AFFA üçün inkişaf modeli: Belçika futbolunun yüksəlişi necə baş verdi?

16:22 - 27 Aprel 2017

AFFA yanında Media Komitəsinin elan elədiyi layihə müsabiqəsində “istənilən aktual mövzuda fərdi jurnalist araşdırması” kateqoriyası üzrə “Aparıcı futbol ölkələrinin inkişaf strategiyası, klubların fəaliyyət mexanizmi və onlardan bəhrələnməyin üsulları” mövzusunda araşdırmalara başlayırıq.

 

I YAZI

 

Bu yazıda Belçika futbolunun son illərdə keçdiyi inkişaf yoluna baxacağıq. İnkişafa necə nail oldular? Bu qədər istedad necə üzə çıxdı?

 

Belçika dünyada ən dadlı şokolad istehsal eləyən ölkə kimi daha çox tanınsa da, son vaxtlar futbolu ilə də diqqəti cəlb edə bilib. Düzdü, Belçika futbol tarixi olan ölkədir, Avropa (1972-ci il gümüş, 1980-ci il bürünc) və dünya çempionatlarında (1986-cı il 4-cü yer) nəticələri olub. Amma son 10-15 ildə Belçika futbolunda bir durğunluq yaşanırdı. Maraqlıdır ki, Belçika cəmi 6 ilin içində (2009-2015) FİFA reytinqində 66-cı pillədən 1-ci pilləyə yüksələ bilir. Və bu, təsadüf deyil. Bu yüksəliş düzgün hazırlanmış inkişaf strategiyası hesabına əldə edilib.

 

Belçika futbolunun son illərdəki yüksəlişini Mişel Sablonun adıyla bağlayırlar. Əvvəllər milli komandanın məşqçilər korpusunda yer alan Sablon DÇ-1998-dəki uğursuzluqdan sonra ölkə futbolu üçün yeni inkişaf planı hazırlamaq qərarına gəlir. Bu işi Bob Brovaysla həyata keçirməyi planlaşdıran Sablon həmkarı ilə birlikdə qonşu Hollandiya və Fransada tətbiq olunan oyun fəlsəfəsəni, məşq metodikasını öyrənir. Daha sonra “Ayaks” və “Barselona” klublarında görülən işlərlə tanış olurlar. Xeyli araşdırmadan sonra belə qənaətə gəlirlər ki, Belçikanın bütün yaş qrupları üzrə milli komandaları 4-3-3 sxemi ilə oynamalıdır.

 

Ölkədə anlamağa başlayırlar ki, son illərdə səviyyəli futbolçuların yetişməsindən çox, nəticələrə önəm verilib. Klub rəhbərlərinin, futbol idarəçilərinin baxışlarını dəyişmək üçün Mişel Sablon 100-dən çox təlim keçir. AVRO-2000-dən əldə olunan gəlir hesabına Brüssel yaxınlığında futbol mərkəzi inşa olunur. Məşqçilik kurslarını sərbəst edirlər və 90-cı illərlə müqayisədə kurslara gələnlərin sayı 10 dəfə artır. Sablonun xahişi ilə Leven Universitetinin professoru, keçmiş futbolçu Verner Xelsen Belçikada uşaq və gənclər komandalarının 500-dən çox oyun və məşqlərini təhlil eləyir. Tədqiqatlar göstərir ki, 8 yaşlı uşaqlar hər yarım saat ərzində cəmi bir-iki dəfə topa toxunmaq imkanı əldə eləyirlər.   

 

“Mən təlimlər üçün videolar və lazım olan bütün informasiyaları hazırlayırdım. Daha sonra uşaqlarla işləyən məşqçilərlə meydançaya gedirdik. Hər təlim 4 saat vaxt aparırdı. Belə təlimlərdən birində klub prezidentinə dedim ki, bizim işbirliyimiz alınmayacaq. O, təəcübləndi və səbəbini soruşdu. Məsələ onda idi ki, həmin adamın kabinetində hətta U-7 və U-8 komandalarının turnir cədvəli divardan asılmışdı... Reytinq bizə lazım olanı deyil. Bizə ilk növbədə lazım olan oyunçuların inkişafıdır”- deyə, Belçika Futbol Federasiyasının texniki direktoru Mişel Sablon xatırlayır. 

