Kamal Quliyevdən sərt sözlər: "Neftçi" rəhbərliyi istefa verməlidir" - MÜSAHİBƏ

19:05 - 22 Avqust 2019

"Neftçi"də məşqçi, baş seleksiyaçı kimi çalışmış Azərbaycan millisinin sabiq futbolçusu Kamal Quliyev Sportal.az-a müsahibə verib.
 
- "Neftçi"nin Avropa Liqasındakı çıxışı necə qiymətləndirirsiniz?
- “Bney Yehuda” “Hapoel” (Təl-Əviv) deyildi. Bu komandanı rahat keçmək olardı. Təəssüflər olsun ki, bu mərhələni keçə bilmədik. Pley-offa yüksəlməməyin bir çox səbəbi var. Oyun intizamı yox dərəcəsində idi. Üç müdafiəçinin arasından rəqib futbolçu irəli gedib, qol vurur. Bu, nə deməkdir? Biz legioner məşqçi və futbolçuları nə səbəbə ölkəyə gətirik? O səbəbdən bura gətiririk ki, bizə Avropa Kuboklarında kömək etsin. Əgər legioner futbolçular və məşqçi ilə “Bney Yehuda”nı keçə bilmiriksə, məncə, onları saxlamağa ehtiyac yoxdur. Uduzuruqsa, elə öz yerli uşaqlarımızla məğlub olaq. Bəlkə də, öz futbolçularımız daha qeyrətli çıxıb, ada-sana, “Neftçi”nin tarixinə hörmət qoyub, var-qüvvələri ilə oynaya bilərdi.
 
- “Neftçi”nin prezidenti Kamran Quliyev açıqlamasında bildirmişdi ki, minimum vəzifələri Moldovanın “Sperantsa” klubunu keçmək olub.
- Bu gün “Neftçi” olaraq Moldova klubu ilə bəhsə giririksə və yaxud onları keçməyi yetərli sayırıqsa, o zaman həmin klubun büdcəsi qədər büdcəmiz olsun. Niyə o zaman artıq pul xərclənir bu komandaya? Niyə bahalı transferlər edilir? Əgər məqsəd belə idisə, “Sperantsa”nı yerli oyunçularla da keçmək olardı. Bu gün futbol böyük biznesdir. Bizdə “Qarabağ”dan başqa digər klublarımız futboldan hələ böyük pullar götürə bilmir. Həmin xərclənən pulları futbolçu yetişdirməyə ayırmaq lazım idi. Həmin pul da qalardı klubun büdcəsində. Yerli oyunçularla da “Sperantsa”nı keçib, qayıdıb gələrdik evimizə. Bu, anormal açıqlamadır. “Neftçi” Azərbaycan futbolunun tarixidir. “Neftçi” özünü “Sperantsa” ilə müqayisə etməməlidir. Bu klub ildən-ilə tarix yazmalıdır. Bu mövsüm Avropa Liqasının qrup mərhələsi hədəf qoyulmuşdusa, gələn mövsüm Çempionlar Liqasının qrup mərhələsi hədəf olmalı idi. İl keçdikcə hədəflər böyüməli idi bu komandada.
 
- Premyer Liqanın ilk turunda “Sabah”la qarşılaşmada azarkeşlər rəhbərliyi və baş məşqçini istefaya səslədi. Fasilədən sonra isə həmin azarkeşlər stadiondan çıxarıldı.
- Buna çox pis oldum. Azarkeşlərin stadiondan qovulması məni üzdü. Bu, klubun səviyyəsini göstərir. Görün, “Neftçi” hansı səviyyədədir, kimlərin əllərindədir. Çox demirəm, yaxın keçmişdə Sadıq Sadıqovun dönəmindəki “Neftçi”yə baxsaq, azarkeşlərlə rəftarın fərqli olduğunu görərik. Rəhbərlik azarkeşlərlə sıx təmasda idi. Prezident, vitse-prezident azarkeşlərlə söhbət edib, problemləri müzakirə edirdi. Azarkeş “Neftçi” üçündür. Onlar kimdir? Onlar havanın istisində, soyuğunda komandanın yanında olanlardır. Balasının boğazından kəsib, biletə pul verib oyuna gəlirsə, ona hörmətlə yanaşmaq lazımdır, stadiondan küsdürmək, qovmaq yox. Onsuz da azarkeşləri stadionlara yığa bilmirik. Bu hallarla daha da pis vəziyyətə çıxarmaq lazım deyil. Onlar da əziyyət çəkir. Meydanda futbolçular 90 dəqiqə döyüşürsə, tribunadakı fanatlar iki dəfə çox savaşır. Onlar da uğur, qələbə istəyir. Yağışda, boranda, küləkdə, istidə komandaya dəstək verirlər. Bəziləri isə isti otaqda kef məclisi açıb, qələbəni qeyd edir. Ancaq fanatlar bir qarnı ac, bir qarnı tox stadiona gəlir. Kolbasa-çörəklə qələbəyə sevinən adamları futboldan küsdürmək lazım deyil. Onları qorumaq lazımdır. Bu hərəkət heç bir dəftərə qeyd ediləsi deyil. Çox pis addımdır! Bunu sərt şəkildə qınayıram! Bunu hara qeyd edəsən? Anormal haldır. O azarkeşlərdən “Neftçi” ailəsinin bir üzvü kimi üzr istəyirəm. Ona görə ki, onlara qarşı belə hərəkət edilib.
 
