Zaur Svanadze: "Mladost" səddini keçə bilərik"

16:37 - 19 İyun 2017

“Rəqibimizin kim olduğunu bildik. Artıq diqqətimizi ilk oyunun hazırlığına yönəldəcəyik”

 

Sportal.az xəbər verir ki, bu sözləri apasport.az saytına açıqlamasında “İnter”in baş məşqçisi Zaur Svanadze deyib.
 

Ölkəmizi Avropa Liqasında təmsil edəcək bakılılar ilk təsnifat mərhələsində Serbiyanın “Mladost” klubu ilə üz-üzə gələcəklər.
 
Püşkü dəyərləndirən Svanadze bəxtlərinin gətirmədiyini bildirib. Bununla belə, gürcüstanlı mütəxəssis mərhələ adlamağa çalışacaqlarını qeyd edib: “Deyərdim ki, ən çətin rəqib bizə düşdü. “Mladost” güclü komandadı. Serbiya futbolu həmişə yaxşı mənada fərqlənib. Rəqib barədə ətraflı məlumat toplayacağıq. Kiminlə düşmək istərdik? Artıq bunun mənası yoxdu. Belə baxanda, böyük fərq etmir. Bəxtimizə hansı komanda düşübsə, ona qarşı da oynamalıyıq. Futbolda istənilən nəticə qeydə alına bilər. Hər komandanın şansı var. İndiki məqamda məni yalnız “Mladost”la oyunlar maraqlandırır”.
 
Svanadze hazırkı heyətlə də Avropa Liqasında uğurlu çıxış etməyin mümkün olduğunu vurğulayıb: “Futbolçularıma inanıram. Bu heyətlə də mübarizə apara, “Mladost” səddini keçə bilərik. Necə olacağını görəcəyik? Amma istənilən rəqibə qarşı oynayıb, uğur qazanmaq olar. Hazırlıqdan çox şey asılıdı. Matça eyni tempdə hazırlaşmaqda davam edəcəyik”.

Xəbər xətti