 

Sablon asta-asta təfəkkürlərə yeridə bilir ki, nəticədən uzaqlaşıb diqqəti futbolçu yetişdirməyə yönəltmək lazımdır. Bundan sonra Belçika futbolunda inqilabi addımlar atmağa başlayırlar. Misal üçün, 7 yaşa qədər uşaqlara balaca meydançalarda əvvəl 2x2, sonra 5x5, bir qədər böyüyəndə isə 8x8 formatında oynamaq şəraiti yaradıldı. Belə oyunlar uşaqların driblinq bacarıqlarını artırır, diaqonal ötürmə vermək imkanlarını yüksəldirdi. Ölkədə uşaq və gənclər futbolunun inkişafına təsir eləyən amillərdən biri də 14-18 yaşlı uşaqlar üçün xüsusi futbol məktəblərinin yaradılması oldu. Bu layihəni dövlətlə birlikdə həyata keçirən federasiya 1998-2002-ci illər ərzində ölkədə 8 belə məktəb açdı. Burada futbolçulara gündəlik 2 məşq sistemi ilə əlavə məşqlər keçirilirdi. Yəni futbolçular öz klublarındakı məşqlərdən əlavə xüsusi məktəblərə də məşqlərə gəlirdilər. Bu layihə özünü doğrultdu. Xüsusi məktəbdə ustalığını artıranlardan Dris Mertens, Aksel Vitsel, Stiven Defur, Tibo Kurtua, Kevin De Bruyne,  Naser Şadli Musa Dembele dünya səviyyəli futbolçulara çevrildilər.

 

 

Bununla yanaşı “Anderlext” klubunda “Purple Talents” proqramı tətbiq olunmağa başlandı. Brüsselin 2 məktəbində futbolçularda texnikanın artırılması üçün dərslər proqrama salındı. Belə məşğələlərdə iştirak edənlər arasında gələcəyin ulduzu Romelu Lukaku və onun qardaşı Cordan da var idi. Bir müddətdən sonra “Genk” klubu da bu proqramdan istifadəyə start verdi.

 

 

Uşaq və gənclər futbolunda tətbiq edilən fəlsəfə inkişafın bir hissəsi idi. Digər vacib mərhələ klubların infrastrukturun inkişafına böyük yatırım qoyması oldu. Lyej “Standard”ı akademiyasının inkişafı üçün 18 milyon avro xərclədi və bir müddət sonra bəhrəsini gördü. “Standard”da Fellaini, Vitsel və Defur kimi futbolçular yetişdi. “Genk” meydançaların ot örtüyünün yaxşılaşdırılması, manejin tikilməsi və skaut sisteminin inkişaf etdirilməsi üçün 3 milyon avro xərc çəkdi. Bu xərclər klub sistemində Tibo Kurtuanın yetişməsi ilə özünü doğrultdu.

 

Diqqəti cəlb eləyən məqamlardan biri də odur ki, Belçikada top oyununa həvəs salanlardan yalnız futbolçu yox, həm də ağıllı adam yetişdirməyi hədəf qoyublar. Misal üçün, “Anderlext” klubunda uşaqların dərs davamiyyətinə çox ciddi önəm verirlər. Bütün məşqlər məktəbdə qiymətlərində irəliləyiş eləyən uşaqları alqışlamaqla başlayır. Klub akademiyasının direktoru Jan Kindermansın bu məsələyə münasibəti belədir:

 

“Bizim klubda 6 yaşdan 21 yaşa qədər olan 220 uşaq peşəkar futbolçu olmaq arzusu ilə yaşayır. Ancaq onların arasında maksimum hər 10 nəfərdən 1-i arzusuna çatacaq. Bu uşaqlar bilirlər ki, zədə səbəbindən, özünəinamın aşağı olmasından, ailə problemləri ucbatından, inkişafın zəif getməsi və hər hansı bir başqa problem üzündən peşəkar futbolçu olmaya bilərlər. Lakin onlar “Anderlext”də daha çox qalmaqla burada yaxşı təhsil almaq imkanına malik olurlar. Yəni gələcəkdə futbolçu olmasalar da, təhsilli adam olaraq, özlərinə yaxşı iş tapa bilərlər”.

