Azərbaycan Premyer Liqasının XIX turunun “İnter” – “Zirə” oyununda (1:1) qeydə alınan avtoqol mövsümdə 4-cü olub.
Sportal.az xəbər verir ki, meydan sahiblərinin heyətində Denis Silva öz qapısına qol vurub. Maraqlıdır ki, cari mövsümün bütün avtoqollarına braziliyalılar imza atıb. “Neftçi”nin müdafiəçisi Jairo Rodriges “Qarabağ”la iki, “Qəbələ” ilə bir oyunda xətaya yol verməklə ümumilikdə 3 dəfə avtoqol müəllifi olmuşdu. Əvvəlki çempionatlarda “sambaçılar”ın daha 7 avtoqola məyus olduğunu nəzərə alsaq, bu ölkədən olan legionerlər 11 dəfə öz qapısına qol vurub.
Elə Denis də əvvəlki 7 avtoqoldan birinin müəllifi olub. O, 2010-cu il dekabrın 11-də “Neftçi”nin heyətində çıxış edərkən “Bakı” ilə görüşdə öz qapısına qol vurub. 2261 gündən sonra eyni xətaya yol verən müdafiəçi 1-dən çox avtoqol edən 21-ci futbolçu olub. Onlardan 4-nün hərəyə üç, 17-nin isə hərəyə 2 belə qolu var.
Ümumilikdə isə Azərbaycan çempionatları tarixində 162 avtoqol qeydə alınıb. Paytaxt derbisindəki avtoqol “İnter” üzvlərinin 8-ci uğursuzluğu olubsa, “Zirə” 3-cü dəfə rəqib qoluna sevinib.
saytlarin hazirlanmasi