U-15 Liqası: "Qəbələ" vahid lider oldu

Martın 16-17-də U-15 Liqasında 20-ci turun oyunları keçirildi. Oyun həftəsiən çox «Qəbələ»nin vahid lider olması ilə yadda qaldı. Bir neçə tur «Qəbələ» ilə bərabər addımlayan «Sabah» «Qarabağ»la oyunda heç-heçə etməklə çempionluq yarışında ağır zərbə aldı. 

 

Tur haqqında bir qədər gec məlumat verməyimizin səbəbi bəzi oyunların protokollarını əldə etməkdə üzləşdiyimiz çətinliklərlə bağlıdır. Məhz bəzi oyunların hakimləri Hakimlər Komitəsinin naməlum qərarını əsas gətirərək, klub nümayəndələrinə və jurnalistlərə protokolun surətini götürməyə imkan vermirlər. Turun mərkəzi oyunu sayılan «Sabah» - «Qarabağ» matçı da bu qəbildəndir. Yaxşı ki, komandaların nümayəndələri bizdən oyun haqqında məlumatları əsirgəmirlər…

 

«Sabah» - «Qarabağ» 1:1
Qollar:
Firəddin Abdullayev, 46 – Cəfər Həsənov, 50

 

Çempionatın əvvəlində qızıl medalları hədəfləyən və yaxşı heyətə malik olan «Qarabağ» hazırda ilk üçlükdən xeyli kənarda qalıb. Buna baxmayaraq, komanda «Sabah»la oyunda bir daha sübut etdi ki, ilk üçlüyə düşməyə layiqdir.

 

Qarşılıqlı hücumlar şəraitində keçən oyunun birinci hissəsində hər iki tərəfin səylərinə baxmayaraq, hesab açılmadı. Fasilədən sonra isə tərəflər hərəyə 1 dəfə fərqləndilər. Əvvəlcə meydan sahibləri sevindilər. Elxan Zeynalabdinzadənin cinah ötürməsindən sonra Firəddin Abdullayev topu qapıdan keçirdi. Bundan 3-4 dəqiqə sonra sevinmək növbəsi «Qarabağ»a çatdı. Oxşar epizodda Süleyman Süleymanovdan ötürmə alan Cəfər Həsənov bərabərlik qolunu vurdu.

 

Matçın sonlarına doğru «Qarabağ» qələbə topunu vurmaq üçün gözəl imkan qazandı. Lakin cərimə meydançası daxilində Nəriman Axundzadəyə qarşı kobudluğa görə «Sabah»ın qapısına təyin olunmuş penaltini Zeynal Axundzadə boşa verdi. Zeynalın zərbəsini «Sabah»ın qapıçısı Ayxan Qələndərli dəf etməklə komandasını məğlubiyyətdən xilas etdi. 

 

«Sabah»ın baş məşqçisi Namiq Allahverdiyev «Qarabağ»dan Nəriman Axundzadə və Zeynal Axundzadəni, «Qarabağ»ın baş məşqçisi Xəyal Həsənov isə «Sabah»dan qapıçı Ayxan Qələndərlini rəqibin ən yaxşı futbolçusu seçdi.

 

«Neftçi» İK İB – «Qəbələ» 0:3
Qollar
: Emil Süleymanov, 32 (pen.); İxtiyar Məmiyev, 37; Sərxan Mirzəzadə, 63

 

Lökbatanda qazanılan 3 xal «Qəbələ»ni vahid lider etdi. Çempion olmaq üçün Ülfət Mədətovun yetirmələrinin qalan 6 turda büdrəməyə haqları çatmır. Maraq üçün qeyd edək ki, «Qəbələ»nin qalan 6 oyununun 5-də rəqibləri  turnir cədvəlinin üst pillələrində qərarlaşan komandalardı – «Neftçi», «Səbail», «Sabah», «Keşlə» və «Qarabağ».

 

Gəncə TİM - «Keşlə» 1:0
Qol:
Hüseyn Hüseynov, 44

 

«Qarabağ» kimi çempionatın əvvəlində medalları hədəfləyən «Keşlə» də məqsədinə çata bilməyəcək. Ardıcıl 4 oyunda məğlub olan «Keşlə»ni indi 3-cü yerdəki «Neftçi»dən 16 xal ayırır. Yaxşı heyətə malik olmasına baxmayaraq, «Keşlə»nin qarşıdakı 6 turda bu fərqi aradan qaldırması mümkün deyil. 

 

Gəncə TİM-nin bərbad meydanında keçirilən oyunda üstün tərəf qonaqlar idilər. Onlar çoxsaylı hücumları zamanı rəqib qapısı önündə bir neçə epizodda qola çox yaxın oldular. Amma futbolçuların diqqətsizliyi və meydanın bərbad olması son nöqtəni qoymağa imkan vermədi. Gəncəlilər isə əllərinə düşən azsaylı qol epizodlarından birində fərqləndilər. 44-cü dəqiqədə Sərxan Ağayevin künc nöqtəsindən qapı önünə göndərdiyi topu Hüseyn Hüseynov başla qapıdan keçirdi. Düzü, bu qol bir qədər mübahisəli alındı. Qonaqlar Hüseynin qapıçı Sahib Həsənova qarşı kobud oynadığını iddia etdilər. Amma hakim artıq, qərarını vermişdi. 

 

Qarşılaşmada yadda qalan daha bir məqam Cavid Yadullayevin matç başa çatdıqdan sonra ikinci sarı alması oldu. Bu isə avtomatik qırmızı kart demək idi. Cavid növbəti turun oyununu buraxmalı olacaq. Gəncə TİM-nin baş məşqçisi İntiqam Səmədov rəqibin ən yaxşı futbolçusu sorğumuzda «Keşlə»nin heyətində Cavid Yadullayevlə Kamran Məlikovun adını çəkdi. Qonaqların məşqçisi Nurəddin Məmmədov isə gəncəlilərdən qapıçı Fərid Əhmədovun daha çox seçildiyni söylədi.

 

«Xilə» - İsgəndər Cavadov BFA 2:0
Qollar
: Elnur Adıgözəlov, 19; Qalib Orucov, 44 (avtoqol)

 

Autsayderlə görüşdə aşkar üstünlüyə malik olan «Xilə» 3 xalı 2 qolla qazandı. Hesab 19-cu dəqiqədə açıldı. Pərvinin ötürməsindən sonra Elnur Adıgözəlov bir toxunuşla topu qapının uzaq küncünə göndərdi. Bundan sonrada da bir neçə epizodda qol vurmağa yaxın olan meydan sahibləri daha fərqlənə bilmədilər. Bəs, ikinci qol? Qonaqlar öz qapılarından keçirdilər. Fasilədən sonra hücumların birində Elnurun qapı önünə etdiyi sərt ötürməni Qalib Orucov kənarlaşdırmaq istəyərkən avtoqol müəllifi oldu. 

 

Hesab daha böyük olar bilərdi. Əgər İsgəndər Cavadov BFA-nın qapıçısı Əli Allahverdiyev sayıq olmasaydı. Bir neçə epizodda vacib qurtarışlar edən Əli eyni zamanda komandasını faktiki biabırçılıqdan qurtardı. Elə «Xilə»nin baş məşqçisi Zaur Seyidov da qonaqların heyətində ən yaxşı futbolçu kimi Əlinin adını çəkdi. Qonaqların baş məşqçisi Novruz Əzimov isə «Xilə»dən Elnur Adıgözəlovun gözəl oynadığını bildirdi.

 

«Neftçi» - «Mil-Muğan» 13:0
Qollar
: Oruc Məmmədov, 12, 18, 24, 34, 36, 64, 70; Ağadadaş Salyanski, 32; Sərxan Məmmədov, 41, 59, 67; İlqar Bağırlı, 52; Elcan Əbilov, 69

 

Bu oyun haqqında nə yazaq? Bir komanda oynadı, digəri isə… Matçı hesabdan başqa maraqlı edən Oruc Məmmədovun 7 qol vurması oldu. Bununla da Oruc qollarının sayını 40-a çatdıraraq bombardirlər yarışında ən yaxın izləyicisi – «Sabah»lı Şahmar Aşurovu 11 top geridə qoydu.

 

«Zaqatala» - «Zirə» 3:3
Qollar
: Ayaz Mikayılov, 11; Məhəmməd Əliyev, 57; Aqil Nəzərli, 66 – Cavid Cavadzadə, 22; Nicat Dəmirov, 34; Tunar Mehdiyev, 70+2

 

Nəhyaət, turun ən maraqlı görüşü barədə. Bu oyunda futbol adına hər şey var idi – gərgin mübarizə, baxımlı futbol, dramatiklik və ən əsası futbolun bəzəyi olan çox sayda qol. Bu üzdən sözügedən oyun haqqında qısa məlumatla kifayətlənmək sadəcə, insafsızlıq olardı.

 

Turnir cədvəlinin alt pillələrində qərarlaşmasına baxmayaraq, «Zaqatala» güclü rəqibi qarşısında zərrə qədər də zəif görünmədi. Əksinə, qələbəyə yaxın tərəf oyuna itkilərlə çıxan zaqatalalılar idi. Əgər son saniyələrdə buraxılan qol olmasaydı.

 

Hesabı açan tərəf meydan sahibləri oldular. 11-ci dəqiqədə Məhəmməd Cəfərovun ara ötürməsindən sonra qapıçı Kamran İsmayılovla üz-üzə qalan Ayaz Mikayılov onu da geridə qoyaraq topu boş qapıdan keçirdi. Amma fasiləyə kimi toparlanan qonaqlar Cavad Cavadzadə və Nicat Dəmirovun qolları ilə hesabda önə keçməyi bacardılar. Hər iki qolda Mahmud Ağayevin böyük əməyi olduğunu da qeyd etmək lazımdı.
Gözləmək olardı ki, buraxılan 2 qol «Zaqatala»lı futbolçuları rudhan salacaq. Lakin baş məşqçi İslam Şabanov futbolçularını kökləyə bildi və ikinci hissədə hər şey onların istədiyi kimi alınmağa başladı.

 

Fasilədən sonra 57-ci dəqiqədə «Zaqatala» bərabərlik qolunu vurdu. Məhəmməd Cəfərov bu dəfə adaşı Məhəmməd Əliyevin fərqlənməsinə şərait yaratdı. Matçın başa çatmasına 4 dəqiqə qalmış isə bölgə təmsilçisi hesabda irəli çıxdı. Ayaz Mikayılovun ötürməsindən sonra Aqil Nəzərli tək toxunuşla topu qapıdan keçirdi. Gəl ki, komanda qələbə hesabını sona kimi saxlaya bilmədi. Buraxılan qoldan sonra meydana daxil olmuş Tunar Mehdiyev hakimin hissənin əsas vaxtına artırılmış 3-cü dəqiqənin 2-cisində baş məşqçi Niyazi Rzayevin ümidlərini doğruldaraq «Zirə»ni məğlubiyyətdən xilas etdi. 

 

«Zaqatala»nın baş məşqçisi İslam Şabanov «Zirə»dən Mahmud Ağayevin oyununu daha çox bəyəndiyini söylədi. İslam müəllimin zirəli həmkarı Niyazi Rzayev isə rəqib komandadan 3 futbolçunun adını çəkdi – Zübair Əliyev, Məhəmməd Əliyev və Tamerlan Məmmədov.

 

«Səbail» - «Sumqayıt» 0:2

 

Təəssüf ki, nə bu matçın protokolunu, nə də oyunun gedişi haqqında məlumat əldə edə bildik. Bu üzdən ancaq hesabı göstərməklə kifayətlənməyə məcburuq.

 

U-15 Liqasında 21-ci turun oyunları martın 23-də keçirilməli idi. Lakin Novruz Bayramı ilə əlaqədar tur aprelin 2-3-ə təyin olunub. Buna kimi isə martın 30-da 22-ci turun oyunlarının keçirilməsi nəzərdə tutulub: «Keşlə» - «Sumqayıt», «Sabah» - «Mil-Muğan», «Səbail» - «Zirə», «Neftçi» - «Qəbələ», «Zaqatala» - İsgəndər Cavadov BFA, «Neftçi» İK İB – «Xilə», Gəncə TİM – «Qarabağ».

 

Bombardirlər: Oruc Məmmədov («Neftçi») – 40 qol, Şahmar Aşurov («Sabah») – 29 qol.

 

«Het-trik news» qəzeti

 

 

Tarix: 20 Mart [10:58]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Avqust 2019
22  Avqust 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio