"Oyuna gedəndə böyük məsuliyyət daşıdığımızı başa düşürdük" - Maksim Medvedev

10:49 - 2 Oktyabr 2020

"Həqiqətən çox emosional ağırlıq altında idik. Çünki oyuna gedəndə necə böyük məsuliyyət daşıdığımızı başa düşürdük. Bu isə istər-istəməz bizə psixoloji baxımdan təzyiq idi".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın kapitanı Maksim Medvedev UEFA Avropa Liqasının pley-off mərhələsində Polşada "Legiya"ya 3:0 hesabı ilə qalib gələrək qrup mərhələsinə vəsiqə qazandıqları oyundan sonra Heydər Əliyev Aeroportunda jurnalistlərin suallarını cavablandırarkən deyib.

 

31 yaşlı müdafiəçi matçdan öncə istənilən senariyə hazır olduqlarını bildirib: "Baş məşqçimiz bizə daim cəbhədə olan vəziyyətdən danışırdı, durumu izah edirdi. Çalışırdıq ki, legionerlərimizə də bunu çatdıraq. Başa düşsünlər ki, bu oyun Azərbaycan üçün nə dərəcədə vacibdir. Sevinirəm ki, buna nail olduq, qələbə qazandıq. Həmin qələbəni əsgərlərimizə, Azərbaycan xalqına həsr edirik. Fikirləşirəm ki, növbəti qələbələrimizi də ancaq əsgərlərimizə hədiyyə etməliyik".

 

Təcrübəli oyunçu Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Norveç "Molde"sinə qarşı dünənki oyunu göstərə bilməmələrinin səbəbini açıqlayıb: "Bu komanda ilə oyunun statistikasına baxsaq, doğrudan da rəqibi hərtərəfli üstələmişdik. Sadəcə, qol imkanlarından yararlana bilmədik. Allah böyükdür. Norveçlilərin pley-offda görüşdüyü "Ferentsvaroş"la matçda bizim üçün hansı nəticə ola biləcəyini bilməzdik. Qismət belə imiş ki, "Molde"yə penaltilər seriyasında uduzaq. Azərbaycanın bugünkü hərbi vəziyyətində Polşada Qarabağın adını bir daha Avropaya eşitdirmək bizə qismət oldu".

 

Medvedev cəbhə xəttində baş verənlərin komandaya təsirindən də söz açıb: "Bildiyiniz kimi, komandamızda çoxlu legioner var. Onlar bəlkə də bizim üçün ciddi olan söhbəti bilmirlər. Özüm şəxsən 2 gün yatmadım, hər gün səhər saat 07:00-da SMS-lər gəlirdi, xəbərləri açıb baxırdım. Qara Qarayevlə nə vaxt görüşürdüksə, mövzumuz yalnız cəbhədə olan vəziyyət idi". (Report)

Xəbər xətti