 

Ölkə futbolunda görülən işlər son 4-5 ildə öz bəhrəsini verməyə başladı. Milli komanda DÇ-2014-ə yeni qızıl nəsillə getdi. Doğrudur, bu futbolçular arasında xaricdə yetişənlər də var idi. Eden Azar Fransanın “Lill” klubunun akademiyasını keçmişdi, Yan Vertongen və Tomas Vermalen “Ayaks”ın yetirməsi idilər. Amma onlarla yanaşı, “Gent”dən Kurtua və De Bruyne, “Anderlext”dən Lukaku, “Standard”dan isə Vitsel, Benteke və Zakariyya da milli səviyyəsinə qalxa bildilər.

 

AVRO-2016-da Belçikadan hətta çempionluq gözləyənlər də var idi. Ancaq 1/8 finalda macarları (4:0) darmadağın elədikdən sonra 1/4 finalda Uelsə (1:3) məğlub olaraq mübarizəni dayandırdılar. Ümumi götürəndə, Belçika Avropa çempionatında ortaya keyfiyyətli futbol qoya bildi.

 

 

Belçikanı vəsiqə qazanacağı heç kimdə şübhə doğurmayan (təsnifat mərhələsində H qrupunun lideridir) DÇ-2018-də ciddi rəqib kimi qəbul eləyirlər. Çünki bu yığmanın bütün xətlərində ulduz futbolçular yer alır.

 

Bəs, AFFA Belçikanın inkişaf modelindən yararlana bilərmi? İlk növbədə onu vurğulayaq ki, əhali sayına görə yaxın ölkələrik. Azərbaycanda əhalinin sayı 10 milyona yaxındırsa, Belçikada 11 milyondan bir qədər çoxdur. Burada ən ciddi fərq ölkədə futbola olan maraqdadır. Beləki, Belçikada velosiped, basketbol, atletizmlə yanaşı, futbol da ən müvəffəqiyyətli idman növlərindən hesab olunur.  Həm də Belçikada təhsil çox inkişaf eləyib. Bu isə o deməkdir ki, hər bir sahədə, həm də futbolda kifayət qədər yaxşı kadrlar yetişir və inkişafa aparan yolda onların rolu danılmazdır.

 

Hələ 2009-cu ildə ölkəmizdə AFFA və Təhsil Nazirliyi asrasındakı əməkdaşlıq müqaviləsi çərçivəsində “Məktəblərdə futbol dərsi” layihəsinə start verilib. Paytaxt Bakı ilə yanaşı, Gəncə, Qusar, Lənkəran, İsmayıllı və Şəkidəki orta məktəblərdə AFFA-nın məşqçiləri tərəfindən futbol dərsləri keçirilib. Həyata keçirilən layihələr arasında “Məktəbli Kuboku” da olub. Bundan başqa bir vaxtlar “Elit məşq layihəsi” də həyata keçirilib AFFA tərəfindən. Bu layihə bölgələrdə istedadlı uşaqların üzə çıxarılmasını təmin eləməliydi. Amma sonradan bu layihəni dayandırmaq qərarına gəldilər.

 

 

“Aparıcı futbol ölkələrinin inkişaf strategiyası, klubların fəaliyyət mexanizmi və onlardan bəhrələnməyin üsulları” mövzusunda növbəti yazılarda başqa ölkələrin də inkişaf strategiyasını araşdıracağıq. Bu o demək deyil ki, hər hansı bir başqa ölkədə tətbiq edilən inkişaf modeli istənilən digər ölkədə də effekt verməlidir. Yox! Çünki istər mental olaraq, istər istedad baxımından və bir çox digər amillərdə millətlər, dövlətlər bir-birindən fərqlənirlər. Ona görə də, biz hər şeyi eyni şəkildə etməli deyil, hər modeldən özümüzə uyğun olan nə isə “oğurlamağa” çalışmalıyıq.

 

Yazı AFFA yanında Media Komitəsinin layihə müsabiqəsi çərçivəsində hazırlanıb.

SPORTAL.AZ

Xəbər xətti