- “Neftçi”də nə dəyişməlidir?
- “Neftçi”də rəhbərlik dəyişməlidir. Niyə bu gün “Neftçi”də Kamal Quliyev işləmir? Niyə də işləməməlidir? Bəlkə bu komandada uğur qazanmamışam? Bəlkə illərimi sərf etməmişəm bu kluba? Niyə işləməməlidir? Çünki Kamal Quliyevin orda olması digər rəhbər şəxslərə sərf etmirdi. Kamal Quliyevi hansı bəhanələrlə klubdan göndərməyi bu rəhbərlik yaxşı bilir. Seleksiya qrupunun rəhbəri kimi çalışırdım. Bilmirdilər ki, məni necə uzaqlaşdırsınlar. Deyirdilər ki, seleksiya qrupunu ləğv edirik. Sən necə rəhbərsən ki, seleksiya qrupunu ləğv edirsən? Camaatın klubunun 50 ölkədə seleksiya qrupu var. Bilirsən ki, Kamal Quliyev uşaq futbolunda çalışmayıb. Bir il söz demədiyim adam qalmadı ki, heç olmasa, mənə komanda verin, işləyim. U-19 və ya əvəzedicilərdə işləmək istədim, əgər işimin öhdəsindən gəlməsəydim, başqaları kimi vəzifədən iki əlli yapışıb qalmayacaqdım. Özüm çıxıb gedəcəkdim, abrım var, başqaları kimi deyiləm. “Neftçi”də rəhbərlik dəyişməlidir, legionerlər getməlidir. Klub yenidən formalaşmalıdır.
 
- Yəni, rəhbərlik istefa veməlidir?
- Bəli! Bu, “Neftçi” üçün uğursuz nəticədir. Bu yükü üzərinə götürüb, bacarmadınsa, getməlisən. Digəri gəlib, bunu etməyə çalışmalıdır. Sənə şans verildi və istifadə edə bilmədinsə, getməlisən, yaxşı yol.
 
- “Neftçi”nin bu mövsüm Premyer Liqada çempion olacağını gözləyirsiniz?
- Xeyr, mən də istəyərəm ki, “Neftçi” olsun çempion. Ancaq reallıqla danışaq, bu gün “Qarabağ” “Neftçi”dən iki dəfə güclüdür. “Qarabağ”ın legionerləri “Neftçi”nin əcnəbi oyunçularından ikibaş üstündür.
 
- “Neftçi”nin hücumçusu Baqali Dabo onu tənqid edən azarkeşləri təhqir edib. Klub rəhbəri olsaydınız onu qovardınız?
- Baxın da... Görün, belə şeyləri “Qarabağ”ın hansısa legioneri və ya işçisi edər? Çünki orda Qurban Qurbanov və Rəşad Sadıqov var. Mən özüm üç il legioner həyatı yaşamışam. Kənar yerdəsənsə, klubuna böyük hörmət etməlisən. Azarkeş, rəhbər, komanda yoldaşın və süpürgəçiyə də hörmətlə yanaşmalısan. Prezident olsaydım, dərhal Dabonu klubdan qovardım. İstəyir, lap komandada bir nömrəli oyunçu olsun, dərhal göndərərdim. Yəqin, klub rəhbərliyinə də bu sərf edir. Çünki azarkeşlər “Neftçi” rəhbərliyini istefaya səsləyib. Yəqin ki, Dabo rəhbərliyin deyə bilmədiyi sözləri azarkeşlərə yazıb.

Xəbər xətti