Tərlan Əhmədov: "Özüm də bu cür aqibəti yaşamışam"

22:05 - 31 Avqust 2019

"Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın III turunda səfərdə "Qəbələ"ni 4:0 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransı keçirib.

 

Söprtal.az xəbər verir ki, 47 yaşlı çalışdırıcı əvvəlcə qələbəni şərh edib.

 

- Açığı, hesabın belə olacağını təxmin etməmişdim. Ancaq bura qələbə üçün gəlmişdik. Yaxşı oynayıb, qalib gəlmək arzusu var idi. Amma ilk 25 dəqiqədə komanda öz oyununu tapa bilmirdi. Bu da normaldır. "Qəbələ" ilk 2 turda uduzmuşdu. Bilirdik ki, itirəcəkləri bir şey yoxdur, qələbə qazanmağa çalışacaqlar. Biz də oyunumuzu elə qurmuşduq ki, rəqibi hücuma çıxmağa məcbur edək və ön müdafiədə boşluqlar tapıb, qol vuraq. Bunun da öhdəsindən gəldik. Gözəl oyuna, əzmkarlığa, qollu qələbəyə görə futbolçularıma təşəkkür edirəm. Hər halda baxımlı oyun alındı. Ötən dəfə də dediyim kimi, bu, hələ başlanğıcdır. Uzun marafonda bizi çox oyunlar gözləyir. Eyforiyaya qapılmamalıyıq. Arada fasilə var, bundan da maksimumyararlanmalıyıq. O vaxta kimi zədəlilərimiz də qayıdacaq. Qarşıdakı matçlara daha yaxşı hazırlaşmaq imkanımız var.

 

- Demək olar ki, bugünki oyun məşq ab-havasında keçdi?

- Oyun oyundur. Kənardan məşq kimi görünə bilər. Biz elə görmürük. Çünki futbolçularımız meydanda əziyyət çəkirlər. Bunun adı oyundur. Məşq deməzdim. Hesab böyük olsa da, matç ağır keçdi. Düzdür, hesab daha da böyük ola bilərdi. Amma gəlin, rəqibi kiçiltməyək. Mən özüm bu cür aqibəti yaşamışam. O vaxt AZAL-da işləyəndə 5 oyunda məğlub olmuşdum. Amma həmin vaxt rəhbərlik mənəsahib çıxmışdı. Həmin ərəfədə də büdcəsi azalan klub AZAL idi. 5 turda 1 qol belə vurmamışdıq. Hər halda "Qəbələ" rəhbərliyi Sənana sahib çıxmalıdır. "Qəbələ"düşdüyü vəziyyətdən klub olaraq çıxmalıdır. Hər bir problemin həll yolu var. Tək əldən səs çıxmaz. Rəqibə uğurlar arzu edirəm. İnanıram ki toparlanacaqlar.

 

- Ötən tur "Sabah"la oyunda da komandanız gec ayıldı. Bu, nədən qaynaqlanır?

- Bilirsiz, biz artıq 3 turdur ki, səfərdə oynayırıq. Evdə oynamırıq. Bəlkə də hələ çox oyunumuzu "Dalğa Arena"da keçirəcəyik. İstər-istəməz komanda oyuna ehtiyatla başlayır. Bu, meydanda oln futbolçuların qərarıdır. Təbii qarşılaşmaq olar. Hər bir komanda evdə oynayanda erkən qol vurmağa çalışır. Belə alınır və biz uğur qazanırıqsa, bunu normal qarşılayıram. Bizim üçün əlverişli metoddursa, niyə də imtina edək? Uğur belə şeylərdən başlayır.

Xəbər xətti