Rəşad Eyubov: "Riçard Almeyda ilə problemimiz yoxdur" - MÜSAHİBƏ

Azərbaycan milli komandasının və “Sabah”ın futbolçusu Rəşad Eyubov müsahibə verib.

 

Sportal.az 26 yaşlı yarımmüdafiəçinin müsahibəsini təqdim edir:

 

- “Sabah” ilk dövrəni sonuncu pillədə başa vurdu. Yəqin ki, özünüz də belə uğursuzluq gözləmirdiniz?
- Bəli, təəssüf ki, istədiyimiz yerdə deyilik. Amma bizim məqsədimiz var. Əminik ki, ikinci dövrəni daha yaxşı keçirəcəyik.

 

- Son turda “Qarabağ”la oyunda daha çox diqqətçəkən məqam Riçard Almeyda ilə mübahisə etməyin idi. Nə baş vermişdi orada?
- Futbol emosiyaların yüksək olduğu və bəzən də həddini aşdığı oyundur. Ancaq meydanda nə baş verirsə, meydanda da qalır. Riçard Almeyda ilə problemimiz yoxdur.

 

- Hətta Rəşad Sadıqovla da aranızda söz atışması oldu...
- Xeyr, aramızda mübahisə olmadı. Sadəcə, oyun epizodu idi, vəssalam.

 

- Oyundan sonra isə Şahruddin Məhəmmədəliyev və Araz Abdullayevlə söhbətiniz oldu. Nə danışdınız?
- Oyundan sonra uşaqlarla həmin epizodu müzakirə edirdik. Bir-birimizi başa düşdük.

 

- Riçard Almeyda ilə indi birlikdə millinin düşərgəsindəsiniz. Həmin oyundakı epizod barədə söhbətləşdiniz?
- Bizim Riçardla normal münasibətimiz var. Düzü, millinin düşərgəsində heç həmin məsələni yada salmadıq.

 

- Yuri Vernidub, Ümit Özat, Gia Tsetsadze, Suat Kayanın adı “Sabah”la hallanır. Bu mövzu komandaya necə təsir edir?
- Yeni baş məşqçi ilə bağlı məsələyə gəlincə, klubun rəhbərliyi hər şeyi daha yaxşı bilir. İnanıram ki, rəhbərlik baş məşqçi məsələsində düzgün seçim edəcək. Bizim işimiz yaxşı məşq edib, hazır olmaqdır.

 

- Bu gün millimiz Bəhreynlə oynayacaq. Həmin oyun yığmamıza nə verə bilər? Bəhreyn oyun üslubuna görə Macarıstana bənzəyir?
- Bəhreyn tipik ərəb komandası deyil. Onlar müdafiədə yaxşı bağlanır, daha çox əks-hücumda oynayırlar. Məhz buna görə bu cür komanda ilə oynamağı məntiqli hesab edirəm.

 

- Bəhreyndən Macarıstana uçacaqsınız. Yorğunluq olacağını düşünmürsənki?
- Bu oyundan sonra bərpa olunmaq üçün yetərincə vaxtımız olacaq.

 

- Macarıstanla oyunda necə, millimiz xal qazana bilər?
- Bundan əvvəl qrupda Uels və Xorvatiyaya qarşı yaxşı oyunlar keçirmişdik. Yaxşı futbol oynamaq istəyən komanda olduğumuzu göstərmək istəyirik.

 

- Maksim Medvedev, Dmitri Nazarov, Anton Krivotsyuk, Mahir Emreli, Səlahət Ağayevin olmaması yığmamızın oyununa necə təsir edəcək?
- Təəssüf ki, müxtəlif səbəblərdən həmin oyunçular bizimlə deyil. Bütün son oyunlarda onların hamısı yığmada iştirak etmişdi. Amma əminəm ki, onları əvəz edəcək futbolçular da komandaya xeyir vermək üçün bütün güclərini meydanda qoyacaq.

 

- Maraqlı məqam odur ki, Macarıstan yığması Azərbaycanla qarşılaşmalarda minimum üç qol vurmağı bacarıb. Bu statistika sizi narahat edir? Səncə, revanş almaq olar?
- Statistika hər zaman dəyişən məsələdir. Biz ən yaxşı futbolumuzu göstərməyə çalışacağıq. (sportinfo.az)

Tarix: 9 Oktyabr [13:20]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Noyabr 2019
19  Noyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio