"Neftçi"nin çempionluğu realdı, yoxsa yenə "Qarabağ"? QEYD

Futbol ictimaiyyətinin əksər üzvlərində şüuraltı belə bir əminlik yaranıb ki, bu mövsüm də çempion mütləq şəkildə “Qarabağ” olacaq. Baxmayaraq ki, “Neftçi” qış fasiləsindən sonra da hələ ki 3 xallıq fərqi qoruyur və ilk pilləni əldən vermir.

 

Əslində, “Qarabağ”ın çempion olacağını düşünənlərin ehtimalları da əsassız deyil. Ardıcıl 5 il Avropa səhnəsində qruplarda oynayan, bu illər ərzində böyük təcrübə qazanan, çempionluq mentalitetinə malik  olan, istər oyun komponentində, istərsə də futbolçularının səviyyəsinə görə həm “Neftçi”dən, həm də digərlərindən açıq-aşkar üstün olan “Qarabağ”ın çempionluq taxtından düşməsi Azərbaycan futbolu üçün SSRİ-nin süquta uğramasına bəbarər bir hadisə olacaq.

 

Lakin “Qarabağ”ın çempionluq yolunda son illərin ən yaxşı “Neftçi”si dayanıb. Axırıncı dəfə Sadıq Sadıqovun dönəmində çempionluqları sıralayan flaqman sonradan autsayder komandaya çevrilmişdi. Kamran Quliyevin gəlişi ilə “Neftçi” yenidən ayağa qalxıb. Mövsümün sonuna qədər “Neftçi”nin cəmi 1 oyunu “Qarabağ”ladı, qalanları isə gücünə görə ondan daha aşağıda olanlardı. Yəni, “Neftçi”nin taleyi öz əlindədir. Yersiz xal itkilərinə yol verməsələr, “Neftçi”nin çempionluğu kifayət qədər realdı.

 

Düşündürən bir sual var. Son aylar “Neftçi” ətrafında yaşananlar, danışılanlar nəticəyə təsir edə bilərmi? Əslində, son illərlə müqayisədə “Neftçi” çox dəyişib, yenidən statusuna uyğun çempionluq uğrunda mübarizə aparan komandaya çevrilib. Bir tərəfdən idman direktoru Ceyhun Sultanovun komanda quruculuğundakı təcrübəsi, digər tərəfdən isə martketinq və media istiqamətində Rüstəm Allahverdiyevin tutduğu xətt gələcəyə ümid verir. Amma nədənsə Kamran Quliyevin ətrafında söz-söhbətlər səngimir. Kuluarlarda onun “Neftçi”dən çıxaralıcağına dair söhbətlər gəzir. Sual yaranır ki, niyə? Axı, adam bir neçə il əvvəl qapazaltı halına gələn komandanı liderliyə qədər qaldırıb və “Neftçi” mövsümü ən pis halda 2-ci pillədə bitirəcək. Buna görə Kamran bəyi işdən çıxartmaq yox, əlini sıxıb təşəkkür eləmək lazımdı. Ortada bilmədiyimiz durum varsa, bu, başqa məsələ. Amma nə olursa-olsun, aydındır ki, Kamran Quliyev və onun ətrafı belə bir tarixi şansı əldən buraxmamağa çalışacaq və sona qədər çempionluq mübarizəsini davam etdirəcək.

 

Mehman Əşrəfov

    

Tarix: 15 Fevral [13:41]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Avqust 2019
21  Avqust 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio