Aslan Şahgəldiyev: "Azarkeşləri və izləyiciləri düşünüb bu addımı atmışıq" MÜSAHİBƏ

Paytaxtda susqunluqdu. Futbolda fasilə yaranmasından istifadə edənlərin, demək olar, hamısı Bakını tərk edib. Hakimlər Mingəçevirdə hazırlıq keçir, premyer-liqa təmsilçiləri ilə bəzi jurnalistlər Antalyadadı. Elə Peşəkar Futbol Liqası (PFL) da geniş heyətlə Türkiyənin bir nömrəli kurort şəhərinə üz tutub.

 

Hakimlərin qardaş ölkəyə getmədiyi vaxtda PFL rəsmilərinin ora yollanması sual doğuran məqamlardan idi. Lakin çox keçmədən məlum oldu ki, çempionatı təşkil edib, keçirilməsinə cavabdehlik daşıyanların hədəfi təkcə dincəlmək deyil. Antalyada olduqları müddətdə təmsilçilərimizin yoldaşlıq görüşlərini lentə alıb, ictimaiyyətə canlı təqdim etməyi planlaşdırıblar. Bu yöndə artıq ilk addımlar atılıb ki, yayının internet üzərindən olmasına baxmayaraq, yetərincə baxımlı olduğunu deməliyik. İdeya hardan və necə ortaya çıxdı, işin baş tutmasına nə qədər vəsait tələb olunur, PFL rəsmiləri hansı tarixə qədər Antalyada qalacaq, klubların özləri niyə bu işdə maraqlı deyil? Bu və başqa suallara cavab tapmaq üçün qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevi aradıq. 

 

- Əvvəlki illərdə Antalyada jurnalistlərin sayı çox olardı, hakimlər geniş heyətlə hazırlıq keçərdilər. Bu gün barmaqla sayılacaq qədər media mənsubu var, hakimlər isə Mingəçevirdədi. Boşluq hiss olunur?
- Hansısa dəyişiklikdən danışmaq olmaz. Antalya öz yerindədi, komandalar hazırlıq keçir. Jurnalistlər də, dediyiniz kimi, müəyyən sayda da olsa, var. Oyunları izləyir, işıqlandırırlar. Əsas dəyişiklik havaların küləkli və yağışlı keçməsiylə bağlıdı. Hətta bu səbəbdən bəzi məşqlər və oyunlar təxirə salındı.

 

- Hava demişkən, Antalyadakı məşqçilər, ya da klub rəsmiləri hava şəraitinin qeyri-sabit olmasını qabardıb, ora getdiklərinə görə peşmanlıq hissi keçirirlər?
- Kiminsə dilindən “kaş Antalyaya gəlməzdik” şəklində peşmanlıq ifadəsi eşitməmişəm. Antalyada daha öncə də belə hava şəraiti müşahidə olunub. Klubda çalışdığım günlər yadıma gəlir, üç gün məşq etmək imkanımız olmamışdı. Bu gün, şükürlər olsun, üç gün məşq etməmək kimi bir şey yoxdu. Yağış əsasən ardıcıl iki gün dayanmadan yağdı ki, həmin vaxtda müəyyən problemlər yaşandı. Antalya, ümumiyyətlə, yağışlı bölgədi. Qış aylarında yağışların yağması normal haldı. Məsələn, dünən və bu gün olduqca xoş hava var. Əsl yaz havasıdı.

 

- Təmsilçilərimizlə qarşılaşmalı olan “Paxtakor”la “Konkordiya” son anda Antalyada toplanış keçməkdən boyun qaçırdı. Başqa ölkələrin adlı-sanlı komandaları da BƏƏ-yə üz tutur. Bunun səbəbi nədi? Təşkilatçılar bu haqda nə deyir? 
- Bu sahənin mütəxəssisi olmadığım üçün dəqiq səbəbi deyə bilməyəcəm. Açığı, bunun hava şəraiti ilə bağlı olduğuna da inanmıram. Bəlkə maddi problemlərə görə planlarını dəyişiblər. Həm də Antalyada havaların necə keçdiyini bilmək olmur. Səhər yağış yağır, günortadan sonra durum dəyişir. Digər tərəfdən, “Beşiktaş”la “Qalatasaray” müəyyən zaman kəsiyində Antalyada idi. Havaya görə olsaydı, onlar da gəlməzdilər.

 

- Əvvəlki illərdə PFL prezidenti Ramin Musayev hakimlərin toplanışına nəzarət etmək üçün Antalyaya yollanırdısa, bu gün hakimlərsiz də ordadı. Səfərin baş tutmasında məqsəd nə idi? 
- Suala kiçik düzəliş edim. Ramin müəllim əvvəlki illərdə həm də hakimlərin toplanışına nəzarət edirdi. Vaxtilə bizimlə səfərdə olmuş jurnalist kimi razılaşarsız ki, PFL rəsmiləri həm də klubların təlim-məşq toplanışlarında iştirak edirdi. Budəfəki niyyət də eyni idi. Həm toplanışları yaxından izləmək, həm də oyunları internet üzərindən olsa belə, izləyicilərə canlı yayınla təqdim etmək. Təvazökarlıqdan uzaq olsa da, deyim ki, burdakı stadionlardan birbaşa yayın təşkil etmək asan məsələ deyil. Bəzi stadionlarda çəkiliş üçün normal yer tapmaq olmur, bir çoxunda internetlə bağlı ciddi problemlər var. Amma yenə də ortaya nəsə çıxarmağa çalışırıq. O ki qaldı ideyanın yaranmasına, təxminən iki ay əvvəl işdə oturub məsləhətləşdik, proqram hazırladıq. Şükürlər olsun ki, düşündüklərimizi həyata keçirməkdə hansısa ciddi çətinliklə üzləşmədik. Yanvarın 16-sı səhər “Səbail” – “Aqvital”, axşam isə “Qarabağ” – “Uypeşt” oyununu canlı yayınladıq. Açığı, bu dərəcədə marağın olacağını gözləmirdik. Xüsusən “Qarabağ”ın yoxlama matçındakı, həm də ilk oyundakı izləyici sayı bizim üçün yaxşı mənada təəccüblü oldu. Deməli, bizdə futbol azarkeşləri var. Sadəcə, stadionlara gəlmirlər. Açığı, oyundan əvvəl yayın təşkil etdiyimizi görən “Uypeşt”in rəsmiləri müəyyən vəsait qarşılığında matçı azarkeşləri üçün canlı yayınlamaq istəyirdilər. Lakin vəziyyəti onlara başa salıb, etiraz etdik.

 

- Azarkeş sayını xüsusi qabartdız. Sirr deyilsə, qarşılaşmanı ortalama neçə nəfər izləyirdi?
- “Səbail”in oyunu günün birinci yarısında başlamışdı deyə, o qədər də maraq yox idi. Amma “Qarabağ”ın oyununu izləyənlərin sayı 2000 nəfəri keçmişdi. Yayının internet üzərindən olduğunu nəzərə alsaq, kifayət qədər yaxşı rəqəmdi. Təbii, böyük ölkələrlə müqayisədə 2000 elə də ciddi rəqəm sayılmır. Söhbət Azərbaycan futbolundan gedirsə, hakimin final fiti səslənəndə izləyici sayının 1700 civarında olması xoş haldı. 

 

- Yayını “Uypeşt”ə hansısa məbləğ qarşılığında satmaq olmazdı? Ən azı Antalya səfəri üçün xərclənən vəsaitin müəyyən qismini qarşılamaq olardı.
- Buna getməyəcəyik. Çünki yayın məqsədimiz kommersiya xarakterli deyil. Azarkeşləri və izləyiciləri düşünüb bu addımı atmışıq. Əsas məqsədimiz futbolumuzun, çempionatımızın təbliğidi. Qazancımız isə sizlərdən eşitdiyimiz xoş sözlər, izləyicilərin sosial şəbəkələrdə yazdığı xoş şərhlərdi. Bu, bizə bəs edir.


- Oyunları komandaların adlarına, matçların keçirilmə vaxtına, təklifinizin qəbul olunub-olunmamasına görə bölürsüz, yoxsa necə?
- Arada fərq qoymadan burda olan bütün komandalarımızın oyunlarından canlı yayın təşkil etməyə çalışacağıq. Lakin bəzən bizdən asılı olmayan səbəblər də olur. Məsələn, elə stadionlar var ki, ordan yayın təşkil etmək alınmır, çətindi. Ya kamera üçün uyğun yer olmur, ya şəbəkəyə qoşulmaq müşkülə çevrilir. Ortaya hansısa çətinlik çıxmasa, axşam “Neftçi” – “Qaz Metan” matçını göstərəcəyik (müsahibə oyundan əvvəl götürülüb – H.).

