Samir Abasov: "Oyun tam istədiyimiz kimi deyildi"

19:26 - 21 Yanvar 2021

"Neftçi”nin baş məşqçisi Samir Abasov Premyer Liqanın 14-cü turunda "Səbail”ə 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında fikirlərini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, qələbəyə baxmayaraq, mütəxəssis oyundan razı qalmayıb:

 

"Qış fasiləsindən sonra oyunlarımızın çətin keçəcəyini bilirdik. Toplanış ərzində Premyer Liqa səviyyəsində cəmi bir yoxlama matçı keçirmişdik. Bunun da mənfi tərəflərini görürük. Yaxşı tərəfi isə odur ki, qalib gəldik. Qazandığımız 3 xala görə sevinirik, amma oyun tam istədiyimiz kimi deyildi.

 

Ümumi oyun, xüsusilə ilk hissədə rəqibin bizdən daha istəkli olması xoşuma gəlmədi. Uduza da bilərdik. Yaxşı hazırlıq keçmişik, amma bəzi futbolçuların arxayınlaşmasını bəyənmədim. İstədiyimiz bu deyil, matçboyu yaxşı oynamaqdır. Haqlısız, bu gün Sabir Buqrin, Emin Mahmudov kimi futbolçuların şəxsi keyfiyyətləri önə çıxdı, onlara daha çox güc düşdü, amma qələbədə bütün komandanın əziyyəti var. Namiq Ələsgərov və Yusif Lavalın yoxluğu bu gün hiss olunurdu.

 

Meydançanın süni olduğunu və Monrozun tam sağalmadığını nəzərə alıb, onu meydana buraxmadım. Taktikamızdan asılı olmayaraq, hər oyunda çoxlu sayda qol epizodu yaratmağa borcluyuq. Namik, Laval, Monroz meydana dönəndən və axtarışında olduğumuz yeni hücumçu alınandan sonra hücumda seçim etmək imkanımız daha çox olar. Hakimliyə gəlincə, bu haqda danışmaq istəmirəm. Vətən müharibəsi iştirakçısı, baş hakim Kamal Umudlu üçün bu gün hər şey keçərli idi. O cür insanların hesabına biz bu gün rahat danışırıq. Futbolçularla fərdi söhbətimiz olacaq. Ona görə də onlara tapşırmışam ki, oyunun video yazısına baxsınlar”.

Xəbər xətti