"İnter"in yeni rəhbəri: "Gələcəyə ümidlə baxmaq olar"

16:28 - 31 Yanvar 2017

“Rəsmi məlumatın yayıldığı kimi, mövsümün sonuna qədər “İnter” klubunda səlahiyyətli nümayəndə olacağam”.

 

Sportal.az xəbər verir ki, bu sözləri apasport.az saytına açıqlamasında Bakının “İnter” klubunun yeni rəhbəri Rəmiş Malıyev deyib.
 
Fevralın 1-dən “İnter”in idarəçiliyini öz üzərinə götürəcəyini rəsmən təsdiqləyən AFFA Rəmiş Malıyevi kluba səlahiyyətli nümayəndə təyin edib.
 
Hazırda AFFA-nın Hüquq və Kadr şöbəsinin müdiri vəzifəsində çalışan Malıyev yeni təyinatı ilə bağlı danışıb. O, qarşıya qoyulan məqsədlərdən söz açıb: “Əsas məqsədimiz klubun çempionatdakı çıxışını təmin etmək, uğurlu nəticə qazanmağa çalışmaq və paralel olaraq, sponsor axtarışını davam etdirməkdi. Mövsümün sonuna kimi bu işi davam etdirəcəyik. Sponsor tapmalıyıq ki, klub növbəti mövsümdə də fəaliyyət göstərsin. Bizim üzərimizə düşən məsələlərdən biri də klubdakı problemləri araşdırmaqdı”.  
 
Sponsor axtarışının davam etdiyini bildirən səlahiyyətli nümayəndə bunun müsbət sonluqla nəticələnmək ehtimalının daha çox olduğunu qeyd edib: “Sponsor axtarışları davam edir. Bu məsələ ilə bağlı işlər gedir. Açığı, müəyyən işartılar var, danışıqlar aparırıq. Amma indidən konket fikir bildirmək düzgün olmaz. Sadəcə, onu deyə bilərəım ki, gələcəyə ümidlə baxmaq olar”.
 
Malıyev klubun idarəetmə sisteminin dəyişməyəcəyini vurğulayıb: “Bu sarıdan heç bir dəyişiklik olmayacaq. Bizim gəlib nəsə dəyişiklik etməyimiz düzgün çıxmaz. Klub əvvəl hansı sistemlə idarə olunurdusa, o cür də davam edəcəyik”.
 
AFFA-nın hüquqşünası “sponsor tapılandan sonra da klubdakı fəaliyyətinizi davam etdirəcəksizmi” sualına belə cavab verib: “Bu hələ dəqiq bilinmir. Sponsor tapılandan sonra bəlli olacaq”.
 
Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankı ASC-nin (ABB) İdarə Heyəti bank tərəfindən “İnter” Peşəkar İdman Klubuna sponsorluğun dayandırılması haqqında qərar verib. Bundan sonra AFFA klubun idarəetməsini öz üzərinə götürməklə bərabər yeni sponsor axtarışına başlayıb.

Xəbər xətti