Uşaq futbolunda rast gəlinən zədələr və xəstəliklər ARAŞDIRMA

13:47 - 24 Yanvar 2017

Əvvəlki yazımızda futbolla yanaşı idmanın müxtəlif növləri ilə məşğul olan uşaqlarda rast gəlinən Oskud-Şlyatter xəstəliyindən, onun yaranma səbəblərindən, müalicəsindən yazmışdıq. Mövzunu davam etdiririk.

 

Osteoxondropatiya nədir?

 

Osteoxondropatiya - oynaqlarda sümüyün üzərini örtən qığırdaqların xəstəliyidir. Yunan dilindən tərcümədə osteo - sümük, xondros - qığırdaq, patiya isə əziyyət çəkmək, ağrımaq mənasını verir. Osteoxondropatiya mərhələli və uzun sürən xəstəliklər qrupudur. Xəstəliyin əsasını sümüyün düzgün qidalanmasının pozulması təşkil edir və nəticədə sümükdə oseptik nekroz əmələ gəlir.

 

Legge, Kalve, Pertes, Freyberq, Fridrix, Kalve, Harms, Şeyerman, Mau, Oskud, Şlyatter, Köniq və digərləri... Hamısı osteoxonrdropatiyanın müxtəlif növlərini öyrənən alimlərdir və həmin xəstəliklərə onların adları verilib. Osteoxondropatiyanın elə formaları var ki, uşaqlarda daha tez-tez rast gəlinir. Demək olar ki, xəstəliyin bütün formaları müalicəyə yatımlıdır və xəstəyə vaxtında düzgün diaqnoz qoyularsa, doğru müalicə aparılarsa nəticə sevindirici olur.

 

Tibbdə osteoxondrapatiya  4 qrupa bölünür. Onlar haqqında uzun-uzadı yazmaqla oxucuları yormaq istəmirik. Məqsədimiz futbol da daxil olmaqla uşaqların məşğul olduqları idman növlərində rast gəlinən zədələrdən və osteoxondrapatiyanın müxtəlif formalarından bəhs etməkdir. 

 

Köniq xəstəliyi

 

Bu xəstəlik ilk dəfə 1558-ci ildə Ambroiz Pare tərəfindən öyrənilib. 1870-ci ildə Paget adlı həkim ilk dəfə osteoxondropatiyanın bu növünü tövsif edib. Yalnız 1887-ci ildə alman cərrahı Frans Köniq (1832-1910) osteoxondropatiyanın bu formasını belə demək mümkünsə, yenidən kəşf edib və xəstəlik onun adı ilə adlandırılıb. Həmçinin, məhz Köniq ilk dəfə “gəzən osteoxondrit" terminindən istifadə edib ki, xəstəliyin digər adı da belədir. 

 

Hər 100 min insandan 15-30-da Köniq xəstəliyi müşahidə olunur. Adətən 11-18 yaşlı uşaq və gənclərdə bu xəstəlik rastlanır. Digər yaş qrupu insanlar da Köniq xəstəliyindən sığorta olunmayıblar. Hətta praktikada 5 yaşına kimi uşaqlarda da Köniq xəstəliyi aşkar olunub. Oğlanlar qızlara nisbətən daha çox bu xəstəliyin “quluna” çevrilirlər". Bəs, Köniq xəstəliyi özündə nəyi əks etdirir?

 

Köniq xəstəliyi qamış sümüyünün diz oynağındakı hissəsində sümüyün üzərini örtən qığırdağın bir hissəsinin qopub oynağa düşməsi ilə müşahidə olunur. Qopmuş qığırdaq hissəsi oynaqda yad cismə çevrilir. Diz oynağı ilə yanaşı sözügedən pataloji proses nadir hallarda digər oynaqlarda, o cümlədən, topuqda, biləkdə, qasıqda da müşahidə olunur. 

 

Xəstəliyin dəqiq yaranma səbəbi tibbə məlum olmasa da, həkimlər bir neçə versiya üzərində dayanırlar. Onların arasında irsi faktor, ayaqdakı orta arteriyada qan dövranının pozulması, qığırdaq toxumalarının düzgün qidalanmaması, zədələr, meniskus yırtıqları, infeksion xəstəliklər... hətta pis vərdişlr, o cümlədən spirtli içkilərin, narkotik maddələrin və tütün məmulatlarının qəbulu göstərilir. Xəstəlik orqanizmə görə özünü müxtəlif cür aparır. Bəzi insanlarda bədən hərarəti yüksəldiyi halda başqalarında bu hal olmaya da bilər. Ümumi simptomlar - dizdə ağrılar, şişkinlik, hərəkət məhdudiyyəti, müəyyən hallarda dizin bloklanması və s.
Köniq xəstəliyi 4 mərhələdən ibarətdir. Birinci mərhələdə qığırdağın sərhədi məlum olmayan bir hissəsi yumşalaraq kövrəkləşir ki, bu zaman xəstə yeriyəndə və qaçanda dizində küt ağrılar yaranır, fiziki yüklənmələrdən sonra ağrılar artır, şiş əmələ gəlir. İkinci mərhələdə kövrəkləşən hissənin sərhədi bilinir, oynaqda ağrılar mütəmadi və şiddətli xarakter alır. Bu isə o deməkdir ki, qığırdağın zədələnmiş hissəsində “irəliləyiş" baş verir. Üçüncü mərhələdə qığırdağın nekroza uğramış mikro hissələri, dördüncü mərhələdə isə bütöv bir hissəsi qoparaq oynağa düşür. Bu zaman ağrılar dözülməz həddə çatır, yuxarıda sadalanan simptomların əksəriyyəti ortaya çıxır. Xəstəliyin diaqnostikasında ən çox istifadə olunan rentgen müayinəsindən keçməklə prosesin hansı mərhələdə olduğunu asanlıqla müəyyən etmək olar. Bundan başqa Ultrasəs Müayinəsi (USM), Kompüter Tomoqrafiyası (KT) və Maqnit-Rezonans Tomoqrafiyası da  (MRT) effektlidir. Amma ən dəqiqi diz oynağının artroskopik müayinəsidir. Sadalanan müayinə üsullarından birindən istifadə etməkdə dəqiq diaqnoz qoyulduqdan sonra xəstəliyin müalicə üsulunu müəyyən etmək olar.
Müalicə metodlarına gəlincə, bəri başdan qeyd edək ki, əməliyyat daha çox yaşlı insanlara tövsiyyə olunur. Uşaq və gənclər adətən konservativ müalicə ilə “canlarını qurtarırlar". Çünki onlarda sümük və qığırdaq qatı tam formalaşmır və inkişafda olur. Müalicə metodları nədən ibarətdir? İlk növbədə ayağı fiziki yükləmələrdən azad etmək lazımdır. Fizioterapiya və masaj diz nayihəsində qan dövranını və maddələr mübadiləsini yaxşılaşdırır. Müalicəvi idmanla əzələlər möhkəmləndirilir. Bu da diz oynağına düşən yükün azalması deməkdir. Bunlardan başqa müxtəlif dərmanların köməyi ilə qığırdağın zədələnmiş hissəsi bərpa olunur. Ümumi götürdükdə, xəstəlik vaxtında aşkarlandıqda, doğru diaqnoz qoyulduqda və düzgün müalicə aparıldıqda tez sağalandır. 