 

- Söhbət kamera üçün uyğun yerdən və internetdən gedirsə, klubların özləri niyə oyunların yayınlanmasında maraqlı deyil? Siz bacarırsız, onlar yox?
- Gəlin, PFL ilə klublar arasında fərq qoymayaq. Hamımız Azərbaycan futbol ailəsinin üzvüyük. Vacib olan ortaya nəsə çıxarmaqdı, fikrimcə, kimin etməsi önəm daşımamalıdı. İnşallah, yaxın gələcəkdə klubların özləri də bu işi həyata keçirəcək. Sadəcə, bəzi məsələlər var ki, onları yoluna qoymaq lazımdı. Dediyim kimi, burda yayın hazırlamaq heç də asan deyil. Bunun üçün Bakıda proqram hazırladıq, bu işin mütəxəssisləri ilə görüşdük, araşdırmalar apardıq. Söhbət təkcə işıqla internetin olmasında deyil. İnternetin sürəti, bilgisayarın gücü, xüsusi proqram və aparatın olması da vacibdi. Bəzən ortaya gözləmədiyin problemlər çıxır. Biz bunun üzərində iki aydan çoxdu işləyirdik. 

 

- Yayının keyfiyyətinə söz ola bilməzdi. Sanki internet üzərindən yox, peşəkar telekanal vasitəsi ilə göstərilirdi. Çatışmayan şərhçi idi. Bu boşluğu sizin, yaxud klubda çalışan mətbuat katiblərinin hesabına aradan qaldırmaq olmaz? Lap olsun Antalyada olan jurnalistlərdən biri.
- Xoş sözlərə görə təşəkkür edirəm. Əlbəttə, şərhçinin olması yayına əlavə gözəllik qatardı. İndiki durumda buna hazır deyilik. Nəsə fikirləşmək olardı, amma istədiyimiz səviyyədə olmayacaqdı. Ətrafdakıların və küləyin səsi problem yaradacaqdı. Yəni bir mikrofonla bu məsələni yoluna qoymaq mümkün olmayacaqdı. Bunun üzərində işləyirik. Gələcəkdə hər hansı problem olmasa, oyunları şərhçilər təqdim edəcək. Çatışmazlıq tək bu deyil. Bəzi problemlər var ki, bəlkə sizin də diqqətinizi çəkməyib. Amma biz görmüşük, bilirik. Bütün problemləri aradan qaldırmağa çalışacağıq. Necə deyərlər, Moskva birdən tikilməyib. 

 

- Yayın təşkil etmək üçün kiməsə, hansısa quruma haqq ödəmək lazım gəlir? Yoxsa bilgisayar, kamera, proqram və internet bəs edir.
- Xeyr, heç kimə “qara qəpik” də vermirik. Belə deyim, özfəaliyyət dərnəyimiz sayəsində nəsə etməyə çalışırıq. Sadəcə, bəzi avadanlıqları əldə etmək üçün pul xərclənib ki, o da böyük məbləğ sayıla bilməz. 

 

- Bizdə olan məlumata görə, yanvarın 20-nə qədər “CBC Sport”un nümayəndələri də Antalyaya baş çəkəcək. Belə olacağı təqdirdə sizin işiniz necə olacaq?
- “CBC Sport”un gəlməsi ilə bağlı mən də eşitmişəm. Bu lap yaxşı oldu. Nə qədər çox oyun göstərilsə, bir o qədər yaxşıdı. Belə olacağı təqdirdə biz “CBC Sport”un yayınladığı oyunları yox, başqa görüşləri lentə alacağıq. Onsuz da Antalyada bizimkilərin iştirakı ilə bir gündə 2-3, bəzən 4 oyun baş tutur. 

 

- Ən sonuncu komanda Bakıya qayıdan günə qədər orda olacaqsız?
- Xeyr, biz daha tez qayıdacağıq. Yanvarın 27-nə qədər qalmaq imkanımız yoxdu. Bildiyiniz kimi, fevralın 2-də premyer-liqanın ikinci yarısına start veriləcək. Həm də birinci diviziondakı oyunların icmallarını daha keyfiyyətli təqdim etmək üçün xüsusi qrafikalar hazırlanır. Yəni görüləcək işimiz çoxdu, tez qayıtmalıyıq. (Futbol+)

Tarix: 20 Yanvar [22:55]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Noyabr 2019
22  Noyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio