Premyer Liqa niyə Bakı çempionatına çevrilib? YAZI

16:07 - 23 Avqust 2017

Bir ölkənin futbolunu güclü edən əsas amillərdən biri onun çempionatıdır. Daxili yarış güclü və rəqabətcil olmalıdır ki, oradan yaxşı futbolçular çıxsın. Bu, futbolun yazılmamış qanunudur. Təsadüfi deyil ki, “Böyük beşlik”də nəfəskəsən mübarizə gedir. Ona görə də hazırda Avropa futbolunda məhz Almaniya, İtaliya, İspaniya, Fransa və İngiltərə hegemonluq edir. Bəs bizdə vəziyyət necədir? Təəssüf ki, ilk mövsümünə 26 klubla start verən ölkə çempionatı ildən-ilə kiçilib. Artıq son həddəyik. Çünki UEFA-nın qaydalarına görə 8 komandadan az iştirakçı ilə çempionat keçirmək olmaz. Artıq 2 ildir ki, Premyer Liqa (adamın belə çempionata bu adı verməyə də dili gəlmir) cəmi 8 klubun iştirakıyla keçirilir. PFL iştirakçı sayı az  olduğundan turların sayını artırmaq üçün 4 dövrəli sistemlə yarışı keçirir. Nəticədə çempionat cəmi 28 tura yekunlaşır. Çox vaxt futbolçular dəfələrlə eyni komandalarla qarşılaşmaqdan bezdiklərini dilə gətirir. Adamların deyinməyə tam haqqı çatır. Axı bir rəqiblə mövsümdə 4 dəfə qarşılaşmaq absurd və olduqca bezdiricidir. Bizi bu duruma nə salıb? Bölgə klublarının gündən-günə əriyib gözümüzün önündə sönməsi. Bu yazıda məhz bu mövzuya toxunacağıq. Bölgə klubları niyə məhv olur və vəziyyətdən çıxış yolları barədə yazırıq.

 

Ötən günlərimizi qaytaraydılar

 

 

90-cı illərin əvvəllərində Azərbaycanda xaos hökm sürürdü. Sosializmdən kapitalizmə keçid dövrünün gətirdiyi çətinliklə yanaşı, Dağlıq Qarabağda başlamış müharibə, siyasi çaxnaşmalar ölkəni ağlar günə qoymuşdu. İqtisadiyyatımız tam bir böhran yaşayırdı. Amma nə qədər qəribə görünsə də, 1992-ci ildə bölgə klublarının çoxluq təşkil etdiyi ilk ölkə çempionatı keçirildi. 26 komandadan21-i - “Xəzər” (Sumqayıt), “Turan” (Tovuz), “Qarabağ” (Ağdam), “Kəpəz” (Gəncə), “Kür” (Mingəçevir), “İnşaatçı” (Sabirabad), “Kürmük” (Qax), “Göyəzən” (Qazax), “Ümid” (Cəlilabad), “Şahdağ” (Qusar), “Avey” (Ağstafa), “Viləş” (Masallı), “Xəzər” (Lənkaran), “Daşqın” (Zaqatala), “Pambıqçı” (Bərdə), “Plastik” (Salyan), “Şirvan” (Şamaxı), “Avtomobilçi” (Yevlax), “Çıraqqala” (Siyəzən), “Energetik” (Əli-Bayramlı) və “Şirvan” (Kürdəmir) bölgələri təmsil edirdi. Siyahıdan da göründüyü kimi, Azərbaycanın Şimalından Cənubuna, Şərqindən Qərbinədək klublar yüksək liqada çıxış edib. Tədricən bu klublar obyektiv və subyektiv bir-bir sıradan çıxdı. Düzdür, növbəti illərdə ilk mövsümdə elitada təmsil olunmayan bəzi şəhər və rayonlarda yaradılmış klublar da yüksək liqada mübarizə apardı. Ancaq onların əksəriyyəti “yuxarı”da uzun müddət duruş gətirə bilmədi. Təəssüf ki, indi ilk mövsümə həsədlə baxıb, “ötən günlərimizi qaytaraydılar” söyləyirik.

 

Futbol inqilabı ümidləndirmişdi

 

2000-ci illərin əvvəllərində Azərbaycan futbolu növbəti böhranı yaşadı. O zamanki AFFA prezidenti Fuad Musayevlə bəzi aparıcı klubların intriqa yaşaması nəticəsində ölkə bir müddət futbolsuz qaldı. Yalnız 2003-cü ilin sonunda keçirilən prezident seçkilərindən Ramiz Mirzəyev qalib ayrıldıqdan sonra neft pulları futbola istiqamətləndirildi. Prezident İlham Əliyevin göstərişiylə nüfuzlu sahibkarlar, imkanlı dövlət məmurları klublar yaratdı. 2004/05 mövsümü çempionatımızın tarixinin ən baxımlı və ən gərgin keçən mövsümü kimi indi də xatırlanır. Mövsümün ortalarınadək 8 klub çempionluq uğrunda mübarizə aparırdı. “Qarabağ” və “Turan”la yanaşı, yeni bölgə klubları – “Xəzər Lənkəran”, “Karvan” və “MKT-Araz” da çempionluq yarışında  idi. Paytaxtdan isə“Neftçi”  və yeni yaradılmış  “Bakı” və “İnter” titul uğrunda savaşırdı. Sona kimi mübarizə aparan flaqman və “gəmiçilər” oldu. Gəncədə 25 min azarkeş qarşısında keçirilən “qızıl oyun” futbolumuza unudulmaz anlar yaşatdı. Bu həm də onu göstərirdi ki, bölgə klubları çox olanda azarkeş də çempionata maraq göstərir. Məhz həmin mövsümdən “Böyük oyun”un əsası qoyuldu. Həmin oyun zamanı Lənkəran şəhər stadionu tam dolur, cənubda nəfəslər tutulur, hamı bu qarşılaşmaya köklənirdi. Elə Tofiq Bəhramov adına Respublika stadionunda da 25 min azarkeşin izlədiyi “Neftçi” – “Xəzər Lənkəran” duelinə şahidlik etmişik. Avrokuboklarda uğurlu çıxış da futbol inqilabının müsbət nəticəsiydi. Bu bir daha göstərir ki, bölgə futbolunun inkişafı ölkə futbolu üçün nə dərəcədə önəmli rola malikdir. Təəssüf ki, ölkədə 2014-cü ildən baş qaldıran iqtisadi problemlər, neftin qiymətinin sürətlə aşağı düşməsi, klub sahiblərinin maliyyə siyasətini düzgün aparmaması, həddən ziyadə israfçılıq, bəzi klub rəsmilərinin fırıldaqçılığı inqilab zamanı üzə çıxmış klubları bir-bir sıradan çıxardı. Nəticədə indiki duruma düşdük. Halbuki 2004/05 mövsümündə elitada 18 klub çıxış etmişdi. İndi isə 8 klubun ümidinə qalmışıq.

 

Bölgə futbolu inkişaf proqramının xeyrini görmədi

 

2004-cü ildə ölkə prezidentinin sərəncamı ilə “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” qəbul olundu. 5illik proqramın həyata keçirilməsi üçün külli miqdarda vəsait xərcləndi. Ancaq nədənsə bölgədə idmanın, özəlliklə futbolun tərəqqisində bu proqramın böyük rolu olmadı. Halbuki proqram çərçivəsində müxtəlif şəhər və rayonlarda zavod və fabriklər işə düşməli, xidmət sahələri açılmalı, şirkətlər yaradılmalı, infrastruktur qurulmalıydı. Bu işlər uğurla həyata keçirilsəydi, o zaman bölgə klubları da sponsorsuz qalmaz, stadionlar tikilər, bölgələrdəki istedadlı yeniyetmələr karyera qurmaq üçün paytaxta axışmaq məcburiyyətində qalmaz, elə öz şəhər və rayonunun klubunda yetişərdi. Bu gün bölgə futbolunun çökməsinin nəticəsidir ki, “Qəbələ”yə Mingəçevir, Tovuz, Gəncə və başqa bölgələrdən uşaqlar axın edir. Vaxtında dövlətin pulu çox, maliyyə resursları zəngin olanda bu addımlar atılmalıydı. O zaman Premyer Liqa daha rəngarəng olar, azarkeş qıtlığından əziyyət çəkməz və yığma üçün daha çox potensial futbolçu yetişərdi. İnkişaf da tısbağa yerişiylə yox, sürətlə gedərdi.

 

AFFA-nın günahı yoxdur?

 

 

Ölkə futboluna rəhbərlik edən AFFA da yaxasını kənara çəkməsin. Bu idman növü üçün cavabdehlik daşıyan qurumun da günahı az deyil. Dəfələrlə  olub ki, 1-ci divizionda çempion olan klub elitaya yüksəlmək istəyəndə müxtəlif süni əngəllərlə üzləşib. Elitada aparılan “şuralaşma” siyasəti isə futbolumuzun yeni mərəzidir. Elə bu özü də sahibkarları futbolumuzdan qaçaq salan səbəblərdən biridir. AFFA-nın “Səbail”i yaradıb ortaya çıxarması isə daha gülünc görünür. “Turan Tovuz” və başqa ənənələri olan, köklü klublar qala-qala onsuz da klub sayı çox olan Bakıda yeni klub açmaq və onu maliyyələşdirmək heç bir məntiqə sığmır. Sanki elə AFFA özü bölgə futbolunun çökməsində maraqlıdır. Hər halda, bugünkü durumdan belə qənaətə  gəlmək olar.

 

Problemdən çıxış yolu

 

Bir çox ölkələrdə klubların maliyyələşməsi bazar iqtisadiyyatının prinsiplərinə uyğun aparılır. Klublar dövlət qurumları tərəfindən deyil, müstəqil sahibkarlar tərəfindən maliyyələşir. Əvəzində həmin sahibkarlar bizneslərini inkişaf etdirmək üçün dövlət tərəfindən imtiyazlar, güzəştlər alır. Bu da ilk növbədə vergi ilə bağlıdır. Bizdə də bu siyasəti həyata keçirmək yeganə çıxış yoludur. Yuxarıda da qeyd etdiyimiz kimi, əvvəlcə bölgələrdə fabrik və zavodlar açılmalı, şirkətlər yaradılmalıdır. Onların klubları maliyyələşdirməsinə stimullaşdırmaq üçün vegiləri minimuma endirilməli və ya bundan tam azad edilməlidir. Sahibkarlar üçün İcra Hakimiyyəti və ya başqa dövlət qurumları tərəfindən bürokratik əngəllər yaradılmamalıdır. Yalnız belə olan halda biz bölgələrdə güclü maliyyə dayağı olan klublar görə bilərik. Yoxsa əvvəlki kimi yersiz Bakı “derbilər”ini görməkdən bezəcəyik.

 

“Belə olmasa, futbolumuzda vəziyyət daha da pisləşəcək”

 

Elçin Cəlilov (“Futbolpress.az” saytının baş redaktoru): “Premyer Liqanın Bakı çempionatına çevrilməsinin 2 əsas səbəbi var. Birincisi, futbol idarəçiliyinin peşəkar standartlara uyğun olmaması və idarəçilərin peşəkarlıqdan uzaq olmasıdı. İkincisi, futbola kapital qoyuluşu etmək istəyənlər üçün münbit şəraitin olmamasıdır. Hazırki rəhbərlik 10 ildən çoxdur ki, AFFA-ya rəhbərlik edir və bu sahənin profesionalı deyil. Sadəcə, maliyyə dayağı üçün hökumət tərəfindən dəvət olundular. Bu müddət göstərdi ki, onlar yalnız maliyyə təminatı tərəfindən yararlıdır. Ancaq onların futbolumuza xeyli zərəri dəyib. Çünki bu maliyyə neftdən gələn gəlirlərdən formalaşırdı. Azərbaycan futbolunda gəlir yoxdur. Xərclənən pul geri qayıtmır. Hansısa klubun müstəqil maliyyələşdiyini və futboldan pul qazandığını söyləyə bilmərik. Yalnız son illər “Qarabağ” və “Qəbələ”nin avrokuboklarda uğurları sayəsində UEFA-dan pul gəlir. Ancaq bu gəlir də xərcləri tam ödəmir. Yəni bununla da iş bitmir. Klub gəlirləri yalnız bununla məhdudlaşmır. Burda onlarla kateqoriyalar var. Klub bu sahələr üzərində işləməli və həmin sahələrdən gəlir götürməlidir. “Qarabağ”ın özünü götürək. Avroliqada neçə il uğurlu çıxış etdikdən sonra nəhayət bu il “fan-şop”u açıldı. Bunun da kluba nə dərəcədə gəlir gətirəcəyi mübahisə mövzusudur. Çünki “fan-şop” açıldıqdan sonra onun reklamı və təbliğatı arzulanan səviyyədə deyil. Teleyayımdan gələn gəlirlər də klubun maliyyələşməsində önəmli rol oynayır. Azərbaycanda isə bu proseslərin heç biri getmir. Klub yaratmaq istəyən iş adamının marağını cəlb etmək üçün heç bir iş görülmür. Adicə 1-ci divizion üçün elə şərtlər və tələblər qoyulur ki, bunlar absurddu. Amma bu şərtlər hamıya şamil edilmir. “Səbail”ə edilən güzəştləri qeyd edə bilərəm. Necə oldu ki, bu klub qısa müddətə aşağı yaş qrupları üzrə komandaları yaratdı. “Səbail”ə qarşı bu şərtlər irəli sürülmür. Nədi-nədi AFFA rəhbərliyinin adamları bu kluba himayə edir. Ancaq müstəqil insan klub yaratmaq istəyəndə bürokratik əngəllər qoyulur. Bu maneələri aradan qaldırmaq lazımdır. Oyun “al-ver”inin qarşısını belə almırlar. Əksər klublar neftdən birbaşa və dolayısıyla gələn gəlirlər hesabına saxlanılırdı. O zaman klub rəhbərləri üçün futboldan gəlir əldə etmək prioritet deyildi. Neftin ucuzlaşmasıyla klublarda problem yaranmağa başladı. Bir nəfərdən asılı olan klubların taleyi belə olur. Futbolda və qaydalarda islahatlar getməlidir. Belə olmasa, futbolumuzda vəziyyət daha da pisləşəcək”.

 

Mərdan Həsənov / Newsport.az

Xəbər xətti