Mahir Azərbaycan futbolunun ən təzadlı üzüdür. Onun qədər təriflənən və bir o qədər də tənqid eşidən ikinci beləsi dəqiq ki, yoxdur. Hələ "Qarabağ"da oynayanda ona görə Qurban Qurbanov o qədər qınanırdı ki... Amma o biri tərəfdən baxanda, adam "Qarabağ"da ən yaxşılardan biri kimi adını yazdıra bilib klub tarixinin səhifələrinə.
Tək "Qarabağ"da yox, getdiyi hər yerdə ikili təəssürat yaradıb Emreli. Elə götürək son "Nürnberq" dönəmini. 25 oyunda meydana çıxıb, 11 qol vurub II Bundesliqada. Statistik göstərici kimi yaxşı görünür. Amma rəhbərliklə problemlər üzündən bir müddət kənarda qaldı, bəzi oyunlarda adı heç iştirak ərizəsinə salınmadı. Buna rəğmən, mövsümün sonluğunu gözəl gətirdi. Ard-arda qollar vurdu, diqqətləri üzərinə çəkə bildi yenidən.
Açığı, onun daha iddialı kluba keçəcəyini gözləyirdik. Mahir klubunu dəyişdi, amma liqanın səviyyəsi olduğu kimi qaldı - II Bundesliqada "Kayzerslautern". Hər halda bu liqaya artıq daha yaxşı bələddi Emreli.
Bəlkə də bu onun üçün daha yüksək mərtəbəyə qalxmaq baxımından son şansdır. Yaşı 28-i haqlayıb. Avropa meyarlarına görə çox sayılır. "Kayzerslautern"də bu mövsüm 20 qol civarında göstəriciyə çata bilsə, bəlkə gələn sezona I Bundesliqa və ya başqa hansısa aparıcı liqa klubundan təklif ala bilər. 30 yaşdan sonra buna ümid etmək real deyil!
Həmid
saytlarin hazirlanmasi