Yığmamızın seçmə mərhələdəki qol mənzərəsi YAZI

00:55 - 19 Noyabr 2017

Yığmamız DÇ-2018-in seçmə mərhələsində xal rekordunu yeniləyərək ilk dəfə iki rəqəmli həddə çatdırdı. Ancaq 10 xal 5-ci yerdən yuxarı qalxmağa imkan vermədi. C qrupunda millimizin gücü yalnız San Marinonu qabaqlamağa kifayət etdi. 10 oyunda rəqib qapılarından 10 top keçirdiksə, öz qapımızda 19 top gördük. Bəs bu qolları necə vurduq? Bunlar düşünülmüş kombinasiyaların, ev tapşırıqlarının məhsuldar sonluğu, ya təsadüfi, fərdi ustalıq hesabına vurulan qollar idi? Bu yazıda milli komandanın son tsikldə vurduğu 10 qolu incələyəcəyik. Gəlin, ardıcıllıqla gedək.

 

San Marino – Azərbaycan 0:1

Ruslan Qurbanov, 45.

 

 

Başlayaq San Marino səfərindən. Təqvim biz istəyən kimi idi. Çünki adətən komandalar istənilən yarışa başlayanda birinci zəif rəqiblə qarşılaşmağı arzulayır. Bizim də bu baxımdan bəxtimiz gətirmişdi. Hərçənd futbolçularımız 90 dəqiqə boyunca rəqib qapısından cəmi 1 top keçirdi. Ancaq insafən onu da qeyd etmək lazımdır ki, oyun boyunca üstünlük komandamızın tərəfində oldu, çox saylı qol vəziyyətləri sağa-sola xərcləndi. Bu görüşdə ən fəal futbolçulardan biri Əfran İsmayılov idi. “Qarabağ”ın üzvü neçə dəfə rəqib torunu silkələməyə yaxın oldu. Yarımmüdafiəçi arzusuna çatmasa da, məhsuldar ötürmə müəllifi olmaqla təsəlli tapdı. İlk hissənin son dəqiqəsində mərkəzdən top sol cinaha ötürüldü. Topla bir qədər irəliləyən Məhəmməd Mirzəbəyov onu önündəki Əfran İsmayılova ataraq dərhal irəli şığıdı. Ancaq İsmayılov topu boşa açılan komanda yoldaşına ötürmək əvəzinə qapı qarşısına asma etməyə üstünlük verdi. Düzgün mövqe seçən Ruslan Qurbanov başla seçmə mərhələdəki ilk qolumuzun müəllifi oldu. Yığmamızın nadir hallarda başla fərqləndiyini nəzərə alsaq, bunu dəyərli qollarımız sırasına daxil edə bilərik.

 

Azərbaycan – Norveç 1:0

Maksim Medvedev, 11.

 

 

“Cırtdanlar” üzərindəki qələbədən sonra növbəti qarşılaşmanı evdə keçirdik. Rəsmi oyunlarda ilk dəfə Bakı Olimpiya Stadionunda qalib gəldik. “Vikinqlər”in qapısına standart vəziyyətdən sonra yol tapa bildik. Dmitri Nazarovun cərimə meydançasına göndərdiyi topu norveçlilər dəf etsə də, təhlükəni tam sovuşdura bilmədilər. Müdafiəçilərdən qayıdan top futbolçularımızda qaldı. Ağabala Ramazanov önünün bağlı olduğunu görüb, özünü itirmədi. Cərimə meydançası daxilində Maksim Medvedevin nəzarətsiz qaldığını hiss edib, dərhal ona ötürmə verdi. “Qarabağ”ın müdafiəçisi topu saxlamadan uzaq küncə göndərə bildi. Nadir hallarda toru silkələyən Medvedev milli formada ilk qoluna sevindi. Bu epizodda futbolçularımızın düşüncə çevikliyi nümayiş etdirməsini alqışlamağa dəyər.

 

Azərbaycan – Almaniya 1:4

Dmitri Nazarov, 31.

 

 

Növbəti iki oyunda rəqib qapılarından top keçirə bilmədik. Çexiya səfərdə qolsuz heç-heçə edən yığmamız Belfastda Şimali İrlandiyaya müqavimət belə göstərə bilmədi – 0:4. Kim deyərdi ki, çexləri və irlandları məyus edə bilməyən futbolçularımız dünya çempionlarının qapısına yol tapacaq. Necə ki illər əvvəl 2 dəfə bunu bacarmışdıq. İlk hissənin ortalarında rəqib futbolçu geriyə ötürmə verdi. Ancaq top ayağına yatmadığından çox yuxarı qalxdı. Bundan duyuq düşən Əfran İsmayılov sağ cinahdan şığıyıb, topu ələ keçirdi. Yarımmüdafiəçi bir az irəlilədikdən sonra meydanın əks tərəfini çox yaxşı gördü. Dmitri Nazarov komanda yoldaşının əla ötürməsini qəbul etdikdən sonra topu azacıq sağa çəkib, seçmə mərhələdə Almaniyanın qapısına qol vuran ilk futbolçu oldu. Bu epizodda soyuqqanlı oynayan, əks-hücumdan əla yararlanan futbolçularımıza alqış düşür.

 

Azərbaycan – San Marino 5:1

Əfran İsmayılov, 20, 57. Araz Abdullayev, 25. Mikele Kevoli, 71 (avtoqol). Rəşad Sadıqov 81.

 

 

Tsikldə “Bakcell Arena”da cəmi 1 oyuna çıxdıq. Bu da ən böyükhesablı qələbəmizin məkanı oldu. Daha doğrusu, yığma tarixinin ən məhsuldar zəfəri qeydə alındı. Lixteynşteyn (4:0) darmadağınından sonra rekord yenilənə bilərdi. Heyf ki, millimiz Avropanın ən zəif komandasından qol “yedi”. Bu səbəbdən ən böyükhesablı qələbə təkrarlandı. Sadəcə, vurduğumuz qolların sayına görə rekord qeydə alındı.

 

İlk qolumuz bunadək seçmə mərhələdə 2 dəfə assist olmuş Əfran İsmayılovdan gəldi. Rəşad Sadıqovun başladığı hücumu Araz Abdullayev davam etdirdi. Onun qapı qarşısına paralel ötürməsini İsmayılov qapıdan keçirdi. Növbəti qol zamanı isə hücumu Əfran başladı. Onun ötürməsiylə sağ cinahdan irəli qaçan Məhəmməd Mirzəbəyov qapı xəttinə az qalmış topu yerlə cərimə meydançasına ötürdü. Riçard Almeyda yığmamızda ilk qolunu vurmağa yaxın oldu. Ancaq rəqib futbolçu ona mane olduğundan braziliyalı məhsuldar ötürmə müəllifinə çevrildi. Çünki onun toxunduğu topu Araz qapıdan keçirdi.

 

Qalan qollarımız ikinci hissədə vuruldu. Bu qollarda daha çox fərdi ustalıq ön plana çıxdı. Cavid Hüseynovun ötürməsindən sonra zərbə mövqeyinə çıxan İsmayılov 3-cü qolumuzun müəllifi oldu. Həm də bu oyunda dubla imza atdı. 4-cü qolu qonaqlar özü vurdu. Yığmada ilk oyununu keçirən Təmkin Xəlilzadənin sol cinahdan qapı qarşısına ötürməsini uzaqlaşdırmaq istəyən Mikele Kevoli avtoqol müəllifi oldu. Elə son qolumuz da fərdi ustalığın ayağına yazılmalıdı. Norveçlə oyundan sonra tənqid hədəfinə çevrilən Rəşad Sadıqov illər sonra yığmada cərimə zərbəsindən qol vurdu. Milli formanı hamıdan çox geyən kapitan topu “canlı sədd”in üstündən ustalıqla aşıraraq yığmada sonuncu qoluna imza atdı.

 

Azərbaycan – Çexiya 1:2

Əfran İsmayılov, 55 (penalti).

 

 

Artıq seçmə mərhələdə 2-ci yeri tutmaq şansımız möcüzəyə bərabər idi. Ən azı 3-cü pillədə tsikli başa vurmaq üçün çexlərə qalib gəlməliydik. Ancaq Bakı Olimpiya Stadionunda yığma ümidləri doğrultmadı. Komanda Rəşad Sadıqova yığmadakı son oyununda qələbə hədiyyə edə bilmədi. Yeganə təsəlli ikinci hissənin əvvəllərində vurulan qol oldu. Riçard Almeyda sürəti hesabına rəqib futbolçunu geridə qoyduqdan sonra topu mərkəzə doğru ötürdü. Ruslan Qurbanovun qarşısını kobudluqla kəsdilər və hakim tərədüdd etmədən “nöqtə”ni göstərdi. Penaltini Nazarovla Almeyda yerinə yetirmək istəsə də, Rəşad bu işi Əfrana tapşırdı. İsmayılov kapitanın etimadını doğruldaraq, seçmə mərhələdə 3-cü qoluna imza atdı.

 

Almaniya – Azərbaycan 5:1

Ramil Şeydayev, 34.

 

 

Bilirəm, qəribə səslənir. Amma bu, həqiqətdir. Almaniya seçmə mərhələdə qapısında cəmi 4 top gördü və bunların yarısını futbolçularımız vurdu. Evdə olduğu kimi, səfərdə də dünya nəhənginin qapısına yol tapdıq. Özü də necə qol?! Millidə ən yaxşı oyununu keçirən, durmadan rəqibə pressinq edən, almanların müdafiə xəttini təzyiqdə saxlayan Şeydayev yığmada ilk qoluna sevindi. 37613 azarkeş bir azərbaycanlı balasının möhtəşəm Almaniya müdafiə xəttini necə yardığını canlı izlədi. Təxminən 50 metr reyd edən hücumçu Antonio Rudigeri uşaq kimi aldadıb, rəqib qapısına yol tapdı.

 

Məhsuldarlıq artıb, amma...

 

Əlbəttə, müdafiə futboluna üstünlük verən Berti Fotqsdan fərqli olaraq, Robert Prosineçki daha çox hücuma fikir verirdi. Ümumi götürəndə bu tsikldə hücumlarımızın, qol imkanlarımızın xeyli artdığını söyləyə bilərik. Ancaq bunların əksəriyyətində komanda işi yüksək səviyyədə deyildi. Ev tapşırığından demək olar ki, qol vurmadıq. Düşünülmüş hücumlarla vurduğumuz qolların sayı çox az idi. Ancaq əks-hücum baxımından “artırmışıq”. İndi müdafiədən hücuma daha tex çıxa, hətta qol da vura bilirik. Əksər qollarımızda isə fərdi ustalıq sözünü deyib. İndi yığmada söz sahibi Qurban Qurbanovdur. Onun “Qarabağ”da qurduğu sistem yığmada da uğurla işləsə, növbəti seçmə mərhələdə düşünülmüş, kombinasiyalı qollarımız çox olacaq.

 

Mütəxəssis rəyi

 

 

Mahir Rüstəmli, “Futbol+” qəzetinin baş redaktoru: “Qrupun aşkar autsayderi San-Marinonun qapısına vurulan 6 qolu nəzərə almasaq, yığma qalan 8 oyunda 4 dəfə fərqlənib ki, bu halda hansısa məhsuldarlıqdan danışmaq artıqdı. Bu qoldan ikisi həqiqətən standart vəziyyətdən sonra vurulub. Əfran İsmayılov penaltidən fərqlənib, Norveçlə ev oyununda isə Dmitri Nazarovun cərimə zərbəsindən ötürməsinin davamında Maksim Medvedev fərqlənib. Qollar baxımından yeganə ümidverici məqam kimi hər iki oyunda almanların qapısına yol tapmağımızı qeyd edərdim. Xüsusən də Bakıdakı qol ağıllı hücumun nəticəsiydi. Ev tapşırığına gəlincə... Yenə də San-Marino ilə oyunları nəzərə almasaq, qalan 8 qarşılaşmada 23 künc zərbəsi, saymağa ehtiyac duymadığım qədər cərimə zərbəsi yerinə yetirilib. Amma yığma bunlardan heç bir fayda götürməyib. Məşhur Azərbaycansayağı künc zərbəsi işə yaramır, yenilərini qurmaq üçün isə görünür, həm ideya, həm də ustalıq çatışmır. Ustalıqla yerinə yetirilən ev tapşırıqları, təbii ki, məşqlərdəki gərgin əməyin, yüksək anlaşma səviyyəsinin nəticəsidi. Təəssüf ki, yığmamız bu baxımdan axsayır. Maraq üçün onu da xatırladım ki, Norveçlə səfər oyununda bizimkilər bircə dəfə də korner yerinə yetirməyib.

 

Şimali İrlandiyaya səfərdə 0:4 uduzduğumuz və faktiki Azərbaycanın “Niyə də yox?!” eyforiyasının üstündən çalın-çarpaz xətt çəkən oyun bu mənada əyani dərs vəsaitidi. Rəqibin 4 qolundan üçü “standart”dan vurulub ki, adam təkrara baxanda təəccüblənməyə bilmir. İlk qol autun, ikincisi cərimə zərbəsindən qapı önünə asmanın, üçüncüsü isə künc zərbəsinin məhsuludu. Futbolçularımız anadangəlmə ucaboy deyilsə, bu çatışmazlığı düzgün mövqe seçimi ilə “sığortalamalıdı”. Təbii ki, qorunma tədbirləri rəqibdən asılı olaraq dəyişir. Atletik futbolu, asmaları sevən rəqiblər ilə oynayırsansa, imkan daxilində bu asmalara imkan verməmək, yersiz künc zərbələrinin qarşısını almaq lazımdı. Ümumiyyətlə, müdafiəçilər, xüsusən də mərkəz müdafiəçiləri arasında sinxron anlaşma yüksək səviyyədə olmalıdı. Maksimum dərəcədə qırmızı vərəqələrdən qaçmaq lazımdı. Onsuz da Azərbaycan yığması səviyyəsinə görə əksər rəqiblərə uduzur. Belədə yersiz qırmızı qüvvələr nisbətini daha da dərinləşdirir.

 

Rəngarəngliyin, gözlənilməzliyin olması üçün ilk növbədə çoxlu hücum qurmaq lazımdı. Təəssüf ki, Azərbaycan yığması əksər hallarda “2-ci skripka” rolunu oynadığından bu mümkün olmur. Yenə də Almaniya və Şimali İrlandiya ilə Bakıdakı oyunları nisbətən fərqləndirmək mümkündü. Yığmanın oyununda nəinki rəngarənglik, həm də sürət çatışmır. Rəqibi təəccübləndirməyin bir yolu da müdafiədən hücuma sürətli keçid, rəqibi seytnotda yaxalamaq ola bilər. Bu da hələ ki bizdə alınmır”.

 

Mərdan Həsənov / Newsport.az

Xəbər xətti