Hollandiya futbolu - müasirliyin təcəssümü YAZI

11:53 - 9 Sentyabr 2016

Futbol İngiltərədə yaransa da, Hollandiyada daha çox inkişaf edib. Hollandiya futbolu, bəlkə də Avropada birincidir. Kimsə bu fikrimlə razılaşmaya bilər. Amma Hollandiya futbolu haqqında bildiklərimi bölüşməklə fikrimin doğruluğunu əsaslandırmağa çalışacam. Hollandiyanın kiçik əraziyə sahib olmasına baxmayaraq, orada saysız-hesabsız futbol meydanları, onlarla futbol akademiyası var. Cəmi 17 milyon əhalisi olan ölkənin futbolu 10 diviziondan ibarətdir. Bunların 2-i peşəkar, 2-i yarımpeşəkar, 6-ı isə həvəskar divizionlardır. Həvəskar divizionun son 3 liqasında əsasən tələbələrdən təşkil olunmuş komandalar iştirak edirlər. Yəni, ölkədə hamı futbol oynamaq imkanı qazanır. O cümlədən Hollandiyada tələbə həyatı yaşayan bəndəniz də. Mənim üzvü olduğu komanda sonuncu, yəni həvəskar liqasının 6-cı divizionda iştirak edir. 

 

Komandam ilə ilk oyuna çıxacağım günü səbirsizliklə gözləyirdim. Çünki həvəskarlar liqasında, özü də sonuncu divizionda matçların necə keçirilməsi mənim üçün çox maraqlı idi. Düzü, səviyyənin aşağı olacağını, düşünürdüm. Amma zənnimdə yanılmışdım. Adı həvəskar olsa da, oyunlara, komandalara, ümumiyyətlə, futbola münasibətdə əsl peşəkarlıq gördüm.

 

Ərz edim ki, komandamızın rəsmi adı  KNVB-dir. Təhsil aldığım Eyndhoven Texnologiya Universitetinin 7 kişi və 3 qadın komandası var. Əsas komandamız həvəskarlar liqasının 4-cü, 2, 3 və 4-cü komandalarımız 5-ci, digər 2 komandamız isə 6-cı divizionda çıxış edir. Ev oyunlarımızı universitetimizin 8(!) meydanının birində, səfər oyunlarını isə ətraf kənd və qəsəbələrdə olan idman komplekslərinə məxsus meydanlarda keçiririk. Azərbaycanda hansısa bir universitetinin 10 komandasının, 8 futbol meydanının olmasını təsəvvür edə bilərsiniz? Ən maraqlısı isə, məskunlaşdığım Eyndhovendən qat-qat kiçik kənd və qəsəbələrdə də eyni idman infrastrukturunun olmasıdır. Səfər etdiyimiz hər yaşayış məntəqəsinin idman kompleksində ən azı 8 futbol meydanı var ki, onlardan da 4-ü təbii, digər 4-ü isə süni örtüklüdür. Oyunlar əsasən həmin şəhərdə yaşayan və ya yerli klubda oynayan bir şəxsə həvalə olunur. Yəni, hakim yerli olur. Doğrudur, bəzi hallarda hakim qərəzliyinə tuş gəlmək mümkündür. Ümumi götürdükdə, hakimlik o qədər də yüksək səviyyədə deyil. Çünki, hakimlər də həvəskarlar arasından seçilir. 6-cı divizionda bundan artığını gözləmək sadəlövhlük olardı. Yeri gəlmişkən, komandamızın qapıçısıyam. Futbol oynamaqla yanaşı, hər həftə 1 matçda hakimlik etməyə də vaxt tapırdım. Futbol oynadığım qədər hakimlikdən də zövq alıram. Hətta oyunları yaxşı idarə etdiyimə görə mövsümün qış fasiləsində universitetimizin oyunçuları arasında keçirilən sorğuya əsasən “ən yaxşı hakim" nominasiyasının qalibi oldum. Bilmək olmaz, bəlkə nə vaxtsa, Xəqani Məmmədovun yerini tutdum? Əlbəttə, bu, bir zarafatdır.

 

Hollandiyanın uşaq futbolu dünyada xüsusi çəkiyə malikdir. “Ayaks", “Feyenoord" və PSV kimi klubların akademiyaları hər il bir neçə ulduz yetişdirməklə, dünya futboluna öz töhfələrini verirlər. Sirr deyil ki, Hollandiyanın idarə olunması üçün qurulan düzgün sistem burada yerləşən akademiyalara da öz müsbət təsirini göstərir. Hər klubun akademiyası həm Hollandiyada, həm də müxtəlif ölkələrdə yerləşən 80-ə yaxın uşaq futbol məktəbləri ilə sıx əlaqədədirlər və daimi olaraq oradan istedadlı uşaqları öz klublarına cəlb etməyə çalışırlar. Buna görə Hollandiyada Azərbaycandan fərqli olaraq “baxışa gəlmək" söhbəti yoxdur. Onlar yalnız müqavilə bağladıqları skautların təklif etdiyi uşaqları baxışdan keçirirlər və bəyəndikləri təqdirdə akademiyaya cəlb edirlər.

 

Hollandiya futbolunda xoşagələn məqamlardan biri də azarkeş mədəniyyətidir. Bizimkilərdən fərqli olaraq, holland azarkeşlər sevimli komandalarını dəstəkləməyə gəldikdə matç zamanı heç vaxt tum çıtlamaz və ya yemək yeməzlər. Qida ehtiyaclarını əsasən fasilə zamanı ödəyirlər. Digər həsədaparıcı məqam stadiona təşrif buyuran bütün azarkeşlərin klubun bir çox bəstələrinin əzbərdən bilməsidir. Əksər hallarda kiçik qrupun oxuduğu bəstələr tezliklə hamı arasında yayılır və stadionda xoş ab-hava yaranır. Hollandlar əsasən ingilissayağı azarkeşliyə üstünlük verirlər - tribuna liderinə ehtiyac duyulmama, bəstənin istənilən şəxsin başlaması, barabandan istifadə etməmə və s. Ultras ideologiyası əsasən aşağı divizion klublarının azarkeşləri arasında geniş vüsət alıb. Sevimli komandasını dəstəkləməyə gələn azarkeşlərin ən azı 50 faizi mövsüm kartlarına sahibdirlər və hər matç onlar üçün ayrılmış eyni yerlərdə əyləşirlər. Digər yarı isə sadə klub kartına sahib olan azarkeşlərdir və onlar da istəyə görə bilet əldə edirlər. Klub kartına sahib olan hər bir azarkeş maksimum 2 bilet əldə edə bilər. Bu isə “qara bazar"ın fəaliyyət göstərməsinin qarşısını alır.
Hollandiyadakı klubların əsas gəlirləri sponsorluqdan, bilet, atribut və yetişdirdikləri gənc ulduz oyunçuların satışındandır. Məsələn, Hollandiya futbolunun “böyük beşliy”i sayılan “Ayaks", AZ “Alkmaar", “Tvente", “Feyenoord" və PSV-nin demək olar ki, bütün ev oyunlarında tribunalar tamamilə dolur. Bundan başqa hər klubun öz güclü akademiyası var və yerli futbolçular yetişdirməklə öz klublarına verəcəyi xeyirdən savayı hazırda ağır günlərini yaşayan milli komandalarına da öz töhfələrini verməyə çalışırlar. Hollandiya millisindən söz düşmüşkən, bir çox yerli azarkeşlər son zamanlardakı uğursuzluqları baş məşqçidə və onun seçdiyi “Ayaks"ın üzvlərində görürlər. Yeri gəlmişkən, Hollandiyanın bütün bölgə klublarının “Ayaks"a qarşı nifrəti var. “Böyük beşlik"də yer alan digər 4 klubun hər birisinin “Ayaks"la oyunları gərgin mübarizə şəraitində keçir. Hətta bir çox hallarda “Ayaks"ın çempion olmaması üçün digər klubların azarkeşləri əzəli rəqiblərinin tərəfini tutmaqdan belə çəkinmirlər. Məsələn, keçən mövsümün son turunda “Ayaks" və PSV-nin çempionluq taleyinə aydınlıq gəlirdi və demək olar ki, bütün digər klubların azarkeşləri “Ayaks"a qarşı olan nifrətə görə PSV-ə azarkeşlik etdilər. Sonda isə PSV çempion oldu və “Ayaks" tərəfdarlarından başqa hamı çempionatın sonucundan razı qaldı. Çempionluq bayramını Eyndhovendə görmək üçün sadəcə bu şəhəri ziyarət etmək lazımdır. Bütün cənub zonası sırf bu bayram üçün şəhərə axışmış və bütün şəhər ağ-qırmızı rənglərə boyanmışdı. Şəhərin hər bir küçəsində çempionluq qeyd olunurdu. 

 

Hollandiyada azarkeşlər stadionlara necə cəlb olunurlar? İlk öncə oyunu izləməyə gedən azarkeşi stadionda yaradılan ümumi şərait maraqlandırır. Məsələn, PSV-nin ev oyunlarını keçirdiyi “Philips"də soyuq aylarda azarkeşlərin isinməsi üçün tribunaların dam örtüklərinə xüsusi istilik sistemləri quraşdırılıb. Stadionun sanitar qovşaqları isə həmişə təmiz olur. Arenanın ərazisində isti və soyuq içkilərin, həmçinin, müxtəlif növ “fast-food"ların satışı təşkil edilir. Tribunadakı azarkeşlərə stüardlar nəzarət edir ki, bu da əlavə problemlərin yaranmaması deməkdir və oyuna baxmağa gələn azarkeş gülərüzlə qarşılanıb, eyni əhval-ruhiyyədə də yola salınır. Təbii ki, oyunun nəticəsindən asılı olmayaraq. Biletlərin qiymətləri əhalinin sosial durumuna və rəqib komandaya görə təyin olunur. Düzdür, əcnəbilər və digər ölkələrdən ora təhsil almağa gələn tələbələr üçün bu məbləğ yüksək görünə bilər. Amma orta yaşayışa malik holland üçün biletlərinin qiymətləri əlverişlidir. Nəhayət, azarkeşlərin stadionlara cəlb olunmasınada vacib amillərdən biri də klubların tarixi və cari nəticələridir. Təbii ki, klubun nə qədər zəngin tarixi və yüksək nəticələri olarsa, ətrafına bir o qədər çox tərəfdar toplayacaq. 

 

Müasir futbolda klubları futbol akademiyalarsız, infrastruktursuz, ən əsası azarkeşlərsiz təsəvvür etmək mümkün deyil. Hollandiya futbolu müasir futbolun ən yaxşı nümunələrindən biridir. Təəssüf ki, Azərbaycanda bunun şahidi olmuruq. Doğrudur, son illərdə “Neftçi"inin, “Qarabağ"ın, “Qəbələ"nin timsalında Avropa səhnəsinə az-çox uğur əldə etmişik. Amma bu müasir futbola inteqrasiya demək deyil. Nə qədər ki, klublarımız uşaq futboluna barmaqarası münasibət bəsləyəcək, nə qədər ki, klub idərəçiliyi aşağı səviyyədə olacaq, nə qədər ki, klublar fərdlərdən asılı olacaq, oyunlar boş tribunalar önündə keçiriləcək, Azərbaycanda müasir futboldan danışmaq yersiz olacaq. Nə vaxtsa Azərbaycanda Hollandiya futboluna, müasir futbol oxşar nəyisə görmək arzusu ilə...

 

Şamil MUSTAFAYEV
Eyndhoven Texnologiya Universitetinin tələbəsi,
“Milli dəstə" fan-klubunun həmtəsisçisi
“Het-trik news” qəzeti

Xəbər xətti