"Robert Prosineçkinin vaxtında milliyə bunadək çağırılsam da, oynamamışdım. Uzun müddətdən sonra millinin heyətində 45 dəqiqə oyun sərgilədim".
Sportal.az xəbər verir ki, bu fikirləri "Qafqazinfo"ya açıqlamasında Azərbaycan milli komandasının futbolçusu Rauf Əliyev bildirib.
Millimizin Qətər yığmasına səfərdə 2:1 hesabı ilə qalib gəldiyi yoldaşlıq görüşündə fasilədən sonra meydana çıxan "İnter"in hücumçusu oyunun videoyazısını izləyə bilmədiklərini söyləyib:
"Qarşılaşmaya maraq az idi. 5-6 nəfər kənardan izləyirdi. Belə bir şey yox idi ki, oyunun nəticəsi bukmeker kontoruna qoyulduğuna görə qapalı keçirilirdi. Belə olanda, əksinə matç göstərilməlidi. Ərəblər dedilər ki, qarşıdakı iki vacib oyunları - İran və Özbəkistanla matçları var. Buna görə də bizimlə qarşılaşmanı qapalı keçirirlər".
Rauf Almaniya ilə rəsmi matçda da oynayacağına böyük ümidlər bəsləsə də, Prosineçki ona dəvət göndərməyib:
"Heyətə baxanda sadəcə, gülümsündüm. Siz də, azarkeşlər də görürsüz. Mənim nəsə deməyim artıq mənasızdır. Prosineçki ilə ilk görüşümdə söhbətimiz olmuşdu, O, mənə inandığını, oynadacağını demişdi. Milliyə nə vaxt çağırılacağamsa, canla-başla oynayacağam".
Əliyev kənardan izləyəcəyi Almaniya ilə matçdan da söz açıb:
"Çətin rəqibdir, gücü hamıya bəllidir. Millimiz sonadək mübarizə aparacaq. Bunun necə alındığını oyun göstərəcək. Belə rəqibə qarşı 11 nəfərin hamısı müdafiə olunur. Çünki çox güclü komandadır".
saytlarin hazirlanmasi