 

Daban mahmızı

 

İnsan orqanizminin bütün yükü ayaqlara, əsasən də pəncələrə düşür. Çox vaxt zavallı pəncələr təkcə insanın özünü deyil, əlavə yükləri də gəzdirməli olur. Bu zaman pəncənin alt hissəsindəki bağlarda kiçik mikrozədələr və yırtıqlar əmələ gəlir. Əksər hallarda insan orqanizmi özü həmin zədələri bərpa edir. Lakin bu olmayanda zədələnən yerdə və ətraf toxumalarda iltihab baş verir. Daban sümüyü həmin iltihaba “cavab vermək" məcburiyyətində qalır və böyüməyə başlayır. Nəticədə daban sümüyündə, pəncənin alt hissəsində iti çıxıntı əmələ gəlir. Bu çıxıntıya daban mahmızı deyilir. Daban mahmızı el arasında həm də Daban şporu kimi tanınır. 
Dahan mahmızı adətən yaşlı insanlarda olur. Lakin uşaqlar da bu mərəzdən sığortalanmayıblar. Rəqqaslarda, idmançılarda, o cümlədən futbolçularda daban mahmızına tez-tez rast gəlinir. Bunun da sadə səbəbi var - artıq yükləmələr və zədələr. 

 

Daban mahmızı çox vaxt hər 2 pəncədə müşahidə olunur. Xəstəlik başlanğıc dövründə hiss olunmaya bilər. Lakin proses irəlilədikcə pəncənin alt pissəsində kəskin ağrılar yaranır. Hətta bu ağrılar adi gəzinti zamanı belə dözülməz ola bilir. Ağrılar Daban mahmızının böyüklüyündən asılı olmur. Çox kiçik çıxıntı belə insanı narahat edə bilir. Hesab edin ki, pəncənizin altına iynə batıb və bu iynə böyük və ya kiçikliyindən asılı olmayaraq eyni ağrını verəcək. Ümumiyyətlə, Daban mahmızının tam yaranma səbəbi tibbə məlum deyil. Bayaq qeyd etdiyimiz yükləmələr və zədələrdən başqa yastıpəncəlik, artıq çəki, oynaq xəstəlikləri, daban sümüyünün travmaları, ayaqlarda qan dövranının pozulması, hətta onurğa xəstəlikləri də Daban mahmızının yaranmasına gətirib çıxara bilir. Amma bir daha təkrar edirik, əsas “günahkar" yükləmələr və zədələrdir. 
Bu xəstəliyi müəyyən etmək o qədər də çətin deyil. İlk növbədə həkim-ortopedə müraciət etmək lazımdır. Təcrübəli həkimlər xəstəliyi ağrıyan nayihəyə toxunuşla müəyyən edə bilirlər. Hər halda rentgen müayinəsindən keçmək daha məqsədəuyğundur. Daban sümüyündə ola biləcək iti çıxıntı rentgen aparatı tərəfindən aydın göstəriləcək. 

 

Daban mahmızından yaxa qurtarmaq o qədər də çətin deyil. İlk dövrdə pəncəyə rahatlıq vermək və yükləmələrdən azad etmək lazımdır. Futbolçuların sağalana kimi məşqləri buraxması məsləhətdir. Əks təqdirdə xəstəlik daha da irəliləyə bilər. Müalicə vasitələri kimi dərmanlardan, müxtəlif ortopedik vasitələrdən, məsələn, ayaqqabının içinə qoyulan xüsusi içliklərdən, həmçinin, fizioterapiyadan, müalicəvi bədən tərbiyəsindən və s.-dən istifadə edilir. Nadir hallarda cərrahi müdaxiləyə ehtiyac duyulur ki, bu zaman xəstənin reabilitasiyası o qədər də çox olmur. Əsas Daban mahmızı da daxil olmaqla xəstəlikləri vaxtında, başlanğıc mərhələdə təyin etmək lazımdır. Bu halda onların sağalması da az vaxt aparacaq, həm də çətin olmayacaq.

 

«Het-trik news» qəzeti

Xəbər xətti