Adil Şükürov: “APOEL standart vəziyyətlərdə çox təhlükəlidir”

14:29 - 5 Noyabr 2019

“Zirə”nin sabiq çalışdırıcısı Adil Şükürov Sportal.az saytına açıqlamasında “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda APOEL-lə Kiprdə keçirəcəyi oyunla bağlı fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, 41 yaşlı mütəxəssis bərabər səviyyəli komandaların qarşılaşacağını bildirib:

 

“Bərabər səviyyəli komandaların mübarizəsində qalib kim olacaq? Rəqibi taktiki cəhətdən üstələyən və az səhvlərə yol verən komanda qələbə qazanacaq. Hər iki kollektiv bir-birini yaxşı tanıyır. Qısa müddətdə üç dəfə qarşılaşdılar. Qüvvələr nisbəti bərabərdir. Komandaların səviyyəsi və futbolçuların keyfiyyəti demək olar, eynidir. APOEL-in yeganə üstünlüyü evdə oynamasıdır. Kiprlilərin daha bir müsbət məqamı var. “Qarabağ”a bu oyunda qollu heç-heçə sərf edir. Çünki komanda növbəti turda “Düdelanj”a qalib gəlsə, böyük ölçüdə 2-ci pillənin sahibi kimi 1/16 finala adlayacaq. Ancaq APOEL – “Qarabağ” oyununda heç-heçə hesabı sona kimi getsə, bunu qorumaq təhlükəsi ola bilər. APOEL standart vəziyyətlərdə çox təhlükəlidir. Bu amil “Qarabağ”ın əlehinə işləyə bilər. “Qarabağ”da zədəli olan Mahir Emreli və Filip Ozobiçi əvəzləyəcək futbolçular var. Ona görə də heyətlə bağlı hansısa problem görünmür. Rəşad Sadıqov ötən matçdakı səhvə baxmayaraq, komandanın lideridir. Belə səhvlərə görə futbolçunu asıb-kəsmək olmaz. Dahi futbolçular var ki, karyeralarında səhvlər edib, ancaq adları futbol tarixindədir. Fikrimcə, Kiprdə hər şey yaxşı olacaq, ürəyimizcə olan nəticə qazanılacaq”.

 

APOEL – “Qarabağ” oyunu noyabrın 7-si Bakı vaxtı ilə 21:55-də GSP stadionunda baş tutacaq.

 

Xəbər xətti