyunçular skamyamızda ancaq bir neçə gənc oyunçu var.
 
- UEFA-nın sanksiyası qüvvədə qalsa, komandadakı gələcək taleyiniz necə olacaq?
- Hələ ki, bu barədə heç nə deyə bilmərəm. Komanda rəhbərliyilə danışdıqdan sonra bir söz demək olar.
 
- Kvekveskiri komandaya sizə görə gəldiyini demişdi. Siz komandadan getsəz, o da gedəcək? Bir də ki, Xizanaşvili son oyunlarda müdafiədə səhvlərə yol verir...
- Bu barədə Zurabla (Xizanaşvili) fasilədə danışdım. Bu cür təcrübəli futbolçu belə səhvlər etməməlidi. Bu, digər oyunçulara da təsir göstərir. O ki qaldı Kvekveskiriyə, o, hələ ki, komandada qalmaq istəyir.
 
- Ağabala Ramazanovu komandanızda görmək istəyərdiz?
- Bir çox azərbaycanlı futbolçu var ki, məmnuniyyətlə heyətimizdə görmək istəyərdim ki, Ağabala da onlardan biridi.
 
- Demək olar ki, Fomenko mövsümün sonunda gedəcək?
- Bunun üçün o, stabil oyun sərgiləməlidi.

Xəbər xətti