Azərbaycan Beynəlxalq Bankı “İnter”i maliyyələşdirməkdən imtina edəndən sonra AFFA klubda əsas söz sahibinə çevrildi. Bundan sonra “bankirlər”in “ipi” ölkənin bir nömrəli futbol qurumunun əlində olacaq. Transfer çalışmalarına qadağa qoyulan klubu qış fasiləsində iki aparıcı oyunçunun - Ruslan Abışovla Ağabala Ramazanovun tərk etməsi azmış kimi, sponsor dəyişikliyinin də futbolçulara necə təsir edəcəyini zaman göstərəcək. Onların nə düşündüyünü, nələr çəkdiyini özlərindən yaxşı bilən olmaz. Düşərgədəki ab-havanı öyrənmək, vacib suallara cavab tapmaq üçün mətbuata açıq olması ilə seçilən Adrian Skarlatakeni aradıq. Amma söhbətə birbaşa futboldan yox, rumın futbolçunun qış fasiləsi dönəmində xanımı ilə birgə dincəldiyi Baham adalarından başladıq.
- Baham adalarında günəş şüası altında qızınandan sonra Bakının şaxtalı havası, yəqin ki, ləzzət etmir.
- (gülür) Yox, niyə ki? Öyrəşdiyimiz şeydi. Hər dəfə istirahət üçün harasa gedirsən, bir də gözünü açırsan ki, futbol oynamaq vaxtıdı. Futbol oynamasaq, Baham adalarının və başqa ölkələrin ləzzətini görə bilmərik. Ona görə də şaxta, qar – hamısı normaldı. Eybi yox, 3-4 aya havalar isinəcək.
- Yeri gəlmişkən, niyə məhz Baham adaları?
- Fasilə dönəmində onsuz da harasa getməyi planlaşdırırdıq. 4-5 ay boyunca yığılan yorğunluğu hardasa candan çıxarmaq lazımdı. Bundan öncə Dominikanda olmuşdum. Ora da adadı, çox xoşuma gəlmişdi. Növbəti dəfə yenə hansısa adaya səfər etməyi planlaşdırmışdıq. Elə oldu ki, olduqca sərfəli qiymətə turizm paketi əldə etdim. Turizm agentliyində çalışan bir dostum mənə bu haqda məlumat verən kimi düşünmədən razılaşdım. Sanki göydəndüşmə oldu.
- Çox ucuz idi?
- Başqa ölkələrlə müqayisə edəndə nisbətən ucuz başa gəldi. Təxminən Antalyada, Bodrumda dincəldiyimiz qiymətə. Öz aramızdı, Antalyaya nə qədər getmək olar? Həm də Türkiyə ilə Baham adaları arasında böyük fərq var. Havası, dənizin suyu nəyə desən, dəyər.
- Tutaq ki, agentlikdə tanışım yoxdu. İkinəfərlik, birhəftəlik istirahət mənə neçəyə başa gələr?
- Adambaşına maksimum 1000 avro. Amma bura təyyarə bileti daxil deyil. O da ucuzdu, baha deyil. Antalyanın normal otelinə getsən, yenə həmin pulu xərcləyəcəksən.
- İki nəfərə nə qədər xərcin çıxdı?
- Bütün xərcləri hesablasam, hardasa 2500 avro.
- “Feysbuk”da paylaşdığın şəkillərə baxırdım. Sanki o boyda adada sizdən başqa heç kim yox idi.
- Hə, Marius Pena (“Bakı”nın sabiq rumın futbolçusu – H.) ilə adanı bron eləmişdik (gülür). Zarafat öz yerində, bizdən başqa da turistlər var idi. Amma sayları elə də çox deyildi. Adanı sevməyimin bir səbəbi də odu ki, qələbəlik olmur, rahatlıq tapıram. Sadəcə, o şəkilləri meşədə, dəniz qırağında heç kim olmayan yerlərdə çəkdirmişdik.
- Oteldə qalırdız, yoxsa meşədə çadırda?
- Çadır xidməti də var idi, amma biz oteli seçdik. Yanımızda xanımlar varkən, çadırda qalmaq mümkünsüzdü. Qadınları bilmirsiz?! (gülür)
- Baham adalarında diqqətini nə çəkdi, hansı yeniliklərlə üzləşdin?
- Dəhşətli dərəcədə gözəl mənzərəsi var. Adicə çəkdiyim şəkillərə sonradan baxanda təəccüblənirdim. Sanki “fotoşop”da düzəldilib, şəkillərə effekt verilib. Çənəyə qədər suya girirsən, aşağı baxanda dənizin dibi görünür. Yəni su o qədər təmizdi. Bir növ Dubaydakı çimərliklərə bənzəyir.
- O cür istirahətdən sonra həvəslə futbol oynamağa dəyər.
- Əlbəttə! Ordan birbaşa Antalyaya - “İnter”in düşərgəsinə yollandım. Ləzzət etdi.
mənbə: "Futbol plus"