"Zaqatala"nın futbolçusunun qırmızı vərəqəsi ləğv edildi

17:07 - 11 Mart 2020

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, iclasda I Divizionun XVIII turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

 

“Sumqayıt-2” – “Keşlə-2” oyununda “Keşlə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimələnib. Qarşılaşmanın 77-ci dəqiqəsində “Keşlə”nin futbolçusu Sərcan Omarov kobud oyuna görə qırmızı vərəqə aldığına görə 2 oyun cəzalanıb, klub 160 manat cərimələnib.

 

“Sabah-2” – “Neftçi-2” oyununda “Sabah”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimələnib. “Neftçi”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimələnib. Topdaşıyan və xərəkdaşıyanlar oyuna gec gəldiyinə görə “Sabah” komandası 80 manat cərimələnib.

 

“Qarabağ-2” – “Qaradağ Lökbatan” oyununda tibb otağında tibbi ləvazimatlar və həkim təmin edilmədiyinə görə “Qarabağ” komandası 80 manat cərimələnib.

 

“Zaqatala” – “Səbail-2” oyununda “Zaqatala”nın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimələnib. Tibb otağında tibbi ləvazimatlar və həkim təmin edilmədiyinə görə “Zaqatala” komandası 80 manat cərimələnib.

 

Hakimlər Komitəsinin müraciətinə əsasən İntizam Komitəsi “Zaqatala” – “Səbail-2” oyununun videogörüntüləri izləyib və buna əsasən protokolda “Zaqatala” komandasının 4 nömrəli futbolçusu Kənan Müslümova səhvən verilən qırmızı vərəqə ləğv olunub, “Zaqatala”nın 7 nömrəli oyunçusu Elşad Əliyevə ikinci sarı vərəqənin verilməli olduğu təsdiqlənib.

 

Yuxarıda göstərilənləri nəzərə alaraq “Zaqatala” komandasının 7 nömrəli futbolçusu Elşad Əliyev 1 oyun cəzalanıb, klub 80 manat cərimələnib.

Xəbər xətti